Məhkəmə qərarları › İş №3(023)-231/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-231/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-231/2023 06.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, X1 və İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs iştirakı ilə xx xxx 1980-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi X4 tərəfindən tərtib olunmuş 06 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(023)-607/2020 saylı icra vərəqəsi üzrə 8490 manat aliment borcunu tələbkar X2 ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 06 iyun 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X4 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(023)-607/2020 saylı icra vərəqəsi 22 iyun 2020-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş və barəsində axtarış elan edilmişdir. Həmçinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Hazırda Şəxs tələbkar X2 8490 manat aliment borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. X10 isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş borclu Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Çaylı kəndində yaşayır. Qazax Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(023)-607/2020 saylı icra vərəqəsinə əsasən ondan Əli, Hüseyn və Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 mart 2020-ci il tarixdən başlayaraq ayda hər uşağa 130 manat, cəmi 390 manat miqdarında aliment tutularaq X2 ödənilməlidir. O, həmin qətnamə üzrə yaranmış aliment borcunu inkar etmir. Maddi imkanı zəif olduğu üçün alimenti ödəyə bilməmişdir. Hazırda onun X10ya 8490 manat məbləğində aliment borcu vardır. Həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Ayda hissə hissə olaraq 100 manat ödəməyə razıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş tələbkar X7 izahat verərək bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(023)-607/2020 saylı icra vərəqəsinə əsasən Əli, Hüseyn və Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 mart 2020-ci il tarixdən başlayaraq ayda hər uşağa 130 manat, cəmi 390 manat miqdarında aliment Şəxs tutularaq ona ödənilməlidir. Lakin borclu Şəxs ona olan borcunu ödəmir. Hazırda Şəxs ona 8490 manat aliment borcu vardır. Həmin borcun hissə-hissə ödənilməsinə razı deyil. Borcun tam şəkildə ödənilməsini tələb edir. Borcun tam şəkildə ödənilmədiyi halda Şəxs həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(023)- 607/2020 saylı icra vərəqəsindən görünür ki, 29 dekabr 2014-cü ildə anadan olmuş Əli, 14 aprel 2016-cı ildə anadan olmuş Hüseyn və 19 sentyabr 2018-ci ildə anadan olmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs 17 mart 2020-ci ildən başlayaraq ayda hər uşağa 130 manat, cəmi 390 (üç yüz doğsan) manat miqdarında aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(023)-607/2020 saylı icra sənədinə 22 iyun 2020-ci il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsionə dəvət olunaraq izahatı alınmış və tələbin məcburi qaydada ödənilməsi üçün bildiriş göndərilmişdir. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs Qazax Rayon İcra və probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Qazax Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(023)-607/2020 saylı icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsində icraatı başlanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün icra məmuru tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, xəbərdarlıqlar edilmiş, izahatı alınmış, barəsində axtarış elan edilmiş, lakin borclu Şəxs borcunu tam şəkildə tələbkar X2 ödəməmişdir. İş materialarında olan sənədlərdən görünür ki, iş üzrə tələbkar X7 ərizə ilə Qazax Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclu Şəxs ona olan aliment borcunu ödəmədiyini, ona görə də, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, tələbkarın izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Qazax Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(023)-607/2020 icra vərəqəsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində axtarış verilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, həmçinin ödənilməmiş aliment borcunun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 iyun 2023-cü il tarixdən, saat 20:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar