Məhkəmə qərarları › İş №3(023)-1054/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-1054/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-1054/2025 19.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, X1, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində AYNA Tovuz Regional İdarəsinin inspektoru Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31522619 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31522619 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, etibarnamə əsasında" X4 məxsus **-KR-*** dövlət qeydiyyat nişanlı iri qabaritli yük maşınını idarə edir. Həmin yük maşını ilə avtomobilin tutduğu çəkidə yük (əhəng tozu, metal qırıqları, klinker və s.) götürərək əsasən Qazaxdan Bakı istiqamətində aparır. Avtomobilə normaya uyğun yük vurulandan sonra yola çıxır. Qeyd edir ki, Bakı şəhərinə qədər magistral yolda 3 Elektron Tərəzi mövcuddur. İlk olaraq Ağstafa rayonu ərazisində, sonra Ucar rayonu ərazisində və bir də Bakı şəhərinə çatmamış Qaradağ rayonu ərazisində magistral yolda quraşdırılmış X10dən keçir və əgər qanunda nəzərdə tutulduğundan artıq yük müəyyən edilərsə, o zaman elektron qaydada cərimə yazılır. Yük avtomobilini idarə edən sürücü Qazax rayonundan yükü qanuna müvafiq qaydada müəyyən olunmuş çəkidə yükləyərək yola çıxır aparib zavoda təhvil verir. Bakı şəhərinə gedən istiqamətdə 24 oktyabr 2025-ci il tarixdə M-2 47.9 km Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində sürdüyü avtomobilə cərimə yazılmışdır. Cərima İXM-nin 353.2-ci maddəsi ilə "İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa, düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xəta törədildiyi bildirilmişdir. Qərarın tarixi də xx.xx.2025-ci il saat 20:18 radəsidir. Bu inzibati tənbeh vermə haqqında elektron qararla 600 manat məbləğində cərimə yazılmışdır. Guya maşınına normadan 4490 kq artıq yük vurulmuşdur. Bu tamamilə cəfəngiyyatdır. Bildirir ki, cərimə yazılan avtomobili həmin gün o idarə etmişdir. O, həmin gün Qazax rayonundan "xxxx" MMC-nin Daş Salahlıda yerləşən X16 karxanasından "Əhəng Daşı" məhsullarını əmtəə nəqliyyat qaiməsi ilə çıxış edərək, mal maşınıma yüklənəndən sonra avtomobilin yükü çəkilmiş (ümumi 39780 kq, bundan da 26020 kq yük+13760 kq avtomobilin tarasıdır), avtomobil çəkildikdən sonra və sənədləşdirildikdən sonra avtomobil yola düşmüşdür. Avtomobildə olan yükü Bakı şəhərində, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "X15 Sınaq" MMC-də sənədlərdə göstərildiyi kimi təhvil alınmışdır. Bu da onu göstərir ki, heç bir inzibati xəta törədilməyib, yük avtomobilinə normadan artıq yük vurulmamışdır. O, heç bir inzibati xəta törətməmiş, yük avtomobilinə normadan artıq yük vurmamış, Yükü Qazax rayonu, Daş Salahlı kəndində yerləşən məntəqədən götürür və qaydaya uyğun normada orada yük vurulur. Çünki, magistral yolda iriqabaritli yük avtomobillərinin yükünü ölçən Elektron Tərəzilər mövcuddur. X10 yükün artıq olduğunu ölçərkən həmin an inzibati tənbeh vermə haqqında qərar yazılaraq cərimə olunur. Ona görə də əgər avtomobilə normadan artıq yük vurulsa idi, avtomobil ola çıxarkən ilk olaraq Ağstafa rayonunda yerləşən iriqabaritli maşınların yükünü ölçən elektron tərəzi bu qanun pozuntusunu qeydə alardı. Ağstafadan başqa Ucar rayonu ərazisində magistral yolda yerləşən iriqabaritli maşınların yükünü ölçən elektron tərəzi də qanun pozuntusunu çəkərdi. Belə bir çəkilişlər isə olmayıb. Ola bilməz ki, Ağstafa və Ucar rayonlarında ümumi magistral yolda quraşdırılan elektron tərəzi bir çəki qeydə alsın, Qaradağ rayonu Səngəcal ərazisində magistral yolda yerləşən elektron tərəzi isə başqa biur çəki qeydə alsın. Bundan başqa Əhəng tozunu zavoda təhvil verərkən zavodun öz elektron tərəzisində də çəki normaya uyğun yazılıb. Eyni zamanda ona qeyd edir ki, bu işlərdə təxminən 800 kq-a qədər +,- olur (nəzərə alınır). 4490 kq fərq isə mumkun deyil. Bütün bunlar göstərir ki, qqeyd edilən İnzibati tənbeh vermə haqqında Elektron qərar düzgün deyl və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini məzmununa uyğun çıxış edərək şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında verilən suallara cavab olaraq X2 bildirdi ki, o yükü Qazax rayonu Daş Salahlı kəndində götürmüş və Bakı şəhəri istiqamətinə yola düşmüşdür. O, Ağstafa və Ucar rayonları ərazisindəki magistral yolda yerləşən elektron tərəzilərdən keçərək getmiş, yalnız Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı istiqamətində yerləşən yük tərəzisində normadan artıq 44490 kq çəki ilə qeydə alınmış, həmin yük maşınında çəki normadan artıq olacağı təqdirdə Ağstafa və Ucar rayonlarında yerləşən elektron tərəzilərdə artıq inzibati xəta qeydə alınmalı idi. Eyni zamanda həmin protokolu əldə edəndən sonra AYNA-nə müraciət etmiş həmin idarənin rəisi müavinin onun şikayətinin əsaslı olduğunu və silinəcəyini bildirmiş, daha sonra müsbət nəticə əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində AYNA Tovuz Regional İdarəsinin inspektoru Nümayəndə çıxış edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında verilən suallara cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində AYNA Tovuz Regional İdarəsinin inspektoru Nümayəndə Ağstafa və Ucar rayonlarında ərazisində elektron tərəzinin mövcud olduğunu lakin həmin faktla bağlı izah verə bilməyəcəyini qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Dİn BDYP-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31522619 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2025-ci il tarixində saat 20:18-də M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində “MAN TGX 18.440” yük markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində olan M-2 47.9 km 3C:E4:B0:E5:AC:5A nömrəli stansiyada olan hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi çəkilmiş şəkillərdən görünür ki, icazə verilən maksimal iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki 40000 kq olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə saat 20:18 radələrində “MAN TGX 18.440” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 44490 kq olmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY0010407/25 nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X12 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2025-ci il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Üzərində AAC MMC-nin printer vasitəsilə çap edilən qeydlərdən görünür ki, **-KR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 10:32-də olan çəkim zamanı yüklə birlikdə çəkisi 39780 kq olmuşdur. Üzərində "xxxx" MMC-nin 8440/24 nömrəli kalibrləmə sertifikatının surətindən görünür ki, AAC MMC-yə məxsus ölçmə vasitəsi xx.xx.2024-cü ildə yoxlanılmış və növbəti yoxlamanın tarixi xx.xx.2025-ci il göstərilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir:122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası.122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 8-ci (təqsirsizlik prezumpsiyası prinsipi) maddəsində aşağıdakı qaydada göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Halbuki, iş materiallarında olan 24.10. 2025-ci il tarixli, EQ seriyalı 31522619 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-yə məxus sertifikatı mövcud olan elektron tərəzidə çəkilmiş (X16 Karxanası) Məsmalı Mustafayevin idarə etdiyi **-KR-*** d.q.n.n-lı avtomobilin ümumilikdə yüklə birlikdə çəkisi 39780 kq olduğu halda və həmin MAN TGX 18.440 yük maşını şirkətdən həmin çəkidə yüklə yola çıxaraq Bakı istiqamətində hərəkət zamanı Ağstafa və Ucar rayon ərazisində yerləşən elektron tərəzilərdən keçib gedən zaman 42000 kq çəkidən artıq çəkinin mövcud olması aşkar edilməmişdir. Həmin vaxt artıq çəki mövcud olsaydı həmin hal yol üzrə yerləşən digər elektron tərəzilərdə ardıcıl şəkildə qeydə alınardı. Qeyd edilən halın baş verməsi inzibati xətanın obyektiv tərəfinin sübuta yetirilmədiyini, inzibati xəta haqqında protokolun və onun əsasında inzibati tənbeh vermə haqqında qərarın əsassız tərtib edildiyini göstərir. Mövcud vəziyyətlə bağlı yaranmış əsaslı ziddiyyət səlahiyyətli orqan tərəfindən araşdırılmamış və heç bir hüquqi qiymət verilməmişdir. Halbuki işin hallarında olan ziddiyyətdən yaranan şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin yəni şikayətçinin xeyrinə həll edilməlidir. Beləliklə, X5 barəsində DİN-nin Baş X14i İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31522619 saylı inzibati tənbeh vermə haqqında qərar heç bir mötəbər sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, DİN-nin Baş X14i İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31522619 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş X14i İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati xəta törətməsinə dair DİN-nin Baş X14i İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31522619 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X14i İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar