Məhkəmə qərarları › İş №3(023)-470/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-470/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-470/2023 27.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ X3 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətov katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qazax rayonunun Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Qazax Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qazax şəhəri H.Əliyev prospektində yerləşən Qazax RPŞ-nin inzibati binasının qarşısında ucadan nalayıq ifadələr işlətmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Qazax şəhəri H.Əliyev prospektində yerləşən Qazax RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilərək bildirdi ki, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayır. 26 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində özünə məxsus VAZ 2107 markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən Qazax RPŞ-nin inzibati binasının yaxınlığında hərəkətdə olan zzaman avtomobili yüksək surətlə idarə etmiş və polis əməkdaşları ona saxla işləri vermiş, lakin o avtomnobili saxlamamış və hadisə yerindən uzaqlaşmışdır. Daha sonra könüllü olaraq polis şöbəsinin qarşısına gəlmiş, ona nə üçün saxla işarəsi verilməsini polis əməkdaşlarından soruşmuş və bu zaman polis əməkdaşları ilə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı o ucadan nəlayiq ifadə işlətmişdir. Bu zaman polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 26 dekabr 2023-cü il tarixdə, saat 17:00 radələrində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Qazax RPŞ-nin qarşısında olan zaman rayon polis şöbəsinin yaxınlığında yerləşən işıqforda VAZ 2107 markalı 99ZY037 dövlət qeydiyyat nişanlı avtomobilin qırmızı işıqda keçdiyini və bir neçə dəfə təhlükəli manevrlər etdiyini görmüşdür. Bu zaman həmin nəqliyyat vasitəsinin sürücüsünə saxla işarəsi vermiş, sürücü avtomobili saxlamayaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin şəxsin yol nəqliyyat hadisəsi törətməməsi üçün onu təqib etməmişlər. Təxminən 1 saat sonra, saat 18 radələrində sürücü Qazax RPŞ-nin inzibati binasının qarşısına gəlmiş, onlara yaxınlaşaraq nə üçün ona saxla işarəsi verdiklərini soruşmuş və nəlayiq ifaadələr işlətməyə başlamışdır. Bu zaman həmin şəxsi nizam-intizama dəvət edərək nəlayiq ifadə işlətməməsini sürücüyə bildirmişlər. Lakin, sürücü onların sözünə məhəl qoymayaraq qazi olduğunu bildimiş və öz hərəkətlərini davam etdirmişdir. Bu zaman sürücünü Qazax RPŞnə dəvət etmişlər, sürücü polis şöbəsinə getməkdən imtina etmişdir. Ona görə də, həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Qazax RPŞ-də həmin şəxsin Qazax rayon Çaylı kənd sakini Şəxs olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində digər Şahid1lə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qazax şəhəri H.Əliyev prospektində yerləşən Qazax RPŞ-nin inzibati binasının qarşısında ucadan ünvansız nalayiq idafələr işlətmişdir. Bundan sonra polis əməkdaşı ona irad tutaraq onunla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. Hazırki vəziyyətdə Şəxs xx.xx.2023-cü il tarixdə Qazax şəhərində polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci və 53.0.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati materialdan Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmaması faktı müəyyən olunmur. Tabe olmamaq nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Azərbaycan Respublikası DİN-nin Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qazax şəhəri H.Əliyev prospektində yerləşən Qazax RPŞ-nin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahid ifadələri, raport, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İ-11970 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı il təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İ-51949 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı il təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 145 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 26 dekabr 2023-cü il tarixdə yüngül dərəcə sərxoş olmuşdur. Məhkəmə Şəxs səmimi peşmançılığını, İkinci Qarabağ müharibəsi iştirakçısı olmaqla orden və medallarla təltif edilməsini İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi, inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xtalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 04 (dörd) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 18-30-da tutulmuşdur. Bu səbəbdən onun həbsdə saxlama müddətini əvvəli həmin tarixdən hesablanmalıdır. İXM-nin 30.3 və 89.4-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 04 (dörd) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən saat 18:30-dan hesablansın. Şəxs həmin müddətdə Qazax rayon X1 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edin: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar