Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-394/2023 16.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1987-ci ildə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Qazax rayonu Qazaxbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib olunmuş 14 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 14 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Qazax rayonu Qazaxbəyli kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, Qazax rayonu Qazaxbəyli kəndində ailəsi ilə birlikdə yaşayır. İki nəfər az yaşlı uşağı var. Uşağının biri talasemiya xəstəliyindən əziyyət çəkir. Uşağını Bakı şəhərinə həkimə aparmaq üçün Qazax şəhərində yerləşən mal bazarına gedərək xırda buynuzlu 420 manata heyvan satmış, həmin puldan 100 manat qarşılığında Qazax şəhər sakini Maarif adlı şəxsən heyvan üçün yem almış və qalan 320 manat pulla uşağını Bakı şəhərinə həkimə aparmışdır. 14 oktyabrda Bakı şəhərindən qayıtmış və evə çatan zaman uşağının temperaturu qalxmış, buna görə də uşağını Qazax rayonu Mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanadan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən evinə qayıtmış, hava soyuq olduğu üçün evinə istilik peçi qoymaq istəmişdir. Bu zaman qapı açılmış və bir nəfər onu çağırmışdır. O, həmin adamlara yaxınlaşmış və iki nəfər mülki geyimdə şəxs özlərini Qazax RPŞ-nin əməkdaşları olduqlarını ona bildirmiş, özlərini təqdim edib, Maarif adlı şəxsə saxta pul verməsini bildirib, bununla bağlı birlikdə Qazax RPŞ-nə getməli olduğunu ona bildirmişlər. O, həmin vaxt əsəbi olduğu polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşları onu bir daha polis şöbəsinə dəvət etmişlər, o yenədə polisə getməyəcəyini deyib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də, onu məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrindəQazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1la birlikdə Qazax RPŞ-də olan HK-1 materialla əlaqədar Qazax şəhər sakini Maarif adlı şəxsə 100 manat məbləğində saxta pul verməsi ilə bağlı Qazax rayonu Qazaxbəyli kəndində yaşayan Şəxs yaşadığı evə getmişlər. Evə çatan zaman girişdən Ramini səsləmişlər. Ramin qapını açmış, bu zaman onlar özlərini Ramilə təqdim edərək Qazax RPŞ-nin əməkdaşları olduqlarını Qazax RPŞ-də barəsində olan materialla bağlı izahat verməsi üçün birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman Ramin onların qanuni tələbinə tabe olmayaraq polis şöbəsinə getməyəcəyini bildirmiş, onlara qarşı əl-qol hərəkəti edib müqavimət göstərmiş və qapını bağlamaq istəmişdir. Buna görə də, Şəxs məcburi qaydada Qazax RPŞ-nə gətirmişlər. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 izahatında digər Zərərçəkmiş şəxs2 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduğunu və həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuş və 16 oktyabr 2023-cü il tarixdə saat 11:00-da azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 Qazax rayon Qəbul şöbəsinin verdiyi 16 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 14 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Qazax rayonu Qazaxbəyli kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli, inzibati qaydada tutulduğu 02 gün müddət ona təyin ediləcək inzibati həbsdən çıxılmalı və həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 02 gün müddət ona təyin edilmiş 08 gün müddətə inzibati qaydada həbsdən çıxılsın, üzərində qəti olaraq 06 gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-394/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-394/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver