Məhkəmə qərarları › İş №3(023)-369/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-369/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-369/2023 27.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, İnzibati xəta törətmiş Şəxs və müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx xxxx 1994-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 26 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 sentyabr 2023-cü il tarixdə, saat 19:40-da narkoloji test zamanı sidik nümunəsində narkotik vasitə olan marixuana istifadə etdiyi aşkarlanmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təxminən 02 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Sonuncu dədə 01 ay əvvəl dostunun toy şənliyində tanımadığı şəxs ona narkotik vasitə olan marixuana istifadə etməsini təklif etmiş və o razılaşaraq marixuana istifadə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 sentyabr 2023-cü il inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 sentyabr 2023-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 1627 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 sentyabr 2023-cü il tarixli, 104 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan (THC) aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 27 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, hazırki iş üzrə 27 sentyabr 2023-cü il tarixdə inzibati iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə Şəhər Mərkəzi Klinikanın verdiyi rentgen müayinə protokolundan görünür ki, Şəxs anası Əsmər Zeynalovada üçüncü və yan mədəciklər genişlənmişdir. Sağ insulada 11x9 mm ölçülərində xətti postişemik qlioz aşkarlanmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, ekspertiza rəyi, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş subutlarla məlum olmuşdur ki, Şəxs 26 sentyabr 2023-cü il tarixdə, saat 19:40-da narkoloji test zamanı sidik nümunəsində narkotik vasitə olan marixuana istifadə etdiyi aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi və anasının xəstə olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən, saat 20:00-dan hesablanmalı, Şəxs əsas cəza olan inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən, saat 20:00-dan hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası inzibati həbs hissədə Qazax Rayon Polis Şöbəsinə, narkomaniyadan məcburi müalicə hissədə isə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar