Məhkəmə qərarları › İş №3(023)-422/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-422/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-422/2023 04.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Qazax Rayon Prokurorluğunun nümayəndəsi X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə və Maraqlı şəxs X1 iştirakları ilə, Qazax şəhəri, Heydər Əliyev prospekti ev 39-da qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Prokurorluğu tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilərək material ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qazax Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Asəf-Şəfa MMC (hüquqi ünvanı-ünvan 1 175 nömrəli binanın 6-cı girişinin 1-ci mərtəbəsi ünvanında “Şəfa Aptek” adı altında dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olmaq ilə əlaqədar 2023-cü ilin avqust ayının əvvəllərində həmin aptekə müştəri qismində daxil olmuş X1 təqdim etdiyi, həkim-pediatr Üzeyir Vəliyev tərəfindən tərtib edilmiş, müvafiq dərman adlarının qeyd olunduğu, lakin həmin dərman vasitələrinin dozalarının göstərilmədiyi reseptdə dərmanlardan “Auqmentin” suspenziyası əvəzinə onunla eyni tərkibdə olan “Amoksiklav” suspenziyası verməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarının 3 nömrəli əlavəsi ilə təsdiq edilmiş tələblərəni, yəni reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunduğu halda aptek təşkilatları tərəfindən dərman vasitələrinin aptekdən buraxılması qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə izahatında bildirmişdir ki, Qazax RMX-nın doğum şöbəsində mama vəzifəsində işləyir, həmçinin, Qazax şəhəri, H.Əliyev prospekti 175 nömrəli binanın 6-cı girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi olan “Şəfa” Apteki icarə əsasında çalışdırır, həmin qeyri-yaşayış sahəsində pərakəndə olan dərman vasitələrinin satışını həyata keçirir, bununla bağlı onun adına ********** nömrəli VÖEN mövcuddur, xx.xx.2019 nömrəli xüsusi lisenziya əsasında həmin aptekdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, aptekdə özü satıcı kimi çalışır, onunla yanaşı oğlu Vüsal Salehli də əmək müqaviləsi əsasında həmin aptekdə satıcı vəzifəsində çalışır, 04 avqust 2023-cü il tarixdə tanımadığı bir nəfər qadın çalışdırdığı “Şəfa Aptek” adlı aptekə yaxınlaşaraq müvafiq resepti ona təqdim edərək reseptdə qeyd olunan dərmanları əldə etmək istədiyini bildirmiş, o da həmin reseptdə baxdıqda reseptdə qeyd olunan, həkimin yazdığı “Arqumentin” dərmanın uzun müddət satışda olmadığını alıcıya bildirib onun əvəzinə “Arqumentin” dərmanı ilə eyni tərkibdə olan “Amoksiklav” dərmanı təklif etmiş, həmin vaxt alıcı onunla razılaşdığından ona “Arqumentin” əvəzinə “Amoksiklav” vermiş, bundan sonra həmin qadın apteki tərk edərək çıxıb getmiş, daha sonra ona məlum olmuş ki, adını bilmədiyi həmən qadın ondan müvafiq orqanlara şikayət etmişdir. Hazırda həmin hadisədən dörd ay müddət keçmişdir. Belə olan halda iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti bitir. Odur ki, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün təsisçisi olduğu Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. Az yaşlı nəvəsi xəstələndiyi üçün nəvəsini 04 avqust 2023-cü il tarixdə Qazax Rayon Mərkəzi Xəstəxanasında işləyən həkim-pediatr Üzeyir Vəliyevin yanına aparmışdır. X10 nəvəsini müainə etmiş və müvafiq resept yazaraq, reseptdə göstərilən dərmən preparatlarını almasını ona bildirmişdir. O, resepti götürmüş və həmin gün, yəni 04 avqust 2023-cü il tarixdə “Şəfa Aptek” adlı aptekə yaxınlaşaraq müvafiq resepti aptekdə olan tanımadığı şəxsə təqdim edərək reseptdə qeyd olunan dərmanları əldə etmək istədiyini bildirmiş, aptekdə olan şəxs də həmin reseptə baxaraq müvafiq dərmənləri ona vermiş, bundan sonra o, apteki tərk edərək çıxıb getmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, “Şəfa” aptekdə ona reseptdə göstərilən “Arqumentin” dərmanı əvəzinə “Amoksiklav” dərmanı verilmişdir. Bundan sonra o, həmin aptekə yaxılaşaraq öz iradını bildirmiş, aptekdə olan tanımadığı qadın onunla pis rəftar etmişdir. Ona görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş X5 bildirmişdir ki, 1993-cü ildən həkim-pediatr kimi, 2016-cı ildən isə Qazax RMX-nın uşaq şöbəsinin müdiri vəzifəsində çalışır. 2023-cü ilin avqust ayının əvvəllərində Qazax Rayon Mərkəzi Xəstəxanasında olan zaman əvvəllər tanıdığı X3 ona yaxınlaşaraq az yaşlı nəvəsinin xəstə olduğunu bildirmişdir. O, uşağı müainə etdikdən sonra müvafiq resept yazmış və Həqiqət İbrahimovaya vermişdir. Lakin uşağa hansı diaqnoz təyin etməyini dəqiq xatırlamır. O xəstəyə müvafiq olaraq “parasitamol” şamı təyin etdikdə xəstə ona həmin şamın onların evində, yəni özündə olduğunu bildirdiyindən, bununla əlaqədar o müvafiq reseptdə həmin dərmanın dozasını qeyd etməmiş, bununla əlaqədar xəstənin hərarətinin qalxdığı halda xəstənin həkim nəzarətində olması ailə üzvlərinə tərəfindən məsləhət görülmüşdür. Həmçinin o, sonradan bilmişdir ki, Həqiqət İbrahimova resepti “Şəfa” aptekə təqdim etmiş, aptekdə Həqiqət İbrahimovaya “Arqumentin” əvəzinə onunla eyni tərkibli “Amoksiklav” verilmişdir. Məhkəmə iclasında Qazax Rayon Prokurorluğunun nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs Asəf-Şəfa MMC (hüquqi ünvanı-ünvan 1 175 nömrəli binanın 6cı girişinin 1-ci mərtəbəsi ünvanında “Şəfa Aptek” adı altında dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olmaq ilə əlaqədar 2023-cü ilin avqust ayının əvvəllərində həmin aptekə müştəri qismində daxil olmuş X1 təqdim etdiyi, həkim-pediatr Üzeyir Vəliyev tərəfindən tərtib edilmiş, müvafiq dərman adlarının qeyd olunduğu, lakin həmin dərman vasitələrinin dozalarının göstərilmədiyi reseptdə dərmanlardan “Auqmentin” suspenziyası əvəzinə onunla eyni tərkibdə olan “Amoksiklav” suspenziyası verməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarının 3 nömrəli əlavəsi ilə təsdiq edilmiş tələblərəni, yəni reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunduğu halda aptek təşkilatları tərəfindən dərman vasitələrinin aptekdən buraxılması qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, hüquqi şəxs Asəf-Şəfa MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati cərimə növündə tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, X1 müraciəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində araşdırma aparılaraq, toplanmış material xx.xx.2023-cü il tarixli məktubla inzibati icraat başlanılması məsələsinə baxılması üçün aidiyyəti üzrə Qazax rayon prokurorluğuna material göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli reseptdən görünür ki, reseptdə adları qeyd olunmuş dərman vasitələrinin heç birinin dozaları qeyd olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, əczaçılıq fəaliyyəti ilə məşğul olan Şəxs MMC xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmaqla ********** saylı VÖEN-i mövcuddur, qanuni təmsilçisi isə Nümayəndədır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Asəf-Şəfa” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün xitam verilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, o adını bilmədiyi qadına dərmən preparatını 04 avqust 2023-cü il tarixdə vermişdir. Yəni inzibati xəta hadisəsi 04 avqust 2023-cü il tarixdə baş vermişdir. Məhkəmə iclasının təyin edildiyi 04 dekabr 2023-cü il tarixdə artıq inzibati xəta hadisəsi törəndiyi gündən 04 ay müddət keçmiş olacaqdır. Asəf-Şəfa” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, həm iş materiallarına əlavə edlmiş X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli reseptdən, həm də barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, inzibati xəta hadisəsi 04 avqust 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi Ticarət qaydaları əleyhinə olan inzibati xəta hadisəsidir. Həmin inzibati xətalara görə də inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Ona görə də, hazırki iş üzrə inzibati xəta hadisəsinin 04 avqust 2023-cü il tarixdə törənməsini nəzərə aldıqda müəyyən olunur ki, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 04 dekabr 2023-cü ilin sonrakı günü, yəni 05 dekabr 2023-cü il tarixdə bitir. Ona görə də, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisinin ərizəsini qanuni və əsaslı hesab etmir. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını əlaqəli surətdə araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hüquqi şəxsin qanuni təmsilçisi Nümayəndə, iş üzrə dindirilmiş maraqlı şəxs X1, həkim-pediatr X2, Qazax Rayon Prokurorluğunun nümayəndəsinin izahatları və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, hüquqi şəxs Şəxs MMC-nin həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar yoxdur. Məhkəmə, hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar