Məhkəmə qərarları › İş №3(022)-94/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-94/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-94/2023 24.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2(022)-1126/2015 nömrəli məhkəmə əmrinə əsasən Şəxs ödənilməmiş borcun əvəzi qismində 1.800 manat və dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 1.820 manat məbləğində pul vəsaiti X2 xeyrinə, Biləsuvar rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(022)-718/2022 saylı icra sənədinə görə isə Şəxs nisyə alınmış telefona görə yaranmış əsas borca görə 448 manat 80 qəpik, cərimə qismində 44 manat 20 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 523 manat məbləğində pul vəsaiti “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov borclu Şəxs Biləsuvar Rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2(022)-1126/2015 və 21 iyun 2022-ci il tarixli, 2(022)-718/2022 nömrəli icra sənədlərində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini və icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyini hesab edərək, Şəxs barəsində 09 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəmədə bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2(022)-1126/2015 saylı icra sənədi əvvəllər başqa icra məmurunun icraatında olmuş və o, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsinə təyin edildikdən sonra 2022-ci ildə onun icraatına verilmişdir. Biləsuvar rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(022)-718/2022 saylı icra sənədi isə 2022ci ilin sentyabr ayında Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxi olmuşdur. Həmin icra sənədlərinin icrası ilə bağlı o və digər icra məmuru N.B.Bəhmənov Şəxs bildiriş vermiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Şəxs əvvəllər işləmədiyini və maddi imkanını olmadığını bildirdiyinə görə işlə təmin olunmaq üçün aidiyyəti orqanlara müraciət etməli olduğu ona izah edilmişdir. Şəxs verdiyi məlumat əsasında və elektron portal məlumatlarına görə Şəxs “X7” şirkətində fəhlə işlədiyi əsas tutularaq, icra sənədləri üzrə tutulmalar aparılması üçün həmin şirkətə müvafiq tələbnamələr göndərilsə də, hal-hazıradək heç bir ödəniş aparılmamışdır. Hazırda Şəxs icra sənədləri üzrə borcunu kiçik məbləğlərə hissə-hissə ödəməyi təklif edir. Lakin Ə.Ə.Əliyev israrla Şəxs borcunun tam ödənilməsini tələb etdiyinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər ünvanladığına görə o, Şəxs barədə inzibati xəta haqqında protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Sonda E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ailəsinin maddi ehtiyaclarına görə, təxminən 10 il bundan əvvəl həmyerlisi X1 yüksək faizlə borc almış, hər ay faizlərini ödəsə də, əsas borcu ödəyə bilmədiyinə görə Biləsuvar rayon Məhkəməsinin verdiyi məhkəmə əmrinə əsasən ondan 1800 manat məbləğində pul tutulması qərara alınmışdır. Həmin dövrdə onun Gülputa adlı sələmçi qadına da təxminən 4000 manat məbləğində borcu yarandığına görə məhkəmə əmrini icra edə bilməmişdir. O, Gülputa adlı qadının borcunu ödəyə bilmədiyinə görə barəsində cinayət işi başlanmış və 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuşdur. O, 2020-ci ilin aprel ayında cəzaçəkmə müəssissəsindən azad oldunduqdan sonra koronavirus pandemiyasına görə uzun müddət heç yerdə işləyə bilməmişdir. 2022-ci ilin sonlarında o, Laçın şəhərində tikinti işləri aparan “X7” şirkətində fəhlə işinə qəbul olunmuşdur. 2022-ci ilin noyabr ayında o, iş yeri barədə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermişdir. Lakin ona məlum olmayan səbəblərdən onun əmək haqqında tutma yönəldilməmiş, əksinə onun barəsində axtarış elan edilmişdir. Onun iş yeri erməni işğalından yeni azad edilmiş ərazilərdə yerləşdiyinə və o, polis postlarından keçməli olduğuna görə o, 2023-cü ilin yanvar ayında iş yerinə gedərək, ilin əvvəlindən yeni müddətli əmək müqaviləsi bağlamaq və qazanc əldə edərək, icra sənədlərini icra etmək imkanından məhrum edilmişdir. Buna görə də o, könüllü olaraq Biləsuvar rayon İcra və probasiya şöbəsinə gələrək, icra sənədlərinin icra etməsi üçün ona daha bir müddət şərait yaradılmasını xahiş etmişdir. Çünki, o, artıq tələbkar Ə.Ə.Əliyevlə borcun hissə-hissə, hər ay 100 manat olmaqla ödənilməsi barədə razılıq əldə etmişdir. Əgər barəsində inzibati həbs tətbiq olunmazsa və o, iş yerinə gedib qazanc əldə edə biləcəksə, digər tələbkar ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinə olan borcunu da 2023-cü ilin fevral ayının sonlarınadək tam ödəyəcəkdir. Lakin onun barəsində inzibati tənbeh tətbiq edilərsə, o işini itirəcək və bununla da icra sənədləri üzrə ödəniş etməkdən məhrum olacaqdır. Sonda Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, habelə icra sənədi üzrə tələbkarı dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 27 iyul 2015ci il tarixli, 2(022)-1126/2015 saylı icra sənədinə əsasən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 10 avqust 2015-ci il tarixli qərarla icraata başlanılmış, həmin şəxsə 10 avqust 2015-ci il, 18 aprel 2016-cı il və 03 noyabr 2022-ci il tarixlərdə tələbin icrası ilə bağlı bildirişlər verilmişdır. Bundan başqa, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(022)-718/2022 saylı icra sənədinə əsasən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 22 sentyabr 2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya həmin tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş verilmişdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2(022)-1126/2015 saylı və 21 iyun 2022-ci il tarixli, 2(022)-718/2022 nömrəli icra sənədlərini icra etməmiş borclu Şəxs hərəkətləri qəsdlə əhatə olunmamışdır. Belə ki, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş Şəxs cəzaçəkmə yerindən azad olunduqdan sonra koronavirus pandemiyası ilə əlaqəqədar uzun müddət özünə iş tapa bilməmiş, 2022-ci ilin sonlarından işə qəbul olunsa da, onun iradəsindən asılı olmayan səbəblərdən tutma onun əmək haqqına yönəldilməmiş və ya onun əmək haqqından tutulma aparılmamışdır. İş materiallarından da görünür ki, Şəxs icra sənədləri borcu üzrə Şəxs həmin dövrdə heç bir yedə işləməməsi səbəbindən yaranmışdır. Lakin Şəxs hal-hazırda erməni işğalından azad edilmiş Laçın şəhərində tikinti işlərində fəhlə işləyir və tələbkar Ə.Ə.Əliyevlə borcun hissə-hissə ödənilməsi barədə şifahi razılıq əldə etmişdir. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2(022)- 1126/2015 saylı və 21 iyun 2022-ci il tarixli, 2(022)-718/2022 nömrəli icra sənədlərinin icrasının təmin məqsədi ilə Şəxs lazımi şərait yaradılmamış, bütün imkanlar tükənmədən, habelə maddi və əmlak vəziyyəti tam yoxlanılmadan, yəni qəsdin mövcudluğu araşdırılmadan icra sənədini qərəzli şəkildə icra etməməsi əsası ilə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Hamçinin Şəxs barəsində axtarış elan olunsa da, o, özü könüllü olaraq Biləsuvar rayon İcra və probasiya Şöbəsinə gəlmişdir. Şəxs bu hərəkəti isə məhkəmə qətnaməsini icra etməməsinin qərəzli xarakter daşımadığının göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar