Məhkəmə qərarları › İş №3(023)-522/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-522/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-522/2024 25.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin оğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Qazax rayon prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar tərtib olunmuşdur. Həmin qərardan görünür ki, “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssisəsinin baş operatoru vəzifəsində işləyən və 15 may 2024-cü il tarixdə istehsalat proseslərinə rəhbərlik etmiş Şəxs tərəfindən “Band Conveyr” qurğusunun işlək vəziyyətində, yəni konveyerin mühərriki söndürülmədən təmir-sazlama işlərinin aparılmasına yol verdiyinə görə «Tikinti materialları sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları»nın 13.45 bəndinin tələbləri pozulmaqla 15 may 2024-cü il tarixdə “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssəsində çilingər vəzifəsində işləyən X1 az ağır zərər vurmaya aid xəsarət almış bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasınında iştirak edən Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini bildirdi. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, 2022-ci ildən “Mətanət A” şirkətində baş operator vəzifəsində çalışır, işçilərin texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları ilə bağlı təlimatlandırma həmin ixtisas üzrə mühəndis Əvəz Hüseynovun və iş icraçısı-istehsalat rəisi vəzifəsini icra edən Azər Əliyevin üzərinə düşür, 15 may 2024-cü il tarixdə iş icraçısı Azər Əliyev rəsmi şəkildə icazə almış, A.Əliyevin yerinə həmin gün iş icraçısı vəzifəsini o icra etmiş, 15 may 2024-cü il tarixdə saat 12:45 radələrinədək hər kəs öz işi ilə məşğul olmuş, saat 12:45 radələrində Ramin Əsgərov daşqırma sahəsində “Band Conveyr”, yəni xammalın daşınması üçün nəzərə tutulan qurğunun rezin lentinin yana qaçmağını düzəltmək məqsədiylə iş görürmüş, həmin vaxt o, Ramindən təxminən 6-7 metr kənarda olmuş, Ramin ilk öncə qurğunun başlanğıcından 1ci lent olan barabanın boltunu tənzimləyirmiş, bu zaman Raminin qışqırtı səsini eşitmiş, sonuncu həmin vaxt qışqıraraq “lenti dayandır, saxla” deyirmiş, o isə qaçıb lenti dayandıran ipli şalteri aşağı doğru dartmış, həmin vaxt lent dayansa da, R.Əsgərovun qolu köməkçi barabanın arasında ilişib qalmış, bu zaman o, Raminin sol qolunu barabanın arasından çıxartmaq istəsə də, bunu bacarmamış, o, həmin vaxt ərazidə olan işçiləri köməyə çağırmış, daha sonra onlar köməkçi barabanın boltunu açaraq Raminin qolunu onun arasından çıxardıb sonuncunu avtomobilə mindirərək Qazax rayon Mərkəzi Xəstəxanasına gətirmişlər, yolda olan zaman Ramin ona əsas barabanın boltunu tənzimləyən zaman sol əlində olan əlcəyin barabana ilişərək onu çəkib barabana doğru sıxdığını bildirmiş, daha sonra Qazax RMX-na çatdıqda Raminə ilkin tibbi yardım edilmişdir. Törətmiş olduğu əməldən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə zərərçəkmiş şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsinin T589/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli təkrar komisyon məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, X2 bazu sümüyünün qapalı yerdəyişən sınığı, geniş sahəli sıyrığı, sol saidin sıyrığı və sol əlin 1-ci barmağının dırnaq sədəfinin qopması ilə müşayiət olunan əzilmiş yarası olmuş, qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 3-16-16/2- 10/4877 nömrəli, 12 iyul 2024-cü il tarixli rəyindən görünür ki, “Band Conveyr” qurğusunun işlək vəziyyətində, yəni konveyerin mühərriki söndürülmədən təmir-sazlama işlərinin aparılmasına yol verdiyinə görə «Tikinti materialları sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları»nın 13.45 bəndinin (1987-ci ildə nəşr edilmiş «Tikinti materialları sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları»nın (İ hissə) tələblərinə görə: bənd 13.45. «Təmir-sazlama və təmizləmə işlərinə başlamazdan əvvəl təmir olunan avadanlığın mühərrikini qidalandırıcı elektrik şəbəkəsindən ayırmaq zəruridir».) tələbləri hadisə baş verən gün istehsalat proseslərinə rəhbərlik etmiş “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssisəsinin baş operatoru Şəxs tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar