Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-408/2023 28.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə xx xxxxxx 1996-cı ildə Qazax rayonu Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, deməsinə görə əlilliyi olmayan, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 28 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 15:30-da Qazax rayonu Ağköynək kəndində yerləşən yaşadığı ünvanda narkotik maddə olan marixuana istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Subaydır. Rəsmi iş yeri yoxdur. Əlilliyə görə heç bir sosial pensiya və müavinət almır. Yaşadığı Qazax rayonu Ağköynək kəndində mal heyvan saxlamaqla məşğuldur. Əvvəllər məhkumluq həyatı yaşamamışdır. 17 oktyabr 2023-cü il tarixdə şöldə heyvan otaran zaman siqareti olmadığı üçün yerdə gördüyü siqaret qutusunu götürərək baxış və həmin siqaret qutusunun içində bir ədəd siqaret olduğunu görmüşdür. Həmin vaxt siqareti olmadığı üçün həmin tapdığı siqreti çəkmişdir. Lakin həmin siqaretin marixuana olduğunu bilməmişdir. Bir neçə gün sona tanışı ilə aralarında mübahisə olmuş və onu Qazax RPŞnə aparmışlar. Qazax RPŞ-də onun marixuana istifadə etdiyi məlum olmuşdur. Həmçinin izahatında bildirmişdir ki, heç vaxt narkotik vasitə istifadə etməmişdir. 17 oktyabr 2023-cü ildə yerdən tapdığı siqaretin narkotik vasitə olduğunu bilsə çəkməzmiş. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 oktyabr 2023-cü il inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 oktyabr 2023-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 1772 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 oktyabr 2023-cü il tarixli, 123 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan (THC) aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, ekspertiza rəyi, inzibati xəta haqqında protokol, həmçinin iş materiallarında olan digər sənədlərlə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş subutlarla məlum olmuşdur ki, Şəxs təxminən 10 gün əvvəl Qazax rayonu Ağköynək kəndində tapdığı narkotik maddəni həmin gün saat 15 radələrində Qazax rayonu Ağköynək kəndində istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-408/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-408/2023
28.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver