Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-917/2025 04.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə turulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 25 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə 25 sentyabr 2025-ci il tarixdə saat 10.35də plan üzrə (növbəti) yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X5 nümayəndəsi Nümayəndə protokolda qeyd edilən xüsusatlar üzrə izahat verərək, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs 14 oktyabr 2025-ci il tarixli etirazından görünür ki, protokolda və yoxlama aktının qeyd hissəsində Şəxs tərəfindən "Majezik" adlı dərman vasitəsinin reseptsiz olaraq satıldığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi aşkar edilmişdir. Şəxs tərəfindən sözügedən inzibati xəta törədilməmişdir və bu iş üzrə materiallarla sübut olunmur. Belə ki, sözügedən protokolun tərtib edilməsinə reseptsiz dərman vasitəsinin satılmasi faktı səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, inzibati məsuliyyət o halda yaranır ki, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələri reseptsiz buraxılsın. Buraxılma halı isə dərman vasitəsinin satılması faktı ilə öz təsdiqini tapa bilər. Lakin nə inzibati xəta haqqında protokol tərtib edilən zaman, nə birinci instansiya məhkəməsindəki icraat zamanı səlahiyyətli orqan tərəfindən dərman vasitəsinin reseptsiz satılması halını təsdiq edən heç bir sübut təqdim edilə bilməmişdir. Dərman vasitəsinin reseptsiz satılması faktı yalnız o dərman vasitəsi satıldığı halda baş verə bilərdi. Bu halı təsdiq edən sübut isə nəzarət kassa aparatının satış çekidir. İş materiallarına nəzər yetirdikdə həmin hali təsdiq edən heç bir sübutun inzibati orqan tərəfindən məhkəməyə təqdim edilə bilmədiyini görmək mümkündür. İş materiallarına yalnız aptekin kompüterində öz əksini tapmış dərman vasitəsinin fotosu əlavə edilmişdir. Həmin fotonun hansi texniki vasitə tərəfindən və hansı tarixdə qeydə alınması da iş üzrə materiallardan aydın olmur və reseptlə buraxılmalı olan dərman vasitəsinin resept təqdim edilməməklə buraxılması və satılması faktını sübut edə bilməz. Həmçinin, həmin sübutun qanunsuz olduğunu da qeyd etmək lazımdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-2.2.3-cü bəndinə əsasən, yoxlayıcıya sahibkarın razılığı olmadan onun resurslarından, o cümlədən kompüterlərindən istifadə etmək imperativ şəkildə qadağan edilmişdir. Yoxlama orqanı qanunun birbaşa qadağasını pozaraq, sahibkarın razılığı olmadan onun kompüter resurslarına daxil olmuş və oradan məlumatlar əldə etmişdir. İXM-nin 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunsuz yolla əldə edilmiş sübut mötəbər hesab edilə bilməz və şəxsin təqsirliliyinin əsaslandırılması üçün istifadə oluna bilməz. Təqdim edilmiş 1C çıxarışları qanunsuz yolla əldə edildiyindən, onlar sübutlar siyahısından xaric edilməlidir. Bu isə öz növbəsində inzibati xəta haqqında protokolu tamamilə sübutsuz qoyur və tək bu əsasla belə iş üzrə icraata xitam verilməlidir. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinin tələblərinin pozulması halı aşkar olunmur. Eyni zamanda, sözügedən halın bundan əlavə hər hansı başqa sübutlarla da təsdiq olunmaması Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibinin olmadığı təsdiq olunur. “İnzibati xəta haqqında” 25 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə 25 sentyabr 2025-ci il tarixdə saat 10.35-də plan üzrə (növbəti) yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 25 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X3 Publik Hüquqi Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə 25 sentyabr 2025-ci il tarixdə saat 10.35-də plan üzrə (növbəti) yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktı aşkarlanmışdır. KY252339963 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 12 avqust 2025-ci il tarixli Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə aparılacaq plan üzrə (növbəti) yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 3-28-1/3-2-895/2025 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən «ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekin fəaliyyətinin yoxlanılması məqsədilə, 22 sentyabr 2025-ci il-26 sentyabr 2025-ci il tarixlərində X1 əməkdaşları tərəfindən həmin müəssisədə plandanlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadiqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsindəqanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallari müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər cəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə,ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdəbaxilmasina əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən (əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən resept əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamişşəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxilması qadağandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli Əlavəsinin Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının: 1.8-ci bəndinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşi tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxilmasi qadağandır. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün irəli sürülmüş əsaslar öz təsdiqini tapmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, inzibati məsuliyyət yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs üçün yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasına görə isə, barəsində icraat aparılan şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə, o,təqsirsiz hesab edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində qərar qəbul edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırkı iş üzrə ittihamın əsasını təşkil edən yeganə sübut, yoxlama zamanı Şəxsnə məxsus aptekdəki 1C mühasibatlıq proqramından əldə edilmiş çıxarışlardır. Şəxs tərəfindən məhkəməyə daxil olmuş etirazdan görünür ki, yoxlayıcıların kompüter sisteminə daxil olmasının qanunsuz olduğu barədə etiraz irəli sürmüşdür. Məhkəmə bu etirazı əsaslı hesab edir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasi Qanununun 4-2.2.3-cü bəndinə əsasən, yoxlayıcıya sahibkarın razılığı olmadan onun resurslarından, o cümlədən kompüterlərindən istifadə etmək imperativ şəkildə qadağan edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yoxlayıcılar kompüterə baxış keçirmək üçün icazəni hüquqi şəxsin qanuni təmsilçisindən, direktorundan və ya etibarnamə əsasında bu səlahiyyəti daşıyan şəxsdən deyil, aptekdə çalışan əczaçıdan almışdırlar. Əczaçı, hüquqi şəxsin adından bu cür prosessual əhəmiyyətli razılıq vermək səlahiyyətinə malik olan subyekt deyildir. Onun verdiyi razılıq hüquqi şəxsin iradəsini ifadə etmir və buna görə də hüquqi cəhətdən etibarsızdır. Səlahiyyətli orqan tərəfindən əczaçının belə bir səlahiyyətə malik olduğunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yoxlama orqanı qanunun birbaşa qadağasını pozaraq, sahibkarın razılığı olmadan onun kompüter resurslarına daxil olmuş və oradan məlumatlar əldə etmişdir. Protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında sübutların yerində əldə edilməsi zərurəti ilə bağlı icazə ala bilmədiklərinə istinad etsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 3-28-1/3-2-895/2025 saylı Qərarından görünür ki, müvafiq yoxlamanın planlı şəkildə aparılması müvafiq orqan tərəfindən əvvəlcədən müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X5 Şəxsnə ünvanladığı 12 avqust 2025-ci il tarixli 3-28-1/2- 25998/2025 məktubda hüquqi şəxsə yoxlama zamanı tələb ediləcək sənədlərin təqdim olunmasının zəruriliyi barədə xəbərdarlıq edilsə də, həmin sənədlərin siyahısında yoxlayıcıların kompüterə baxış keçirmək üçün müvafiq icazənin hüquqi şəxsin qanuni təmsilçisindən, direktorundan və ya etibarnamə əsasında bu səlahiyyəti daşıyan şəxsdən alınmasına dair müvafiq sənədin təmin edilməsi tələb edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmnir. Bu, hüququn fundamental prinsiplərindən olan "hüquq qanunsuzluqdan yaranmir" (ex injuria jus non oritur) doktrinasının təzahürüdür. Qanunsuz yolla əldə edilmiş sübut mötəbər hesab edilə bilməz və şəxsin təqsirliliyinin əsaslandırılması üçün istifadə oluna bilməz. Protokol tərtib etmiş orqan iddia edir ki, 1C sistemində elektron resept olmadiğından, satış reseptsiz aparılmışdır. Lakin "Dərman vasitələri haqqında" Qanununun müvafiq maddələri, xüsusilə də 12-1.11-ci bəndinə edilən son dəyişikliklər, xəstənin tələbi əsasında elektron reseptin kağiz daşıyıcıda çap edilərək ona verilməsi imkanını istisna etmir. Yəni, satış zamanı alıcının kağız formada təqdim etdiyi reseptin mövcud olması tamamilə mümkündür. Protokol tərtib etmiş orqanın nümayəndəsi isə nəinki satış faktını, həmçinin bu satışın məhz reseptsiz aparıldiğini da sübut etməmişdir. Onlar sadəcə elektron sistemdə reseptin olmadığını aşkar ediblər ki, bu da hələ reseptin ümumiyyətlə mövcud olmadığı demək deyildir. Bütün bu hallar, iş üzrə "əsaslı şübhədən kənar" sübutetmə standartının təmin edilmədiyini göstərir. Təqsirsizlik prezumpsiyasının bir tələbi də odur ki, aradan qaldırılması mümkün olmayan bütün şübhələr şəxsin xeyrinə yozulmalıdır. Hazırkı işdə isə təqsirliliklə bağlı ciddi və aradan qaldırılmamış şübhələr mövcuddur. Yekun olaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol həm qanunsuz yolla əldə edilmiş, həm də dolayı və yetərsiz məlumatlara əsaslanır. Bu, inzibati xəta tərkibinin əsas elementi olan obyektiv cəhətin (reseptsiz satışın) və subyektiv cəhətin (təqsirin) sübuta yetirilməməsi deməkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci (hər hansı şəxsin təqsirliliyi sübuta yetirilmədikdə) maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,48-51,114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-917/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-917/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver