Məhkəmə qərarları › İş №3(023)-154/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-154/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-154/2023 25.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə xx xxxx 1989-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, Ağstafa şəhəri R.Əsədov küçəsi ev 56-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 25 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Qazax şəhəri Bakı küçəsində narkotik vasitə olan heroindən istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, Ağstafa şəhəri R.Əsədov küçəsi ev 56-da yaşayır. Evlidir. Heç bir yerdə işləmir. Uzun müddətdir ki, nrakotik vasitələrdən istifadə edir. Narkotik alüdəçisidir. Əvvəllər narkotik istifadə etdiyini görə məhkum olunmuşdur. Sonuncu dəfə 14 mart 2023-cü il tarixdə yaşadığı Ağstafa şəhərindən çıxaraq Qazax şəhərinə gəlmiş, bir az şəhərdə gəzdikdən sonra, təxminən 18 radələrində Bakı küçəsində narkotik vasitə olan heroindən istifadə etmişdir. Həmin narkotik vasitəni Ağstafa şəhərində yerdən tapmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 24 aprel 2023-cü il inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 aprel 2023-cü il tarixdə, saat 18:25 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli 691 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Ağstafa rayon Qəbul şöbəsinin verdiyi 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Ağstafa rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan 24 aprel 2023-cü il tarixli, 934/2023 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində OPİ (heroin) aşkar edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, ekspertiza rəyi, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş subutlarla məlum olmuşdur ki, Şəxs 14 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Qazax şəhəri Bakı küçəsində narkotik vasitə olan heroindən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərədə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 24 aprel 2023-cü il tarixdən, saat 18:25-dən hesablanmalı, Şəxs əsas cəza olan inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 aprel 2023-cü il tarixdən, saat 18:25-dən hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası inzibati həbs hissədə Qazax Rayon Polis Şöbəsinə, narkomaniyadan məcburi müalicə hissədə isə Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar