Məhkəmə qərarları › İş №3(023)-33/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-33/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-33/2025 30.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, xx xxxx 1997-ci il tarixdə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonu Aslanbəyli bələdiyyəsinin sədri vəzifəsində çalışan, Qazax rayonunun Aslanbəyli kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qazax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi X1 tərəfindən tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, MN1531710 nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə 22 yanvar 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Aslanbəyli bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərinə əsasən 2024-cü ilin 29 dekabr ayı ərzində qəbul edilmiş iclas qərarının (aktının) surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana sözü gedən qərarlar (aktlar) qəbul edildiyi andan 3 iş gün müddətində göndərməli olduğu halda, həmin müddətdən gec təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aslanbəyli bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aslanbəyli bələdiyyəsinin sədri Şəxs bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etməmişdir. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. 6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. 6.2. İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta informasiya sistemində yerləşdirildiyi tarixdən 15 iş günü, əlavə araşdırma tələb olunarsa, 30 iş günü müddətində baxılmasını təmin edir. İcraat zamanı əlavə məlumatların və ya sənədlərin əldə edilməsi tələb edildikdə, inzibati nəzarəti həyata keçirən orqanın həmin müddəti 30 iş günü uzatmaq hüququ vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, Aslanbəyli bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, 29 dekabr 2024-cü il tarixli, 20 saylı iclasında qəbul edilmiş qərarın (aktın) surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinə sözü gedən qərarı (aktı) qəbul edildiyi andan 3 iş günü müddətində təqdim etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinin tələbinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə- vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar