Məhkəmə qərarları › İş №3(023)-45/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-45/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-45/2025 28.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, məhkəmə iclasının katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, X5 küçəsi ev 3 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Qazax şəhəri, Bakı küçəsində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Qazax RPŞ-nin TB-dən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar icratında daxil olmuşdur. Daxil olmuş qərarı icraata qəbul etdikdən sonra Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlaməti olduğundan Şəxs barəsində müvafiq protokol tərtib etmişdir. Protokolu tərtib etməyinə səbəb Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-cil il tarixli, 129 nömrəli rəyi olmuşdur. Belə ki, rəydə göstərilmişdir ki, Şəxs narkotik vasitə olan kannabionidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniyə xəstəliyindən əzab çəkmir. Narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, hazırda tikintidə fəhləlik etməklə maddi qazanc əldə edir. O, müəyyən vaxtlarda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Sonuncu dəfə isə təxminən 01 (bir) ay bundan əvvəl Qazax şəhərində olan zaman yerdən marixuana tapmış və həmin marixuananı istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində o, Qazax şəhərində yerləşən “Sərfəli” marketdən siqaret almaq üçün yaşadığı evi tərk edib “Sərfəli” market istiqamətində gedən zaman məhlədə tanışı X3 oğlu ilə qarşılaşmışdır. Bəhruz onu yanına çağıraraq evlərində əşyalar olduğunu, həmin əşyaları səhər qonşunun evinə daşımaq üçün sonuncuya kömək etməsini xahiş etmiş və həmin əşyaları ona göstərmişdir. O, əşyalara baxdıqdan sonra “səhər kömək eliyərəm daşıyarıq” demişdir. Bundan sonra onlar Bəhruzun yaşadığı evdən çıxmışlar və belə qərara gəlmişdirlər ki, getsinlər “Domçay” çay evində çay içsinlər. O, Bəhruza siqaretinin bitdiyini, gözləməsini, “Sərfəli” marketdən siqaret alıb qayıdacağını bildirmiş və sonuncunun yanından uzaqlaşmışdır. O, “Sərfəli” marketə daxil olub özünə siqaret almışdır. Həmin vaxt əvvəlcədən tanıdığı X2 ilə qarşılaşmışdır. Onlar salamlaşıb hal-əhval tutduqdan sonra o, Səbuhidən xahiş etmişdir ki, onları “Domçay” çay evinə aparsın. Səbuhi onunla razılaşmış və onlar birlikdə marketdən çıxmışdırlar. O, Bəhruzu səsləyərək sonuncuya “gəl bu qardaş bizi çayxanaya aparacaq” demişdir. Bəhruz yolu keçib onların yanına gəlmişdir. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış və narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək onları Qazax RPŞ-nə aparmışdırlar. Şəxs izahatında həmçinin onun sonuncu dəfə təxminən 01 (bir) ay bundan əvvəl narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Qara Həsənov şahid qismində izahat verərək xx.xx.2025-ci il tarixdə saat 02 radələrində daxil olmuş məlumat əsasında Şəxs Qazax RPŞ-nə gətirərək barəsində raport yazdığını bildirmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etiraf edici ifadəsi və iş materiallarında olan sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 129 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. Narkotik vasitə olan kannabionidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniyə xəstəliyindən əzab çəkmir. Narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini səmimi etiraf edərək peşman olması, il ərzində ilk dəfə olaraq inzibati xəta törətməsi, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar