Məhkəmə qərarları › İş №3(023)-350/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-350/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-350/2023 07.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə xx xxxxxx 1975-ci ildə Qazax rayonu, Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işsiz, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 07 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Şəxs evinə baxış zamanı bağ sahəsində 01 (bir) ədəd çətənə kolunu qanunsuz olaraq kultivasiya etdiyi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayır. Əvvəllər məhkum olunmuşdur. Heç bir yerdə işləmir. Təxminən 30 ildir ki, narkotik vasitə olan marixuana aludəçisidir. Təxminən 2-3 ay əvvəl yaşadığı Qazax rayonu, Xanlıqlar kəndində yerləşən evindən çətənə toxumu tapmış və narkotik vasitə istifadəçisi olduğu üçün həmin toxumun çətənə koluna məxsus olduğunu başa düşmüş və özü istifadə etmək üçün evinin həyətində həmin toxumu əkib becərmişdir. Həmin çətənə kolu böyüdükdən sonra isə çətənə kolunun yarpaqlarını yığıb qurudaraq özü istifadə etməyə başlamışdır. Həmin çətənə kolunun yarpaqlarını qurudub bükümlər halında yaşadığı evdə çardağın altında stolun üzərinə və şüşə bankanın içərisinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində oturub spirtli içiki qəbul edən zaman qapı döyülmüş və qapını açdıqda bir neçə nəfər şəxs özlərini təqdim edərək Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və onun narkotik vasitə əldə etməsi, saxlaması və çətənə kolu əkib-becərməsi bardə məlumat daxil olduğunu, bu səbəbdən də, evinə videoçəkiliş vasitəsilə baxış keçirəcəklərini bildirmişlər. O buna etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları aqronomla birlikdə evinin həyətyanı bağ sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı evin həyətyanı bağ sahəsində olan 01 ədəd çətənə kolu aşkar edilmişdir. Baxışda iştirak edən aqronom həmin bitkiyə baxış keçirib çətənə kolu olduğunu və kola aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 16 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs yaşadığı evin həyətyanı bağ sahəsində tərkibində narkotik maddələr olan 01 (bir) ədəd çətənə (kannabis) bitkisini əkib yetişdirməklə qanunsuz olaraq kultivasiya etməsi əməlində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, Şəxs tərkibində narkotik maddələr olan 1 ədəd çətənə (kannabis) bitkisini yetişdirməklə qanunsuz olaraq kultivasiya etməsi əməlində Azərbaycan Respublikası İXMnin 208-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olduğundan, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat açılması haqqında qərardaddan görünür ki, Qazax RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Elvin İsgəndərovun qərarı əsasında inzibati iş üzrə icraat açılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış 29 yanvar 2023-cü il tarixli 164 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 07 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. QEYD: Müharibə iştirakçılığına görə 80 manat Prezident təqaüdü alır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, ekspertiza rəyi, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş subutlarla məlum olmuşdur ki, 19 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Şəxs evinə baxış zamanı bağ sahəsində 01 (bir) ədəd çətənə kolunu qanunsuz olaraq kultivasiya etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərədə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 07 sentyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalı, Şəxs əsas cəza olan inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 07 sentyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası inzibati həbs hissədə Qazax Rayon Polis Şöbəsinə, narkomaniyadan məcburi müalicə hissədə isə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar