Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-132/2023 12.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Protokol tərtib etmiş şəxs Qazax RPŞ-nin DYPB-nin baş inspektoru X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Laçın rayonunun Nağdalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün 05 aprel 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis X4 Xidməti baş inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 27 mart 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 mart 2023-cü il tarixdə idarə etdiyi “HYUNDAİ HD-65” markalı H021029 dövlət qeydiyyat nişanlı avtomobillə arxaya manevr etmə qaydasını pozaraq VAZ 21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 10 mart 2023-cü il tarixdə, təxminən saat 11:20 radələrində idarə etdiyi “HYUNDAİ HD-65” markalı H021029 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəridə yerləşən “İnter inşaat” mağazasının yerləşdiyi ərazidən avtomobili arxa-arxaya idarə edərək magistral yola çıxmaq qərarına gəlmişdir. Avtomobili saxladığı yerdən təxminən 10 metr məsafə qət edib magistral yola çıxdıqdan sonra çıxdığı hərəkət zolağında öz hərəkət zolağı ilə hərəkətdə olan VAZ 2106 markalı avtomobil anidən idarə etdiyi avtomobilin arxa sol hissəsindən vurmuş və idarəetməni itirərək əks hərəkət zolağına çıxaraq yolun ehtiyat hissəsindən çıxaraq magistral yolun kənarındakı dərəyə düşmüşdür. Yol-nəqliyyat hadisəsi zamanı VAZ 2106 markalı avtomobilin sürücüsü xəsarət almışdır. Hazırda əməlindən peşmandır. Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Odur ki, onun barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 10 mart 2023-cü il tarixdə, saat 10 radələrində VAZ 21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb yanacaq doldurma məntəqəsinə getmiş, oradan isə Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən çayxanaya getmək üçün yola çıxmışdır. Təxminən 150-200 metr getdikdən sonra “İnter inşaat” mağazasının qarşısında anidən yük avtomobili arxa-arxaya çıxmışdır. Hadisə anidən baş verdiyindən avtomobillə yük avtomobilinin arxasına dəyərək idarə etməni itirib yolun kənarındakı dərəyə düşmüşdür. Hadisə nəticəsində o yüngül xəsarət almışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən Şəxs heç bir şikayəti və tələbi olmadığını bildirdi və bu barədə yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs 10 mart 2023-cü il tarixdə, təxminən saat 11:20 radələrində idarə etdiyi “HYUNDAİ HD-65” markalı H021029 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəridə yerləşən “İnter inşaat” mağazasının yerləşdiyi ərazidə arxaya manevr etmə qaydasını pozaraq avtomobillə toqquşmuş və VAZ 21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı idarəetməni itirərək əks hərəkət zolağına çıxaraq yolun ehtiyat hissəsindən çıxaraq magistral yolun kənarındakı dərəyə düşmüşdür. Yol-nəqliyyat hadisəsi zamanı VAZ 21063 markalı avtomobilin sürücüsü xəsarət almışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın, Zərərçəkmiş şəxs əməlində həmin Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan, onların barəsində həmin maddələrlə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan bədən xəsarətinin təyini haqqında 07 yanvar 2022-ci il tarixli 02 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onu bədəni üzərində-sağ və sol budun bayır səthlərinin, sol və sağ dizin bayır səthlərinin, sağ diz çuxurunun qançırları, sağ diz oynağının hərəkət məhdudluğu xəsarətləri aşkar edilmişdir ki, həmin xəsarətlər küt-bərk əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan bədən xəsarətinin təyini haqqında 10 mart 2023-cü il tarixli 118 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onu bədəni üzərində - alın nahiyyəsinin yaraları, sol dizin alt səthində və sol baldırın aşağı 1/3 -nin sıyrıqları xəsarətləri aşkar edilmişdir ki, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 10 mart 2023-cü il tarixli 22 saylı aktdan görünür ki, Şəxs 10 mart 2023-cü il tarixdə saat 13:50-də tibbi yoxlamadan keçirilmiş və o, ayıq olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 10 mart 2023-cü il tarixli 94/1 saylı aktdan görünür ki, Zərərçəkmiş şəxs 10 mart 2023-cü il tarixdə saat 13:40-da tibbi yoxlamadan keçirilmiş və o, ayıq olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs Naidr oğlunun ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qazax Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və o, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qazax Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-132/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-132/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver