Məhkəmə qərarları › İş №3(023)-291/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-291/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-291/2025 16.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, məhkəmə iclasının katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Qazax rayonunda anadan olmuş, evli, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindəb daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Qazax rayonu, Ağköynək kəndi ərazisində su kanalının yaxınlığında olan qonşusu Zərərçəkmiş şəxs Əbdurəhim oğluna məxsus üzüm sahəsinin yanından keçən zaman üzüm sahəsinin içində 01 ədəd ot biçən aparatının olduğunu görmüş və gizli yolla talayıb Zərərçəkmiş şəxs Əbdurəhim oğluna 50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunan oğurluq hadisə ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə izahatında göstərmişdir ki, Şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Qazax rayon Ağköynək kəndi ərazisində yerləşən üzüm sahəsindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd ot biçən aparatı oğurlayaraq Zərərçəkmiş şəxs 50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli billərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Qazax rayon Ağköynək kəndi ərazisində yerləşən üzüm sahəsindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd ot biçən aparatı oğurlamışdır.Daha sonrada həmin aparatı aparıb 10 manata satmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qazax rayonu Ağköynək kəndində 1,80 ha pay torpaq sahəsi var. O, həmin yerdə üzüm əkmişdir. Vaxtaşırı olaraq burada olan üzüm tənəkləri arasındakı otu biçmək üçün özünə 50 manata istifadədə olan və markasını xatırlamadığı ot biçən aparat almışdır. 2025-ci ilin mart ayında Qazax rayonu Çaylı kənd sakini X4 onun meyvə bağında olan ağacların arasında həmin ot biçən aparatla iş görmüşdür. xx.xx.2025-ci ildə Zaur yenə həmin ot biçən aparatla iş görərək otu biçmişdir. Bundan sonra həmin gün Zaur ot biçən aparatı çöl sahəsində üzüm tənəyinin arasına qoymuşdur. xx.xx.2025-ci ildə o, Bakı şəhərinə getmiş, xx.xx.2025-ci ildə Bakı şəhərindən qayıtmışdır. xx.xx.2025-ci idə isə, o, üzüm sahəsinə nəzarət etmək üçün gedəndə həmin yerdə Zaurun qoyduğu və ona məxsus olan ot biçən aparatın olmadığını aşkar etmişdir. Bundan sonra o, nə qədər axtarsa da, ot biçən aparatı tapa bilməmişdir. Həmin gün axşam üstü o, Qazax rayonu Çaylı kəndində Zaurun evinə getmişdir. Ona kimi Zaura məxsus telefona dəfələrlə zəng etsə də, telefona cavab verməmişdir. O, Zaurgilin evinə gedəndə Zaur ot biçən aparatı götürmədiyini, ot biçən aparatla iş görəndən sonra sahəyə qoyduğunu bildimrişdir. Bundan sonra o, Zaurgilin evindən gəlmiş və xx.xx.2025-ci ildə Qazax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bu gün ona Polis şöbəsindən bildirilmişdir ki oğurluq edən Şəxsdur. Şikayətçidir. Həbslə bağlı cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş 12 aprel 2025-ci il tarixli Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış təhqiqat materialı əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxs(lər)in müəyyən edilməsi və AR İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:20-də tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X2 verdiyi məktubdan görünür ki, Şəxs ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X1 heç bir növ əmək pensiyası, sosial müavinət və Prezident təqaüdü almır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törətməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 aprel 2025-ci il tarixdən saat 10:20-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar