Məhkəmə qərarları › İş №3(023)-19/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-19/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-19/2025 03.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa şubet qızının katibliyi, xx.xx.1983-cü il tarixdə anadan olan, İran İslam Respublikasının vətəndaşı, İran İslam Respublikası, Mərənd şəhəri, Cəlləban ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 21 yanvar 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinin yoxlanması zamanı Şəxs-nin idarə etdiyi “VOLVO” markalı 91AB709/ 91AB710 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının salonunda, gömrük orqanlarına bəyan edilməyən üzərində “KM-100D-B” yazısı olan 8 (səkkiz) ədəd, üzərində “DP12” yazısı olan 65 (altım beş) ədəd, üzərində “PEC8” yazısı olan 170 ədəd, ehtıyyat hissəsinə bənzər predmetlər aşkar edilmiş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinə gömrük yoxlaması haqqında protokoldan görünür ki, Nəqliyyat vasitəsinin yoxlanması zamanı Şəxs-nin idarə etdiyi “VOLVO” markalı 91AB709/ 91AB710 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının salonunda, gömrük orqanlarına bəyan edilməyən üzərində “KM-100D-B” yazısı olan 8 (səkkiz) ədəd, üzərində “DP12” yazısı olan 65 (altım beş) ədəd, üzərində “PEC8” yazısı olan 170 ədəd, ehtıyyat hissəsinə bənzər predmetlər aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “VOLVO” markalı 91AB709/ 91AB710 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində qaçaqmalçılıq predmeti aşkar olduğuna görə nəqliyyat vasitəsinin saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ticarət və sənaye Palatası “Azərbaycan” Birliyinin xx.xx.2025-ci il tarixli, 01-T nömrəli ekspertiza aktından görünür ki, təqdim olunan mallar “KM-100D-B” yazısı olan 8 (səkkiz) ədəd, üzərində “DP12” yazısı olan 65 (altım beş) ədəd, üzərində “PEC8” yazısı olan 170 ədəd, ehtıyyat hissələridir və həmin malların keyfiyyat yoxlanılmaması müəyyən edilmişdir.Təqdim edilən ehtiyyat hissələrinin KM-100D-B” yazısı olan 1 ədədi 130 manat, üzərində “DP12” yazısı olan 1 ədədi 10 manat, üzərində “PEC8” yazısı olan 1 ədədi 15 manatdır. Qiymətlər ehtiyyat hissələri mağazalarındakı orta bazar qiymətinə əsaslanmışdır. Cəmi 4240 manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “VOLVO” markalı 91AB709/ 91AB710 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “VOLVO” markalı 91AB709/ 91AB710 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 4240 manat olan “KM-100D-B” yazısı olan 8 (səkkiz) ədəd, üzərində “DP12” yazısı olan 65 (altmış beş) ədəd, üzərində “PEC8” yazısı olan 170 ədəd mallar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 4240 manat dəyərində “KM-100D-B” yazısı olan 8 (səkkiz) ədəd, üzərində “DP12” yazısı olan 65 (altmış beş) ədəd, üzərində “PEC8” yazısı olan 170 ədəd mallar müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar