Məhkəmə qərarları › İş №3(022)-997/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-997/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-997/2025 25.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2 -ci maddəsi ilə inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ seriyalı 30170150 nömrəli, 24 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə EQ seriyalı 30170150 nömrəli, 24 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 30170150 nömrəli, 24 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət Biləsuvar Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 şəhərində şəxsi “KHAZAR LX minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 avqust 2025-ci il tarixdə Cəlilabad şəhəri istiqamətində hərəkət edərkən həmin ərazidə sürət həddinin 50 km/saat olan hissəsinin qurtaracağı və 60 km/saat başlandığı yolun kənarında yolda 15-20 metr kənarda gizlənmiş Yol Patrul Xidmətinə məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilinin radarına düşmüşdür. Bu ərizəsini məhkəməyə təqdim edən günə qədər bu barədə ona rəsmi məlumat göndərilməyib və təqdim edilməmişdir. Bunun üçün də barəsində tərtib edilmiş EQ seriyalı 30170150 nömrəli, 24 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə iclasında: Məhkəmə iclasında çıxış edən inzibati qərardan şikayət verən X5 bildirdi ki, barəsində tərtib edilmiş qərar ona bu günə qədər təqdim edilməmişdir. O, özü qərarı təxminən 10-15 gün bundan qabaq Polis Şöbəsinə yaxınlaşaraq əldə etmişdir. 24 avqust 2025-ci il tarixdə Cəlilabad şəhəri istiqamətində hərəkət edərkən həmin ərazidə sürət həddinin 50 km/saat olan hissəsinin qurtaracağı və 60 km/saat başlandığı yolun kənarında polis əməkdaşlarının xidməti maşını tərəfindən sürət həddini aşdığı üçün cərimələnmişdir. Halbuki, Yol Polis İdarəsinin avtomobili xidməti ərazisini tərk edərək orada dayanmışdır və həmçinin gizlənmişdir. Həmçinin bildirmişdir ki, ola bilər ki, o surət həddini aşıb, lakin polis əməkdaşları xidməti maşınını gözlə görünəcək yerdə saxlamamışdırlar. Onları görməsi mümkün deyildi. Bu mümkün olsaydı o, surət həddini azaldardı. X5 həmçinin onu da qeyd etmişdir ki, polisin maşını xidməti dislokasiya zonasına daxil deyil, ona görə də hesab edir ki, tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Odur ki, barıəsində tərtib edilmiş cəriməni əsassız hesab edir və barəsində tərtib edilmiş cərimənin silinməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişdir . Göstərilənləri nəzərə alaraq məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 14 avqust 2025-ci il tarixli, EQ seriyalı 30170150 nömrəli qərardan görünür ki, X5 Azərbaycan Resppublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasınınnın Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin WEB Portalının çıxarışındakı fotoşəkildən görünür ki, xətanın törədildiyi yer: Ələt-Astara-İran yolunun 113-cü kilometrliyi, tarix: 24 avqust 2025-ci il, saat: 12:42:02, xətanın növü: 328.2ci, nəqliyyat vasitəsinin markası: “KHAZAR LX minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı, ərazidəki sürət limiti: 50 km/saat, faktiki sürət isə 74 km/saat olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir; 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materialları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv qaydada araşdırılmış, toplanmış sübutların məcmusuna hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə, şəxs inzibati məsuliyyətə yalnız sübutların məcmusu əsasında cəlb oluna bilər və heç bir sübut, o cümlədən inzibati xəta haqqında protokol və inzibati orqanın qərarı əvvəlcədən müəyyən edilmiş üstün hüquqi qüvvəyə malik deyildir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati qərar ona bu günədək təqdim edilməmiş, qərarı yalnız 10–15 gün əvvəl Polis Şöbəsinə yaxınlaşaraq əldə etmişdir. O qeyd etmişdir ki, 24 avqust 2025-ci il tarixdə Cəlilabad şəhəri istiqamətində hərəkətdə olarkən Yol Patrul Xidmətinin xidməti avtomobilinin yolun kənarında “gizlənmiş vəziyyətdə” dayanması səbəbindən xidməti maşını görə bilməmiş, bu səbəbdən də sürət həddini azalda bilməmişdir. Həmçinin iddia etmişdir ki, xidməti avtomobil dislokasiya zonasından kənarda dayanmışdır və tərtib olunmuş qərar bu səbəblə qanunsuzdur. Buna görə də inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin bu izahatlarını araşdıraraq belə nəticəyə gəlir ki, göstərilən iddialar inzibati xəta faktını istisna edən və ya məsuliyyətdən azad edən hüquqi hal hesab edilə bilməz. Belə ki, inzibati xəta obyektiv xarakter daşıyır və sürət həddinin aşılması faktı Yol Patrul Xidmətinin **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilində quraşdırılmış radar qurğusunun ölçmələri ilə təsdiqlənmişdir. Radar məlumatları sertifikatlaşdırılmış texniki vasitə ilə qeydə alınmış sübut növü olduğundan, polis avtomobilinin görünmə dərəcəsi və ya dayanma yeri xətanın mövcudluğuna təsir edən hüquqi hal kimi qiymətləndirilmir. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X5 ona məxsus “KHAZAR LX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən həmin yol sahəsində müəyyən edilmiş 50 km/saat sürət həddini pozaraq nəqliyyat vasitəsini faktiki olaraq 74 km/saat sürətlə idarə etmişdir. Bu isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərinə tam uyğun olaraq inzibati xəta tərkibini yaradır. Şikayət vermiş şəxs tərəfindən irəli sürülən “radarı görmədiyi üçün sürəti azalda bilməməsi” barədə açıqlama məhkəmə tərəfindən məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilmiş, həmin arqumenti təsdiq edən hər hansı obyektiv sübut təqdim edilməmişdir. Hətta şikayətçi özü də məhkəmədə sürət həddini aşmasının “ola biləcəyini” etiraf etmişdir ki, bu da onun təqsirini dolayı yolla təsdiqləyən izahat kimi dəyərləndirilmişdir. İnzibati qərarın ona gec təqdim olunması barədə iddia da, xətanın törədilməsinə və qərarın hüquqi qüvvəsinə təsir edən hal hesab edilmir. Azərbaycan Respublikasının qanunvericiliyi inzibati qərarın gec təqdim olunmasını inzibati məsuliyyəti istisna edən əsas kimi nəzərdə tutmur. Qərarından şikayət verilmiş inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqan məhkəmə iclasında iştirak etməmişdir. Bu hal isə şikayətə baxılmasına mane olmadığından, məhkəmə həmin orqanın nümayəndəsinin iştirak etməməsi ilə iclası davam etdirməyi mümkün hesab etmişdir. Yuxarıda göstərilən əsaslar bütünlükdə nəzərə alınaraq məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 30170150 nömrəli, 24 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar maddi və prosessual hüquq normalarına tam uyğundur. Şikayətçinin gətirdiyi arqumentlər isə hüquqi cəhətdən əsaslı, sübut olunmuş və ya xətanı istisna edən hallar hesab edilə bilməz. Odur ki, X5 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ seriyalı 30170150 nömrəli, 24 avqust 2025-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDI: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ seriyalı 30170150 nömrəli, 24 avqust 2025-ci il tarixli qərar qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar