Məhkəmə qərarları › İş №3(022)-947/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-947/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-947/2023 11.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 27 iyun 1991-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi sahibkar, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 13 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs 13 sentyabr 2023-cü il tarixdə, saat 11:56 radələrində özünə məxsus olan və Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən «Topçu Dekor» ticarət obyektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilmiş yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Şəxs məhkəmə iclasında bildirdi ki, Şəxs özünə məxsus olan və Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən «Topçu Dekor» adlı ticarət obyektində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununa görə sahibkarlıq obyektlərinin sahibləri açıq məkanda reklam yayımını həyata keçirmək üçün X6 ilə yazılı müqavilə bağlamalı və qanunvericiliklə müəyyən edilmiş tarifə uyğun olaraq dövlət büdcəsinə ödəniş etməlidirlər. Lakin barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünün işlətdiyi «Topçu Dekor» adlı ticarət obyektinin fasadında ticarət obyektinin adını əks etdirən reklam yerləşdirmişdir. Buna görə də həmin şəxs barəsində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən 24 iyul 2023-cü il tarixdə 000338 nömrəli açıq havada qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib edilmiş və sonuncuya «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin, yəni açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalı olması tələbini pozması izah edilərək, aktın bir nüsxəsi Şəxs təqdim edilmişdir. Bundan sonra isə Şəxs «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində X5 İdarəsinə müraciət etməsi barədə 000338 nömrəli yazılı göstəriş həmin şəxsin Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən ünvanına göndərilməsi üçün teleqram “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti vasitəsi ilə 02 avqust 2023-cü il tarixdə göndərilmişdir. Həmin yazılı göstərişdə Şəxs əgər 5 gün ərzində X5 İdarəsinə müraciət etməyəcəyi təqdirdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi və həmin protokolun aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. X7 X3 Reklam İdarəsinə verdiyi məlumata görə həmin göndəriş 24 avqust 2023-cü il tarixdə, saat 08:51-də Şəxs təqdim edilmişdir. Şəxs qanunla müəyyən edilmiş müddət ərzində öz öhdəliyini icra etmədiyinə görə sonuncu barəsində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Şəxs 04 oktyabr 2023-cü il tarixdə müvafiq məhkəmə bildirişini aldıqdan sonra Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə müraciət etmiş və onun barədə tərtib edilmiş yazılı göstərişi almadığını əsas gətirmiş və onun qanunla müəyyən edilmiş müddəti ötürməsi səbəbinin üzrlü hesab edilərək, onunla müvafiq müqavilə bağlanmasını xahiş etmişdir. Buna görə də Şəxs ilə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi arasında müvafiq müqavilə bağlanmış və sonuncuya «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün icazə verilmişdir. Bununla da Şəxs tərəfindən reklam yayımının qanunsuz həyata keçirilməsi halı aradan qaldırılmışdır. Buna görə də X5 İdarəsi hazırda Şəxs inzibati məsuliyyətə cəlb olunmasını tələb etmir. Sonda, Nümayəndə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, o, vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməklə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə ki, o, bir neçə ay bundan əvvəl Biləsuvar şəhəri H.Əliyev prospektində icarəyə götürdüyü «Topçu Dekor» ticarət obyektində dekorativ məhsulların satışı ilə məşğul olmağa başlamışdır. Müştəri cəlb etmək üçün o, həmin mağazanın üzərində reklam daşıyıcıları yerləşdirsə də, həmin reklam daşıyıcılarını yerləşdirməzdən əvvəl Azərbaycan Respublikası X6 və ya X5 İdarəsi ilə hər hansı müqavilə bağlamamlı olduğunu bilməmiş və buna görə də hər hansı müqavilə bağlamamışdır. Onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazaya X5 İdarəsinin əməkdaşları gəməmiş və ona hər hansı akt və, göstəriş təqdim etməmişlər. İnzibati xəta haqqında protokolun tərtib etdiyi vaxt X5 İdarəsinin hər hansı əməkdaşı onun işlədiyi mağazaya gəlməmiş və ona hər hansı protokol tərtib edilməsi barədə məlumat verilməmişdir. Əgər zərurət olarsa, o, işlədiyi mağazanın ətrafındakı ticarət obyektlərinin kamera görüntülərini məhkəməyə təqdim etməklə, 13 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməsində iştirak etmiş vəzifəli şəxslərin ümumiyyətlə onun mağazasına gəlmədiyi təsdiq olunacaqdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkildən də görünür ki, həmin foto yoldan ötən avtomobildən və ani olaraq çəkilmişdir. Çünki, həmin fotoda o, mağazasının qarşısında duraraq, kənara baxdığı vaxt onun fotoşəkli çəkilmiş və güya onun barəsində akt tərtib edildiyi vaxt X5 İdarəsinin əməkdaşlarının mağazaya gəldiklərinin sübutu kimi məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkildə o, gödəkçə geyinmişdir. Aktın tərtib edildiyi 24 iyul 2023-cü il tarixdə, yəni qızmar yay günündə onun gödəkcə geyinərək, açıq havada durması inandırıcı deyil. Bu isə məhkəməyə təqdim edilmiş fotoşəklin, inzibati xəta haqqında protokol məhkəməyə göndərilməzdən az əvvəl, yəni sentyabr ayında çəkildiyini təsdiq edir. Bundan başqa, onun məhkəməyə təqdim etdiyi, Cəlilabad regional poçt filialının verdiyi arayışla təsdiq olunur ki, müvafiq icazənin alınması üçün 5 gün müddətində X5 İdarəsinə müraciət etməsi barədə 000338 nömrəli yazılı göstərişin olduğu poçt göndərişi naməlum şəraitdə itirildiyinə görə ona verilməmişdir. Beləliklə, onun reklam daşıyıcını yerləşdirmək üçün icazə alınmamalı olmasından xəbəri olmamışdır. O, əvvəlcədən bunun barəsində xəbər tutsaydı, müvafiq icazənin alınması üçün həmin quruma müraciət ünvanlayardı. Həmin icazəni isə o, cüzi məbləğdə ödəniş etməklə yalnız ona barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyi və bu barədə məhkəmə bildiriş təqdim edildikdən sonra almışdır. Buna görə də o, əməlində inzibati xəta tərkibinin olduğunu hesab etmir və tələb edir ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları onun barəsində ticarət obyektinə baxış keçirməsi və tərtib edilmiş müvafiq aktın ona verilməsini sübit edən video-kamera görüntülərini təqdim etsinlər. Sonda, Şəxs qanunla müəyyən edilmiş müddət ərzində müvafiq orqana reklam daşıyıcılarının yayımlanması barədə müraciət etməməsinin onun təqsiri üznüdən baş verməməsini əsas gətirərək, əməlində inzibati xətanın tərkibinin olmamasına görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxsin nümayəndəsini dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin 24 iyul 2023-cü il tarixli, 000338 nömrəli açıq havada qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə aktdan görünür ki, Şəxs barəsində sonuncuya məxsus olan və Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən «Topçu Dekor» ticarət obyektində «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icanin olmamasına, müvafiq icra hakimiyyəti orqanına icazənin verilməsi üçün hər hansı müraciətin daxil olmamamasına, müvafiq internet portalında icazə sənədlərinin olmamasına görə açıq havada qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib edilmişdir. Həmin aktın bir nüsxəsi Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 000338 nömrəli yazılı göstərişdən görünür ki, Şəxs «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə müraciət etməlidir. Həmin göstərişdə Şəxs əgər 5 gün ərzində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə müraciət etməyəcəyi təqdirdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi və həmin protokolun aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. İşdə olan AZ1300/********** nömrəli teleqramdan görünür ki, X7 Şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin Şəxs ünvanladığı SS865796090AZ saylı göndəriş Şəxs 24 avqust 2023-cü il tarixdə, saat 08:51-də təqdim edilmişdir. İnzibati xəta haqqında iş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli, 01 nömrəli baxış aktından görünür ki, Bayramlı X1 şəhəri, H.Əliyev prospektində yerləşən «Topçu Dekor» ticarət obyektində sonuncu barəsində tərtib edilmiş «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icanin olmamasına, müvafiq icra hakimiyyəti orqanına icazənin verilməsi üçün hər hansı müraciətin daxil olmamamasına, müvafiq internet portalında icazə sənədlərinin olmamasına görə açıq havada qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə 24 iyul 2023-cü il tarixli, 000338 nömrəli akta və yazılı göstərişə baxmayaraq, həmin obyektə təkrar baxış keçirilərkən Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin tələblərinə təkrar əməl etməmişdir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs 13 sentyabr 2023-cü il tarixdə, saat 11:56 radələrində özünə məxsus olan və Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən «Topçu Dekor» ticarət obyektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilmiş yazılı göstərişi vaxtında və tam yerinə yetirməmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələbini pozmuşdur. İşdə olan “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətinin Cəliabad regional poçt filialı tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli, 106 nömrəli aryışından görünür ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən 02 avqust 2023-cü il tarixdə Şəxs adına göndərilmiş SS865796090AZ saylı göndəriş 04 avqsut 2023-cü il tarixdə Cəliabad regional poçt filialına daxil olmuş və həmin məktub 05 avqust 2023-cü il tarixdə X7 şöbəsinə göndərilmiş, lakin X7 şöbəsində həmin göndəriş naməlum səbəblərə görə itmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş açıq məkanda reklam yerləşdirilməsinə dair 11 oktyabr 2023-cü il tarixli, i**********0001 qeydiyyat nömrəli yazılı icazə sənədindən görünür ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən «Topçu Dekor» ticarət obyektində fasad reklamları yerləşdirilməyə icazə verilmişdir. Beləliklə, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətinin Cəliabad regional poçt filialı tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli, 106 nömrəli məktub ilə və 11 oktyabr 2023-cü il tarixli, i**********0001 qeydiyyat nömrəli reklam yerləşdirilməsinə dair yazılı icazə sənədi ilə müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən 24 iyul 2023-cü il tarixli, 000338 nömrəli açıq havada qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt və 000338 nömrəli yazılı göstəriş tərtib edilmiş və sonuncuya 5 gün ərzində reklam yerləşdirmək üçün icazə alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə müraciət etməli olması izah edilmişdir. Həmin yazılı göstəriş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs ünvanına 02 avqust 2023-cü il tarixdə “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti vasitəsi ilə göndərilmiş, lakin həmin göndəriş 05 avqust 2023-cü il tarixdə X7 şöbəsinə göndərilsə də, orada itmişdir. Qanunla müəyyən edilmiş müvafiq müddət ərzində Şəxs reklam yerləşdirmək üçün icazə almadığına görə sonuncu barəsində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən 13 sentyabr 2023-cü il tarixdə Bayramlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-2.1-ci maddəsinə görə reklam yayıcısı reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almaması məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi, inzbati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün həmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsalana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinin tələbinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinin tələbinə görə sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Göründüyü kimi müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətin yaranması üçün əsasdır. Hazırki halda isə inzibati xəta haqqında protokolun və əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiq edilməklə müəyyən olunmuş hallarından görünür ki, Şəxs Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 000338 nömrəli yazılı göstərişi həmin sənədin X7 şöbəsində itirilməsi səbəbinə görə ala bilməmiş və həmin göstərişdə nəzərtə tutulmuş müddət ərzində müvafiq icazənin alınması üçün mraciət edə bilməmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 000338 nömrəli yazılı göstərişi icra etməmə səbəbi üzrlü hesab edilməlidir, həmçinin sonuncuun sonradan həmin orqandan özünə məxsus ticarət obyektində fasad reklamları yerləşdirmək üçün icazəni alması nəzərə nəzərə alınmalıdır. Belə olan halda, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmur. Hesab edirəm ki, aydınlıq gətirilməmiş, yuxarıda qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadlanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar