Məhkəmə qərarları › İş №3(023)-195/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-195/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-195/2025 04.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs, Zərərçəkmiş şəxs X1 İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, xx.xx.1996-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində 7-ci massiv ev 20A-da qeydiyyatda olan və Qazax rayonu Ağköynək kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(023)-50/2024 nömrəli icra vərəqəsinə əsasən X1 xx.xx.2018-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması təmin edilmişdir. İcra vərəqələrinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin dəthal icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, icra sənədini icra etməkdən yayınmışdır. Belə ki, borclu bildirmişdir ki, uşaq azyaşlı olduğundan uşağı görüş yerinə gətirməmiş və atasına verməmişdir. Borclu çağrışlara gəlməmişdir. X1 uşağı ilə görüşməsinə imkan yaratmır. Qeyd olunanları nəzərə alaraq, borclunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkən şəxs X4 bildirdi ki, əvvəllər uşaqla ünsiyyət olmuşdur, lakin sonradan uşağı ilə görüşə bilməmişdir. Odur ki, uşağı il görüş verilməsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilmir, belə ki, uşağın atası ilə görüşunə maneə yaratmamışdır. İcra məmurunun qanuni tələbləri ona tam aydın olmadığını qeyd etmiş və uşaqla ünsiyyətə manəçilik yaradılmasında dair heç bir addım atmamışdır. İcra məmurunun çağırışına gəlmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, hazırki məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(023)-50/2024 nömrəli icra vərəqəsinə əsasən X1 xx.xx.2018-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması təmin edilməsi qət edilmişdir. Həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin dərhal icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar