Məhkəmə qərarları › İş №3(022)-988/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-988/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-988/2025 20.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X8 məhkəmə-iclas katibliyi, şikayət vermiş şəxs X3, protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min manat məbləğində inzibati cərimə edilmişdir. X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti Biləsuvar Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 özünə məxsus həyətyanı torpaq sahəsinin hasarının küçə hissəsində özü tərəfindən əkilib becərilmiş 4 ədəd tut ağacının budanmasına görə cərimə olunmuşdur. X7 hesab edir ki, həmin qərar qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə qaydasında ləğv olunmalıdır. Bunun üçün də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: X7 şikayət ərizəsində göstərdiyi xüsusatlara uyğun çıxış edərək, barəsində tətbiq olunan cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 öz izahatında bildirmişdir ki, X7 qanunsuz olaraq tut ağacının kəsilməsi nəticəsində təbiətə 760 (yeddi yüz altmış) manat ziyan vurmuşdur. Buna görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X7 2000 (iki min) manat cərimə olunmuşdur. Sonda məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 25 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 11 sentyabr 2025-ci il tarixli, 91055 saylı aktın surətindən görünür ki, qanunsuz kəsilmiş yaşıllığın növü tut ağacı, ağacın diametri 20 sm, 20 sm, 24 sm, 24 sm sayı dörd, təbiətə dəymiş ziyanın məbləği isə 760 (yeddi yüz altmış) manatdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X5 məxsus daş hasarın qarşısında 4 ədəd tut ağacı vardır. Biləsuvar rayonu, Amankənd kənd bələdiyyəsinin 24 oktyabr 2025-ci il tarixli arayışının surətindən görünür ki, kənd sakini X3 müraciəti əsasında onun Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, X7 həyətyanı torpaq sahəsinin giriş hissəsində, yəni mərkəzi yolun yan tərəfində əkilmiş 4 (dörd) ədəd tut ağacını budamışdır. Budanmış tut ağacının qalan hissəsinin hündürlüyü bir metr altmış santimetrdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin Biləsuvar rayonu, Amankənd kənd sakini X5 ünvanlamış olduğu 25 sentyabr 2025-ci tarixli məktubunun surətindən görünür ki, X3 barəsində qəbul edilmiş 25 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı qərarı və təbiətə dəymiş ziyana görə hesablanmış 760 (yeddi yüz altmış) manat məbləğinin icra olunması tələb olunmuşdur. 11 sentyabr 2025-ci il tarixli 91055 saylı akta əlavə olunmuş cədvəldən görünür ki, qanunsuz kəsilmiş yaşıllığın cinsi-tut ağacı, ağacın diametri-20-24, sm, sayı-2, təbiətə dəymiş ziyanın məbləği 760 (yeddi yüz altmış) manatdır. Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Amankənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2025-ci il tarixli, 5-39-21/232/2025 saylı arayışın surətindən görünür ki, X2 rayonu, Amankənd kəndində yaşayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin: 4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan yaşıllıqların istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu; 1.0.12. yaşıllıqların götürülməsi – bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir; 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda sadalanan normativ aktların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün iş üzrə sübutların məcmusu qiymətləndirilməli, bütün sübutlara hərtərəfli, tam və obyektiv şəkildə hüquqi qiymət verilməlidir. Heç bir sübut, o cümlədən inzibati xəta haqqında protokol və inzibati qərar, qabaqcadan müəyyən edilmiş üstün hüquqi qüvvəyə malik deyil. Göstərilənləri nəzərə alaraq, iş üzrə toplanmış sübutlara və iş materiallarına tam baxış keçirərək, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 qadağan olunan tut ağacı növünə aid olan ağacı tam şəkildə kəsərək inzibati xətaya yol vermişdir. A.A. Babayev məhkəməyə təqdim etdiyi fotoşəkillərdə ağacların vəziyyətini özünün sənədləşdirdiyini təsdiq etsə də, o, ağacları kəsmədiyini, yalnız budama apardığını iddia etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ağacın kəsilməsi anlayışı hüquqi təcrübədə və normativ təriflərdə ağacın kökündən tam çıxarılması, gövdənin əsas hissəsinin kəsilərək ağacın canlı strukturunun məhv edilməsi, ağacın bioloji davamlılığını itirən vəziyyətə salınması kimi qiymətləndirilir. Köklü kəsmə meşə fondunda qanunla xüsusi qaydada tənzimlənir və yalnız müvafiq icazə ilə həyata keçirilə bilər. Meşə fondundan kənar torpaqlarda belə ağacın icazəsiz kəsilməsi inzibati məsuliyyət yaradır və “ağac-kol bitkilərinin məhv edilməsi” kimi qiymətləndirilir. Aqronomik baxımdan ağacın bu formada kəsilməsi zamanı ağac faktiki olaraq məhv edilmiş hesab olunur. Bəzi hallarda tut ağacının kötükdən zoğ verməsi mümkündür, lakin bu, ağacın kəsilmə faktını dəyişmir və hüquqi məsuliyyəti istisna etmir. Məhkəmə həmçinin qeyd edir ki, budama – ağacın yalnız müəyyən hissələrinin (qurumuş, zədələnmiş, təhlükəli və ya məhsuldarlığı azaldan budaqların) çıxarılması, ağacın forması və bioloji sağlamlığının qorunmasına yönəlmiş tədbirdir. Budama zamanı gövdənin və skelet budaqlarının tam kəsilməsi nəzərdə tutulmur. Şikayət vermiş şəxsin təqdim etdiyi fotoşəkillərdən aydın görünür ki, ağacların gövdəsi çox aşağı səviyyədən kəsilmiş, təbii budaqlanma nöqtələrindən yuxarı bütün hissəsi tam çıxarılmış, yalnız kök gövdə qalmış, kötükdən cavan zoğların çıxması müşahidə olunur ki, bu, tut ağacına məxsus bərpa xüsusiyyətidir. Lakin bu əməliyyat sanitar budama və ya formaverən budama anlayışlarına uyğun gəlmir və qanunvericilikdə “ağacın məhv edilməsi ilə nəticələnən kəsim” kimi qiymətləndirilir. Çünki, ağacın bioloji forması tamamilə məhv edilib, budaqlanma sistemi tam kəsilib və saxlanmayıb, gövdə kəlləvari şəkildə aşağıdan qırxılıb – bu, budama standartlarına uyğun deyil. Budamada yalnız quru, xəstə və təhlükə yaradan budaqlar çıxarılır, lakin təqdim edilmiş şəkillərdə ağacın tam gövdəsi kəsildiyi üçün bu əməliyyatın budama hesab edilməsi mümkün deyil. Məhkəmənin qiymətləndirməsinə görə, göstərilən formada aparılan əməliyyat budama deyil, praktik olaraq ağacın kəsilməsi hesab olunur. Çünki, ağacın budaqları deyil, gövdəsi kəsilmişdir. Budama yalnız budaqların qismən çıxarılmasını nəzərdə tutur. Bir neçə ağacın eyni səviyyədə və eyni üsulla kəsilməsi bu işin planlı kəsim olduğunu göstərir. Budama fərdi xarakter daşıyır; bu halda isə bütöv xətt üzrə mexaniki kəsim aparılmışdır. Ağac artıq budaqlanma və formalaşma üçün lazım olan skelet strukturunu itirmişdir ki, bu da hüquqi olaraq ağacın məhv edilməsi kimi qiymətləndirilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, tut ağacı davamlı növ olsa da və kəsildikdən sonra kötükdən zoğ versə də, ağacın sonradan zoğ verməsi onun “kəsilmədiyini” sübut etmir və hüquqi qiymətləndirməyə təsir göstərmir. Qeyd olunanlara, iş üzrə toplanmış sübutlara hərtərəfli, tam və obyektiv qiymət verərək, eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, A.A. Babayev barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati akt qanuna, faktlara və sübutlara uyğundur, şikayətçinin iddia və arqumentləri isə sübut olunmamış və əsassızdır. İş materiallarından aşkar olur ki, şikayətçi tərəfindən “budama” adı ilə təqdim edilən əməliyyat faktiki olaraq ağacın tam kəsilməsi, yəni “ağac-kol bitkilərinin məhv edilməsi” olmuşdur və bu hal fotoşəkillərlə, həmçinin təqdim olunmuş izahatlarla öz təsdiqini tapır. Buna görə də inzibati məsuliyyətin tətbiq olunması üçün əsaslar mövcuddur və inzibati orqanın qərarında hər hansı qanunsuzluq və ya əsassızlıq müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X7 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDI: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar