Məhkəmə qərarları › İş №3(023)-101/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-101/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-101/2023 14.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxxxx 1969-cu ildə Qazax rayonu Quşcu Ayrım kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Qazax RMX-da Uşaq şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib olunmuş 14 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 mart 2023-cü il tarixdə, saat 12 radələrində Qazax Rayon X3 Hüquqi Şəxsin direktoru Zərərçəkmiş şəxs sonuncuya məxsus xidməti otaqda nalayiq ifadələrlə təhqir etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, hazırda Qazax RMX-da Uşaq şöbəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Qazax rayon X3 Hüquqi şəxsin direktoru vəzifəsində işləyir. O, orada işlədiyi müddət ərzində öz şöbəsinə aid müəyyən avadanlıqların təmin edilməsini və xəstəxananın ümumi problemlərinin həll edilməsini tələb etmişdir. Buna görə də dəfələrlə Zərərçəkmiş şəxs ilə aralarında mübahisələr olmuşdur. Sonuncu dəfə 10 mart 2023-cü il tarixdə saat 12 radələrində Mərkəzi Xəstəxananın inzibati binasında yuxarı çıxan zaman təsadüfən həkimlərin iclasdan çıxdığını görmüşdür. Bu zaman o, inzibati işlər üzrə direktor müavini Şahid1 və ümumi şöbənin müdiri Şahid3 nəyə görə iclas keçirildiyini soruşmuş, sonuncular ona əlillik dərəcəsinin müəyyən edilməsi üzrə komisiyanın operatoru adını bilmədiyi qadının sənədləri yanlışlıqla digər şəxsin adından göndərdiyini, buna görədə həmin operatorun vəzifəsindən azad edildiyini, komissiyanın üzvlərinə də töhmət elan edildiyini demişdir. Ona da töhmət verildiyini söyləmişlər. Bu zaman o, Zərərçəkmiş şəxs otağına girərək sonuncuya niyə onunda həmin iclasda iştirak etmədiyini və ona töhmət verilməsini sual etmiş, Zərərçəkmiş şəxs isə ona tək ona yox 5 nəfər həkimlərə, hansı ki, tibbi şuranın üzvlərinə də töhmət verildiyini bildirmişdir. O, isə Sevdaya “mənim xəbərim olmadan mənə niyə töhmət verildiyini və bundan əvvəldə bir dəfə onun xəbəri olmadan töhmət verdiyini” demişdir. O isə baş həkim Zərərçəkmiş şəxs 3 il bundan əvvəldə onun xəbəri olmadan töhmət verdiyini, sonradan məhkəmə yolu ilə həmin töhməti üzərindən götürdüyünü, bu hərəkətin haqsız olduğunu, niyə ona qarşı yenidən belə hərəkət etdiyini, qanun pozuntusuna yol verdiyini” demişdir. Zərərçəkmiş şəxs isə ona “cinayətkarında atasına nəhlət, rüşvət alanında atasına nəhlət, bilməyib deyinəndə” demişdir. O, isə Sevda xanıma “mənim atama yox, sənin atana nəhlət, mənim atama niyə söyürsən, mənim atam şəhiddir, buna görə stulu təpənə vuraram, danışığını bil” demişdir. Bu zaman orada olan Şahid1 və Şahid3 içəri daxil olaraq onu dəhlizə çıxarmışlar. Daha sonra o sakitləşmiş və öz otağına çıxıb getmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs vurmamış, nə də başqa əlavə söz deməmişdir. Yalnız şəhid atasını Zərərçəkmiş şəxs təhqir etdiyi üçün əsəbləşmişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax RMX PHŞ-nin direktoru vəzifəsində işləyir. Şəxs hazırda Qazax RMX PHŞ-in pediatriya şöbəsinin müdiri vəzifəsində işləyir. 10 mart 2023-cü il tarixdə təxminən saat 12 radələrində o, xidməti otağında olan zaman həkim-pediatır Şəxs onun xidməti otağına icazəsiz daxil olaraq tibbi şuranın qərarına etiraz etdiyini, həmin şuraya onun niyə çağırılmadığını və ona töhmət verilməsinə etiraz etdiyini deyərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, Şəxs “bu cəza tək sənə deyil, komissiyanın 5 nəfər həkiminə tətbiq edilmişdir. Həmçinin tibbi şuranın iclasına onun da çağırıldığını, lakin tibbi şuranın iclasına gəlmədiyini bildirmiş, səbrli olmasını tövsiyyə etmişdir. Daha sonra Şəxs otaqdan çıxıb getmişdir. Təxminən 5-6 dəqiqə sonra Şəxs əsəbi halda yenidən onun otağına gələrək ona “Rayon Mərkəzi Xəstəxanasını dağıtmısan, şərəfsiz, rüşvətxor” kimi sözlər demiş, ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O da Şəxs onu haqsız yerə təhqir etməsinə dözə bilməyib, “qanun pozanında atasına nəhlət, bilməyib deyənində atasına nəhlət” demişdir. Dərhal Şəxs otaqda olan stulu qaldıraraq onun üzərinə gəlmiş, onu vurmağa cəhd edərkən onun qışqırıq səsinə otağa daxil olan Müsavi Kamran və Şahid3 onun qollarından yapışıb onu saxlamışlar. Şəxs gücləri catmadığından və qışqırıq səsinə otağa Şahid5, Şahid4, Şahid1 daxil olaraq Üzeyirin əlindən stulu almağa cəhd etmiş, Üzeyirin əlindən stulu almaq mümkün olmadığından onu otaqda cökdürmüşlər. Şəxs onu vurmasına mane olmağa çalışmışlar. Lakin Şəxs həmin işçilərə fiziki zor tətbiq etmiş, mühafizəçi Aynur Hüseynovun sinəsindən itələmiş, nəticədə Aynur divara dəymişdir. Üzeyir bu azmış kimi Şahid3, Şahid1 və Kamran Müsavinin əlindən çıxmağa istəmişdir ki, onu vursun. Stolu Üzeyirin əlindən almaq üçün Pərvin, Kavı və Kamran Üzeyiri yerə yıxaraq güclə stolu sonuncunun əlindən almışlar. Yenə də, Şəxs sakitləşməmiş, lakin çox çətinliklə işcilər Üzeyiri otaqdan çıxarmışlar. Üzeyirlə mübahisə zamanı heç bir xəsarət almamışdır. Həmin vaxtı işçilər Şəxs əlindən stulu almasalar Üzeyir stulla onu vuracaqdı. Əlavə olaraq bildirmişdir ki, Şəxs birinci hadisəsi deyil, əvvəllərdə xəstəxana işçilərinə qarşı nəlayiq ifadələr işlədərək təhqir etmiş və bu barədə dəfələrlə akt tərrtib edilmişdir. Hazırda Şəxs şikayətçidir. Qanuna müvafiq işin araşdırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Qazax RMX PHŞ-in inzibati işlər üzrə direktor müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs işlədiyi müəsisənin direktoru, Şəxs isə həmin müəsisənin pediatiriya şöbəsinin müdiri vəzifəsində işləyir. 10 mart 2023-cü il tarixdə, təxminən saat 12 radələrində koridorda olan zaman direktor Zərərçəkmiş şəxs otağından səs-küy gəldiyini eşitmiş və dərhal otağa getmişdir. Otağa gedən zaman gömüşdür ki, Şəxs nalayiq sözlər işlədərək stulu qaldırıb Zərərçəkmiş şəxs vurmaq istəyir, Şahid3 və Kamran Müsavi isə Üzeyirin Zərərçəkmiş şəxs vurmasının qarşısını almağa cəhd edirlər. Həmin anda dərhal yaxınlaşıb Şəxs sağ bilək nahiyəsindən tutmuşdur ki, stulu əlindən alsın. O içəri girən zaman Şəxs stulu qaldırmış vəziyyətdə olmuşdur. Lakin Şəxs sakitləşdirmək və stulu əlindən almaq çətin olduğu üçün onlar Üzeyiri yerə tərəf əymişlər ki, stulu əlindən alsınlar. Çox çətinliklə stulu Şəxs əlindən alaraq otaqdan kənara çıxarmışlar. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs isə öz kreslosunda oturmuş vəziyətdə olmuşdur. Əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəyə səbəb Şəxs tibbi şuranın aldığı töhmət qərarına etirazı olmuşdur. Həmçinin Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, xəstəxananın iş fəaliyyətini pozmuşdur. Əgər onu sakitləşdirmək mümkün olmasaydı Üzeyir Sevda həkimi stulla vuracaqdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, Qazax RMX PHŞ-in satın alma üzrə mütəxəssiz vəzifəsində işləyir. Zərərçəkmiş şəxs işlədiyi müəsisənin direktoru, Şəxs isə həmin müəsisənin pediatriya şöbəsinin müdiri vəzifəsində işləyir. 10 mart 2023-cü il tarixdə, təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs otağının qarşısında olan zaman Şəxs Zərərçəkmiş şəxs otağından əsəbi halda çıxmışdır. Həmin vaxt ümumi şöbəsinin müdiri Şahid3 onu sakitləşdirməyə çalışaraq “həkim narahat olma, burda nə problem varki, səbrli ol” kimi sözlər deyərək Şəxs Zərərçəkmiş şəxs otağından uzaqlaşdırmışdır. Təxminən 5-6 dəqiqədən sonra Üzeyir Zərərçəkmiş şəxs otağın yenidən gələrək “cinayətkar, rüşvətxor” xəstəxananı dağıdırsınız” kimi sözlər deyərək, həmçinin Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs Üzeyirə “cinayətkarında atasına nəhlət, rüşvət alanında atasına nəhlət, bilməyib deyinəndə” demişdir. Həmin anda Üzeyir Məmmədov otaqda olan stulu götrərək Zərərçəkmiş şəxs vurmaq istəmişdir. Bu zaman Şahid3 Üzeyiri o isə stolu tutmuşdur ki, Üzeyir Zərərçəkmiş şəxs vurmasın. Səs-küyə Şahid1 və mühavizəçi Şahid4, daha sonra isə əlavə işçilər gəlmişlər. Şəxs həddindən artıq əsəbi olduğu üçün onu saxlamaqda çətinlik çəkmişlər. Şəxs mühavizəçi Aynur Hüseynovu sinəsindən itələmişdir. Şahid3, Şahid1 və o Üzeyiri saiktləşdirməkdə və stulu Üzeyirin əlindən almaqda çətinlik çəkmişlər. Ona görə də, Şəxs yerə tərəf sıxmışlar ki, stulun əlindən alsınılar. Stulu Şəxs əlindən almışlar və sonuncunu Zərərçəkmiş şəxs otağında çıxarmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid3 və Şahid4 izahatlarında digər şahidlər Şahid1 və Şahid2 izahatında göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunli izahat vermişdirlər. Məhkəmə iclasında dindirilmiş Şahid5 izahat verərək bildirmişdir ki, Qazax RMX-da kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs işlədiyi müəsisənin direktoru, Şəxs isə həmin müəsisənin pediatriya şöbəsinin müdiri vəzifəsində işləyir. 10 mart 2023cü il tarixdə, saat 12 radələrində kolidorda olan zaman Zərərçəkmiş şəxs otağında səs-küy gəlmişdir. O, Zərərçəkmiş şəxs otağına daxil olan zaman görmüşdür ki, Üzeyir Məmmədov otaqda olan stulu götrərək Zərərçəkmiş şəxs vurmaq istəyir. Şahid3, Şahid1 və Şahid2 isə Şəxs Zərərçəkmiş şəxs vurmasının qarşısını alır. Şəxs həddindən artıq əsəbi olduğu üçün onu saxlamaqda çətinlik çəkmişlər. Bu zaman o qışqıraraq əlavə işçiləri çağırmışdır ki, Şəxs Zərərçəkmiş şəxs vurmasına mane olsunlar. Həmin vaxt Şəxs otaqda olan və Üzeyirə mane olmaq istəyən mühavizəçi Aynur Hüseynovu sinəsindən itələmişdir. Şahid3, Şahid1, Şahid2 və o Üzeyiri saiktləşdirməkdə və stulu Üzeyirin əlindən almaqda çətinlik çəkmişlər. Çox çətinliklə stulu Şəxs əlindən almışlar və sonuncunu Zərərçəkmiş şəxs otağında çıxarmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid10 və X6 izahatlarında digər Şahid5 izahatında göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunli izahat vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş ƏƏSMN-yi tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı X1 Qazax Rayon Qəbul Şöbəsinin verdiyi 13 mart 2023-cü il tarixli, 3-17-1/2-52331/2023 saylı arayışdan görünürki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı X1 Qazax Rayon Qəbul şöbəsindən heç bir növ pensiya və müavinət almır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 13 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasının əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və şahidlərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin əlamətləri olduğu üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati materiala xitam verilməli, iş üzrə material ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qazax rayon Prokuroruna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən,İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o zaman yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə cinayət məsulliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan material üzrə cinayət işinin başlanılması rədd etmiş və o qənaətə gəlmişdir ki, Şəxs əməlində heç bir cinayətin əlaməti yoxdur, ona görə də Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Zərərçəkmiş şəxs Qazax RMX PHŞ-nin direktoru olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən vəzifəli şəxs hesab olunur. Belə olan halda həmin xəstəxananın pediatriya şöbəsinin müdiri Şəxs direktor Zərərçəkmiş şəxs xidməti otağın daxil olub, onu nalayiq ifadələrlə təhqir edərək, onu stulla vurmağa cəht etməsi, kənardan edilmiş müdaxilələrə baxmayaraq Şəxs yenə də öz hərəkətini davam etdirərək direktor Zərərçəkmiş şəxs israrla əlində olan stulla vurmaq istəməsi Zərərçəkmiş şəxs zor tətbiq etməyə çalışmaqla xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuşdur. Bu hallar həm zərərçəkmiş şəxsin izahatı, həm də məhkəmədə dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli plenum qərarında 85 və 114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd edir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının Cinayət-Prosessual Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə inzibati işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malik olması barədə müraciətin dəlili ilə bağlı qeyd edilməlidir ki, adıçəkilən maddə cinayət prosesini həyata keçirən orqanın iki növ qərarını fərqləndirmişdir: - şəxsin barəsində cinayət təqibini istisna edən qərarlar; - digər qərarlar. Birinci növ qərarlara cinayət təqibini istisna edən hallarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilməsi haqqında qərar, həmçinin məhkəmənin hökmü və ya digər yekun qərarları aiddir. Sadalanan qərarlar mahiyyətinə görə yekun qərar olduğu üçün, belə qərarların qüvvədə olması məhkəmə tərəfindən eyni ittiham üzrə hökm və ya başqa yekun qərarın çıxarılmasını istisna edir. İş üzrə icraatın bərpasına nail olmaq üçün, ilk növbədə, göstərilən qərarların ləğv edilməsi tələb olunur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər yekun qərarı kasassiya qaydasında və yeni açılmış hallar üzrə ləğv edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 65.3-cü maddəsi). Məhkəməyədək qəbul olunan bəraətverici əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar kvaziməhkəmə xarakteri daşıyır. Bu, ilk növbədə, onda təzahür edir ki, məhkəmənin hökm və yekun qərarlarından fərqli olaraq təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təkcə məhkəmə tərəfindən deyil, müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən də ləğv edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 212.4.1ci maddəsi). Lakin nəzərə almaq lazımdır ki, Cinayət-Prosessual Məcəlləsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının yalnız şikayət əsasında ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinin tələblərinə görə, belə qərardan şikayət müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə verilə bilər. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından verilmiş şikayət üzrə aşağıdakı hərəkətlər yerinə yetirilir: İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır (Cinayət-Prosessual Məcəlləsinin 212.4.1-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir ki,- istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur; Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində cinayətin əlamətləri olması faktı müəyyən edilməsi üçün iş üzrə materiallar ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qazax rayon Prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Qazax rayon prokuroruna göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə toplanmış materiallar araşdırma aparılması üçün Qazax rayon Prokuroruna göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar