Məhkəmə qərarları › İş №3(023)-249/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-249/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-249/2023 19.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş Şəxs müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx xxxx 1981-ci ildə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qazax rayonu Dəmirçilər kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Şəxs yaşadığı Qazax rayonu Dəmirçilər kəndində yerləşən evinə baxış keçirilən zaman həmin evdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə hesab edilən ümumi çəkisi 0,190 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikasının DTX-nin Baş İstintaq İdarəsində həmin faktla əlaqədar aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, inzibati məsuliyyətə cələb edilmə məsələsinə baxılması üçün toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmiş, həmin idarə tərəfindən isə Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-291/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Hazırki inzibati xəta haqqında işə baxılması ilə əlaqədar barəsində inzibati icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək barəsində olan inzibati iş üzrə məhkəmə iclasını iştirakı olmadan keçirib qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq işə barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və xx.xx.2023-cü il tarixli qərarla X1 məhkəmə iclasında hüquqlarının müdafiəsi üçün Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət hesabına vəkil təyin edilmişdir. Məhkəmə iclasında müdafiəçi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 7/1302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “202990087 N-li cinayət işi üzrə Şəxs aşkarlanaraq götürülmüş narkotikə bənzər maddə...” yazı və imzalar olan zərfdə 1 ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,190 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. QEYD: Marixuananın təmiz çəkisi 0,190 qram, tədqiqata sərf edilən ümumi miqdar- 0,05 qram, qalıq 0,140 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan çıxarışdan görünür ki, Şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,190 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana ( tədqiqata sərf edilən ümumi miqdar 0,05 qram, qalıq 0,140 qram) maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Şəxs ifadəsində göstərmişdir ki, Dəmirçilər kəndinin otlaq sahəsində yabanı halda bəzən çətənə kolu yetişir. 2022-ci ilin oktyabr ayının sonlarında quzu otararkən çətənə kolunu tanımış, həmin koldan bir neçə yarpaq qopartmışdır. Qalan kolları isə quzular yemişdir. Daha sonra həmin yarpaqları evdə qurudaraq bəzən siqaret çəkərkən arasına qoyaraq çəkmişdir. 31 oktyabrda DTX-nin əməkdaşları evdə yaxud üzərində hərhansı qanunsuz əşya olduğunu soruşduqda o könüllü olaraq gödəkcəsinin cibində olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin narkotik vasitədən heç kimə verməmiş, sadəcə özü üçün yabanı halda bitən çətənə kolu tapanda dərərək qurudub çəkmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi işdə olan baxış keçirilməsi haqqında protokol, ekspertiza rəyi, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş subutlarla məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Şəxs yaşadığı Qazax rayonu Dəmirçilər kəndində yerləşən evinə baxış keçirilən zaman həmin evdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə hesab edilən ümumi çəkisi 0,190 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 19 iyun 2023-cü il tarixdən, saat 17:50-dən hesablanmalı, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan təmiz çəkisi 0,140 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 19 iyun 2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan təmiz çəkisi 0,140 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası inzibati həbs hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinə, maddi sübutun məhv edilməsi hissədə isə ərazi üzrə Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar