Məhkəmə qərarları › İş №3(023)-165/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-165/2023

29.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-165/2023 29.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1970-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə əlilliyi olmayan, himayəsində bir nəfər az yaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 29 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Qazax Rayon İcra Hakimiyyəti İnzibati binasında səs-küy salaraq İcra Hakimiyyətinin iş fəaliyyətini pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hərəkəti törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Himayəsində bir nəfər az yaşlı uşağı vardır. Heç bir əlilliyi yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir, meyvə-tərəvəz sataraq qazanc əldə edir. X2 onun bacısıdır. X3 ilə münbasibətləri pozulmuşdur. X3 mütamadi olaraq evdə yersiz söz-söhbət yaradaraq onunla mübahisələr edir. Dəfələrlə bacısı onu polis şöbəsinə şikayət etmişdir ki, guya o bacısnı döyür. Sonuncu dəfə 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində bacısı X1 ondan etdiyi şikayət ilə əlaqədar olaraq Qazax rayon İcra Hakimiyyəti Başçısının qəbulunda olmuşdur. Qəbulda olan zaman bacısının ona şər böhtan atmasına görə əsəblkəşmiş, özünü qeyri səmimi aparmış, Qazax RİH-nin inzibati binasında uca səslə səs-küy salaraq iş rejimini pozmuşdur. İnzibati binada olan işçilər ona yaxınlaşaraq nizam intizamlı olmasını, uca səslə danışmamasını ona hildirmişlər. Lakin o çox əsəbi olduğu üçün hərəkətlərini davam etdirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Heydər qızı izahat verərək bildirmişdir ki, Şəxs onun əridir. Onlar əri Şəxs X3 ilə bir həyətdə, ayrı-ayrı otaqlarda yaşayırılar. Ərinin bacısı X2 evdə mütamadi olaraq yersiz mübahisələr yaradaraq Şəxs şər böhtan atır. Könül Məmmədova dəfələrlə polis şöbəsinə şikayət etmişdir ki, guya Şəxs onu döymüşdür. Sonuncu dəfə 28 aprel 2023-cü il tarixdə yenə Könül əri Şəxs şikayət etmiş və Şəxs Qazax RİHB-nın qəbulunda olmuşdur. Qəbula gedən zaman o, əri Şəxsla Qazax RİH-nin inzibati binasına daxil olmuş, lakin fərdi qəbula girməmişdir. Əri Əşrəf qəbulda olan zaman sonuncunun əsəbi halda uca səslə danışdığını, səs-küy saldığını eşitmişdir. İcra hakimiyyətinin işçiləri əri Əşrəfi sakitləşdirməyə çalışmışlar. Lakin əsəbi olduğu üçün Əşrəf özünü saxlaya bilməmiş və öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli aktdan görünür ki, Şəxs 28 apel 2023-cü il tarixdə həqiqətən Qazax RİH başçısının, Qazax Rayon Polis Şöbəsinin rəisinin və Qazax Rayon Prokurorunun müavinin qəbulunda olarkən Şəxs özünü nizamintizamsız aparmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, şahid izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətannı törətməsi özünü etiraf edici izahatı, şahid izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Qazax Rayon İcra Hakimiyyəti İnzibati binasında səs-küy salaraq İcra Hakimiyyətinin iş fəaliyyətini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması və himayəsində bir nəfər az yaşlı uşağın olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində aşağı həddə inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 aprel 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar