Məhkəmə qərarları › İş №3(023)-249/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-249/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-249/2024 04.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə iştirakları ilə, xx.xx.2002-ci ildə Qazax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə MN ******* nömrəli, 04 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli, 04 iyul 2024-cü il tarixli protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt raportla təsdiq edilir. Bununla da o, AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında protokolun DYPB əməkdaşının raportu əsasında tərtib olunduğunu, protokolu müdafiə etdiyini, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə, oğlu inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edən hər hansı mötəbər sübut olmasa da, iş materiallarına raportun və DYPB-nin əməkdaşlarının izahatlarının əlavə edildiyini, özünün hadisənin şahidi olmadığını və sadəcə raport əsasında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, özünü AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində özünə məxsus Opel Vektra markalı avtomobil ilə Qazax şəhəri M.Hüseyn küçəsi ilə hərəkətdə olan zaman DYP-nin əməmkdaşları ona saxla işarəsi vermiş və oda avtomobili kənara çəkib saxlamışdır. O, avtomobildən düşərək saxlanma səsəbini soruşmuş, həmin polis əməkdaşları avtomobilinin qabaq sol tərəf yan şüşəsində pilyonka olduğunu bildirərək avtomobilinin RPŞ-nin inzibati binasına aparılacağını bildirmişlər. O, da avtomobilinin heç bir yerə getməyəcəyini onlara bildirmişdir. Polis əməkdaşları israr etsələrdə o, fikrindən daşınmadığı üçün polis əməmkdaşları onunla yüksək səslə danışaraq əgər tabesizlik göstərərsənsə məcburi qaydada RPŞ-nə aparacaqları bildirmişlər. Bundan sonra o polis əməmkdaşları ilə birlikdə RPŞ-nin inzibati binasına getmişdir. Sədrlik edənin sualına cavab olaraq Şəxs bildirmişdir ki, DYPB-nin əməkdaşları onu saxlayan zaman idarə etdiyi Opel Vektra markalı, **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq yan şüşələrinin plyonka olduğunu ona deyərək iradlarını bildirdikdən sonra Şəxs həmin plyonkanı yerində sökərək aradan qaldıracağını desədə DYPB-nin əməkdaşları onu Polis Şöbəsinə aparacaqlarını demişlər. Həmin vaxt Şəxs sözlə öz haqlı narazılığını bildirdiyini, daha sonrada DYPB-nin inspektoru ilə birlikdə könüllü olaraq özünün idarə etdiyi avtomaşınla Polis Şöbəsinə gəldiyini qeyd etmişdir. Həmin vaxt DYPB-nin əməkdaşları ilə aralarında heç bir mübahisənin olmadığını və polisin tələbinə riayət etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYPB-nin inspektoru Şahid2 bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 19:05 radələrində Qazax RPŞ-nin DYPB-nin inspektoru Şahid1 ilə Qazax şəhəri M.Hüseyn küçəsində xidmətdə olan zaman Opel Vektra markalı, **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat avtomobilin yan qabaq şüşəsinin pilyonkalı olduğunu görüb saxla işarəsi verdik. Avtomobili idarə edən şəxs avtomobili saxladıqsan sonra onlar yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, avtomobilin qabaq şüşələrində pilyonka vurulmasının qanunla qadağan olunduğunu, bu səbəbdən ona protokol tərtib olunacağını bildirmişlər. Lakin həmin avtomobilin sürücüsü buna etiraz edərək onlarla köbud danışmışdır. Onlar onu nizam intizamlı olmağa dəvət etmişlər, lakin onlara məhəl qoymadan onların qanuni tələbinə tabe olmayaraq, yüksək səslə onlara iradlarını bildirməyə başlamışdır. Belə olan halda ona RPŞ-nə getməsini bildirmişlər, lakin həmin şəxs onların dediklərinə məhəl qoymayaraq heç bir yerə getməyəcəyini bildirmiş, təkrar olaraq həmin vətəndaşa qanuni tələblərinə tabe olmağa dəvət edərək RPŞ-nə getməyi bildirsələrdə o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq avtomobilə əyləşərək oradan uzaqlaşmaq isdəmiş, bu zaman onu məcburi qaydada Qazax RPŞ-nə apararaq növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə onlara məlum olmuşdur ki, həmin şəxs ünvan 1-də qeydiyyatda olan Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYPB-nin inspektoru Əliyev X1 Səddam Aqif oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, 04 iyul 2024-cü il tarixli protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. “İnzibati qaydada tutma haqqında” 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 03 iyul 2024-cü il tarixdə, saat 19:40-da tutulmuşdur. Şəxs Qazax Rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, o, özünü törədilməsi ona istinad edilən əməllərdə təqsirli bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması, öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 96.1.5 maddəsinə göstərilmişdir ki, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsinin sürücüsü onun idarə olunmasından kənarlaşdırılır. Qanunvericiliyin tələbi belə olduğu halda Qazax RPŞ-nin DYPB-nin əməkdaşları saxladıqları Opel Vektra markalı, **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq yan şüşələrinə çəkilmiş plyonkanı sökərək pozuntunu yerində aradan qaldırmaq imkanlarının olmasına baxmayaraq, qanunvericiliyin tələblərinə riayət etmədən Şəxs Polis Şöbəsinə dəvət etmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələbinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolların məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir obyektiv və mötəbər hesab edilən sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrlə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar