Məhkəmə qərarları › İş №3(023)-341/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-341/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-341/2023 23.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlu sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlu katibliyi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1969-cu ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax RPŞ-nin Polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 23 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 avqust 2023-cü il tarixdə, saat 21:35-də Qazax rayonu, Canallı kəndində küçədə ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa Qazax RPŞ-nin Polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 23 avqust 2023-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 avqust 2023-cü il tarixdə, saat 21:35 radələrində Qazax rayonu, Canallı kəndi ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qazax rayonu Kosalar kəndində ailəsi ilə birlikdə yaşayır. Oğlu hərbiçidir. Kəlbəcər rayonunda xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Qazax rayonu Canallı kəndində yerləşən marketdən ərzaq alıb yaşadığı evə gedərkən DYP-nin xidməti avtomobilində olan polis əməkdaşları ona saxla əmri verimiş, o avtomobili saxladıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq sərxoş olub-olmamasını yoxlamışlar. O, polislərdə olan “alkotestr” cihazına nəfəsini vermiş və içkli olmadığı məlum olmuşdur. Lakin polis əməkdaşları təkrar olaraq 10 dəfə həmin cihaz vasitəsi ilə onun içkili olubolmamasını yoxlamışlar. Yenədə içkli olmadığı məlum olmuşdur. Bu zaman o polis əməkdaşlarına onu buraxmasını bildirsə də, polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Bu zaman şəkər xəstəsi olduğu üçün əsəbləşmiş, əlində olan özü üçün aldığı ərazaq dolu sellofan torbanı yerə çırparaq polis əməkdaşları ilə mübahisə etmişdir ki, əsassız olaraq onu nə üçün polis şöbəsinə aparırlar. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı nəlayiq ifadə işlətmişdir. Daha sonra öz razılığı ilə Qazax RPŞnə getməyə razı olmuşdur. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı o dövlət başçısına qarşı nəlayiq ifadə işlətməmişdir. Yalnız əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı nəlayiq ifadə işlətmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Onun barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Qazax Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı vəzifəsində işləyir. 22 avqust 2023-cü il tarixdə, saat 21:35-də Qazax Rayon Polis Şöbəsinin DYPB-nin polis nəfərləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2la Qazax rayon Canallı kəndi ərazisində xidmətdə olan zaman 90NC985 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin işıq sistemindən istifadə etmədiyini görmüş və həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi saxlamışlar. Saxlayan zaman həmin şəxsin Qazax rayon Kosalar kənd sakini Şəxs olması müəyyən olunmuşdur. Şəxs sərxoş olub-olmamasını yoxlamaq üçün “alkotestr” cihazına üfürməsini bildirmişlər. Şəxs “alkotestr” cihazına üfürmüş və içkili olmadığı müəyyən olmuşdur. Lakin tam əmin olmaq üçün bir daha “alkotestr” cihazını üfürməsini tələb etmişlər. Bu zaman Şəxs əsəbləşmiş, özünü qeyri səmimi aparmış, əlində olan sellofan torbanı yerə çırpmış, onların ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs sakitləşdirməyə çalışsalar da, nəlayiq ifadələr işlədərək onları təhqir etmişdir. Bu zaman Şəxs Qazax RPŞ-nə dəvət etmişlər. Lakin sonuncu polis şöbəsinə getməkdən imtina etmiş, onlara qarşı tabesizlik göstərərək hadisə yerində yayınmaq istəmişdir. Bu zaman Şəxs məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax DYPB-nin YPX-nin polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 izahatında digər Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş və Şəxs şikayətçi olduqlarını, həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 avqust 2023-cü il tarixdə, saat 22:05-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli, 86 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs 22 avqust 2023-cü il tarixdə ayıq olmuşdur. İş materiallarında olan DVD diskdən görünür ki, Şəxs polis əməkdaşlarına qarşı nəlayiq ifadə işlətdiyini etiraf etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatları və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 22 avqust 2023-cü il tarixdə, saat 21:35-də Qazax Canallı kəndində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşlarına qarşı ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 22 avqust 2023-cü il tarixdən, saat 22:05-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar