Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-118/2023 31.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxslər X7, X9, X2 iştirakları ilə xx xxxxx 1994-cü ildə Qazax rayonu Canallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Qazax rayonu Canallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 31 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 mart 2023-cü il tarixdə, saat 18:10 radələrində Qazax şəhəri Bayraq meydanı yaxınlığında kafedə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hərəkətləri törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadə verərək bildirmişdir ki, Qazax rayonu Canallı kəndində qeydiyyatda olmaqla yaşayır. 30 mart 2023cü il tarixdə Qazax şəhəri Bayraq Meydanı deyilən ərazinin yaxınlığında kafedə spirtli içki qəbul etmişdir. Həmin kafedə olan zaman içkili halda otaqların birinin qapısın açmışdır. Bu zaman həmin otaqda olan tanımadığı qadın ona irad bildirmişdir ki, nə üçün qapını icazəsiz açır. Buna görə də, əsəbləşmiş xanıma qarşı ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ərazidə olan polis əməkdaşları ona yaxınlaşmış və nizam intizamlı olmasını, nalayiq ifadə işlətməməsini bildirmişdir. Həmin vaxt sərxoş olduğu üçün yenə öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O polis şöbəsinə getməkdən imtina etmişdir. Ona görə də, onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, Qazax şəhəri ərazisində olan Bayraq Meydanı deyilən əraziyə yaxın yerdə kafedə işləyir. 30 mart 2023-cü il tarixdə, saat 18:00-da bir nəfər kafeyə sərxoş gələrək yemək istəmişdir. O, həmin şəxsə yemək olmadığını bildirmişdir. Bu zaman həmin şəxs ona qarşı ucadan nalayiq ifadə işlətmişdir. Həmin vaxt ərazidə olan polis əməkdaşları gəlmiş, həmin şəxsi nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Ona görə də həmin şəxsi məcburi qaydada Qazax RPŞ-mə aparmışlar. Polis şöbəsində həmin şəxsin Şəxs olmasını bilmişdir. Hazırda Aydın adlı şəxsdən şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, Qazax RPŞ-nin PPXB-nün manqa komandiri vəzifəsində işləyir, polis nəfəridir. 30 mart 2023-cü il tarixdə, Bayraq meydanı yaxınlığında polis nəfəri Şakir Sərkərnamazovla xidmətdə olan zaman, orada olan kafedən səs-küy gəldiyini eşitmişdir. Bu zaman həmin kafeyə yaxınlaşmış və bir nəfər tanımadığı şəxsin orada işləyən xanıma qarşı nalayiq ifadə işlətdiyini görmüşdür. Həmin şəxsə yaxınlaşaraq nizam intizama dəvət etmiş, lakin həmin şəxs öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs polis şöbəsinə getməyəcəyini bildirərək tabesizlik göstərmişdir. Buna görə də, həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Polis şöbəsində həmin şəxsin Qazax rayon Canallı kənd sakini Aydın adlı şəxs olduğunu bilmişdir. Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X3 ifadəsində digər şahid Rəhman Pəlilovla eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmiş və Aydın Niftalıyevdən şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X6 Qazax rayon Qəbul şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli, 33 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 30 mart 2023-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 mart 2023-cü il tarixdə, saat 21:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmiş şəxslər X4, X5, X1 ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi özünü etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 30 mart 2023-cü il tarixdə, saat 18:10 radələrində Qazax şəhəri Bayraq meydanı yaxınlığında kafedə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 mart 2023-cü il tarixdən, saat 21:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-118/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-118/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver