Məhkəmə qərarları › İş №3(023)-353/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-353/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-353/2023 22.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş Şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1990-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 12 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 aprel 2023-cü il tarixdə, saat 14:30-da Qazax şəhəri, Ə.Süleymanov küçəsində narkotik vasitə istifadə etmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, Qazax RPŞ-nin İB-nin müstəntiqi Kamran Məmmədov tərəfindən qəbul edilmiş 10 iyul 2023-cü il tarixli qərarla əməlində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti əlavə olunmuş sənədlərlə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilməsi üçün şöbənin İTB-nə verilmişdir. O, həmin qərardan narazı qalmış və müstəntiq tərəfindən barəsində qəbul edilmiş 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın “əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti əlavə olunmuş sənədlərlə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilməsi üçün şöbənin İTB-nə göndərilsin” hissəsindən ibtidai araşdırmaya proseual rəhbərliyi həyata keçirən Qazax rayon prokuroruna və məhkəmə nəzarəti qaydasında Qazax Rayon Məhkəməsinə şkayət etmişdir. Barəsində olan 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar Qazax rayon prolurorluğu tərəfindən ləğv edilmiş və əlavə araşdırma üçün Qazax RPŞ-nin İB-nə göndərilmişdir. Buna görə də, ərizə ilə məhkəməyə müraciət edərək həmin qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmiş və Qazax Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarı ilə onun şikayəti geri qaytarılmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmasına səbəb olan 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar ləğv edildiyi üçün Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından o, 07 aprel 2023-cü il tarixdə, saat 16:25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-bioloji ekspertizasının 08 aprel 2023-cü il tarixli, 16/403 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar edilmiş kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızıl rəngli bükümdə təmiz çəkisi 0,18 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin azad edilməsi haqqında 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Şəxs 08 aprel 2023-cü il tarixdə, saat 17:00-da Qazax RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilmsəi haqqında qərardan görünür ki, Şəxs və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti əlavə olunmuş sənədlərlə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilməsi üçün şöbənin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 1510 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epzodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 sentyabr 2023-cü il tarixli, 2409/2023 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan OPİ (heroin), THC (marixuana) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X4 Qazax rayon Qəbul şöbəsinin verdiyi 12 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X4 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qazax Rayon Prokurorluğundan daxil olmuş 22 sentyabr 2023-cü il tarixli, 491-çıx saylı məhktubdan görünür ki, Şəxs barəsində toplanmış ilkin yoxlama materialı üzrə qəbul edilmiş 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar 22 sentyabr 2023-cü il tarixli qərarla ləğv edilərək əlavə araşdırmanın aparılması üçün Qazax RPŞ-nə qaytarılmışdır. Bundan başqa Qazax Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Qazax Rayon Polis X1 müstəntiqi X3 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından Şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət geri qaytarılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq üçün əsas olmuş Qazax Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Kamran Məmmədovun 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilmsəi haqqında qərar Qazax rayon prokurorluğu tərəfindən ləğv edilərək əlavə araşdırma üçün Qazax RPŞ-nə qaytarılmış və hazırki halda inzibati icraat başlanılması üçün əsas olmuş həmin qərar real olaraq mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.5-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar