Məhkəmə qərarları › İş №3(023)-258/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-258/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-258/2023 04.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 22 iyun 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan, 19 may 2023-cü il tarixli “gömrük yoxlaması haqqında” protokoldan müəyyən edilir ki, Şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 99SM153/99ZE735 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda yataq yerindən 40 qutu “Marlboro edge one” markalı gömrük orqanına bəyan olunmayan siqaretlər aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 iyun 2023-cü il tarixli 7/787-9/4031 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş “Marlboro touch one” markalı ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 2 qutusunun xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 7,00 manat, 40 qutusu ümumilikdə təxminən 280,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə “Mercedes-Benz” markalı, 99SM153/99ZE735 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “Mercedes-Benz” markalı, 99SM153/99ZE735 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 280 (iki yüz səksən) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla üzərində “Marlboro touch one” yazısı olan 40 (qırx) qutu siqaretlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 280 (iki yüz səksən) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla üzərində “Marlboro touch one” yazısı olan 40 (qırx) qutu siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar