Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-191/2025 04.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: Qazax Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material iş üzrə yekun qərar qəbul edilməsi üçün natamamdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 469.2-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 469.2-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən: 127-4.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda aşağıdakı məlumatlar göstərilir: 127-4.3.1.qərarın çıxarıldığı tarix və vaxt; 127-4.3.2. inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 127-4.3.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar; 127-4.3.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, fiziki şəxs işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, vəzifəli şəxsə münasibətdə habelə vəzifəsi);[ 127-4.3.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 127-4.3.6. inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumatlar; 127-4.3.7. inzibati tənbeh vermə haqqında elektron qərardan bu Məcəllənin 127- 6.1-ci maddəsinə uyğun olaraq şikayətin verilməsi müddəti və qaydası 127-4.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 127-5.1. Bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 127-5.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir; 127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 127-5.1.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 127-5.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə bu Məcəllənin 127-5.1.1 – 127-5.1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onların əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 127-5.3. İnzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-5.4. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Belə ki, inzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixdə tərtib olunmuş MN ******* nömrəli protokolu Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbi pozularaq 5 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta edilməməsinə görə tərtib edilmiş və inzibati xəta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təhlil Alt sistemi vasitəsilə aparılan təhlillər zamanı aşkar edilmişdir. Qeyd olunan hüquqi mövqeni hazırki işin müəyyən olunmuş faktiki halları ilə uzlaşdırdıqda müəyyən olunur ki, inzibati xəta alt sisteminin təhlilləri nəticəsində aşkar edilsə də, inzibati xəta haqqında protokol tərtib edən vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin imperativ tələblərinə riayət edilməmişdir. Şəxs MMC barəsində real vaxt rejimində elektron protokol tərtib edilməmiş və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmamışdır. Qeyd edilən əsaslar üzrə göstərilən nöqsanların aradan qaldırılması üçün inzibati xəta haqqında material Qazax Rayon məhkəməsinin qərardadı ilə səlahiyyətli orqana geri qaytarılsada, səlahiyyətli orqan həmin nöqsanları aradan qaldırmadan həmin materialı təkrar məhkəməyə göndərmişdir. Səlahiyyətli orqan məhkəməyə ünvanladığı məktubunda inzibati xətanın AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi vasitəsilə deyil, Təhlil Alt sistemi üzərindən aşkar edilməsini qeyd etsədə düzgün hüquqi nəticəyə gələ bilməmişdir. Məhkəmə səlahiyyətli orqanın diqqətinə çatdırır ki, AR İXM-nin 127-4.1-ci maddəsinin tələbindən aşkar görünür ki, bu maddənin təsir dairəsi inzibati xətanın yalnız AR ƏƏSMN-nin elektron informasiya sistemi ilə deyil, digər informasiya sistemlərinin vasitəsi ilə aşkar edilməsi hallarınada şamil edilir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamənin 2-ci bəndində “Əmək və məşğulluq” , “Sığorta” və “Dövlət icbari şəxsi sığorta” altsistemlərinin X1 Sisteminin strukturuna daxil olduğu göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan qərardadda qeyd olunanları mübahisələndirmədən, nöqsanları aradan qaldırmalı və qüvvədə olan qanunvericiliyin tələblərinə tam riayət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Belə ki, iş materiallarında Şəxs MMC-nə inzibati xəta haqqında işə baxılması ilə bağlı məlumat verilməsini təsdiq edən hər hansı mötəbər sənəd (məktubların reyestri, xəbərnamə və s.) iş materiallarına əlavə edilməmişdir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək (İXM-nin 100.1.7-ci maddəsi), işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır (İXM-nin 61-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana –Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X3 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-191/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-191/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver