Məhkəmə qərarları › İş №3(023)-46/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-46/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-46/2024 28.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində toplanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00200-00296/24 nömrəli 16 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, material ilə birlikdə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında material aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 00200-00296/24 nömrəli 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Qazax rayonu Daş salahlı kəndində qeydiyyatda olan Şəxs MMCnin (VÖEN: **********) ünvanına 76AAS095/76AAR057, 76AAJ421/76DF767 nömrə nişanlı yük nəqliyyat vasitələrində gəlmiş “kraft torba” yükünə dair idxaltçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük “Qırmızı-Körpü” gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal gömrük bəyannaməsi təqdim edilməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs MMC-ə işə baxılmasının yeri və vaxtı barədə bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən nə səlahiyyətli orqanda inzibati xəta haqqında işin araşdırılması zamanı, nə də məhkəmə baxışı zamanı hüquqi şəxsin ünvanına gələn yükə dair elektron qaydada qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməsinə dair sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC-nin qeyd edilən inzibati xəta hadisəsini törətməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar