Məhkəmə qərarları › İş №3(023)-510/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-510/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-510/2024 19.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Qazax rayonu Barxudarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu Barxudarlı kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 19 sentyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-839/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2012-ci ildə anadan olmuş Mirzənin və xx.xx.2011-c ildə anadan olmuş Güllüzarın saxlanılması üçün iddiaçı X2 xeyrinə xx.xx.2015-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 103 olmaqla cəmi 206 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədinin icrası təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra şöbəsinin rəisi X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtıvaxtında ödəmir. Onun hazırda 12666 manat borcu mövcuddur. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəmək niyyətindədir. Hər ay 150 manat təqüd alır, öz razılığı ilə həmin təqaüd tam şəkildə hazırki borcuna tutulur. Ruhi əsəb xəstəsi və ankoloji xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Maddi imkanın yol verdiyi həddə həmişə borcunu ödəməyə çalışmışdır.Yerdə qalan borcu isə qısa müddətdə ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Suraxnı Rayon Məhkəməsinin 2(010)-839/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2012-ci ildə anadan olmuş Mirzə və xx.xx.2011-c ildə anadan olmuş Güllüzarın saxlanılması üçün iddiaçı X2 xeyrinə xx.xx.2015-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 103 olmaqla cəmi 206 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 623 nömrəli 17.03.204-cü il tarixli Tibbi arayışından görünür ki, Şəxs Qeyri-Hoçkin Lunfomosi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan respublikası Səhiyyə Nazirliyi Qazax Psixatriya Xəstəxanasının 19 sentyabr 2024-cü il tarixli 1790 nömrəli məktubundan görünür ki, Qazax rayon Barxudarlı kənd sakini xx.xx.1984-cü il təvəllüdlü Şəxs xx.xx.2016-cı il tarixdən Qazax rayon Psixatriya xəstəxanasında qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcunu ödəməyə çalışmışdır. Belə ki, borclunun aldığı 150 manat təqaüd hər ay öz razılığı ilə borcuna tutulur. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından qəsdən yayınmır, mütamadi olaraq ödəniş edir, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən, həmçinin qəzəli şəkildə qəsdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar