Məhkəmə qərarları › İş №3(023)-635/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-635/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-635/2025 15.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Protokol tərtib etmiş Qazax RPŞ-nin Yol patrul Xidməti inspektoru polis kapitanı X1 və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 00:15-də Qazax şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman “SEAT İBİZA MİNİK” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nömrəsinin 6 rəqəminə müdaxilə edərək 8 rəqəmi olunmuşdur. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Protokol tərtib etmiş Qazax RPŞ-nin Yol patrul Xidməti inspektoru polis kapitanı X1 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:15-də Qazax şəhəri H.Əliyev prospektində hərəkətdə olan “SEAT İBİZA MİNİK” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nömrəsinə müdaxilə olunduğunu görüb avtomobiliə saxla işarəsi vermişdir. Avtomobili idarə edən şəxsin şəxsiyyətini müəyyən edərkən onun Şəxs olduğu müəyyən olunmuş və şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olmuşdur. Şəxs avtomobilini texniki baxışdan keçirmədiyini bildirmişdir. Bundan sonra avtomobil mühafizə olunan dayanacağa yerləşdirilərək, protokol tərtib olunmuşdur. Məhkəmə iclıasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Çay evi işlədir. Çay evinin yanında avtotəmir sexi var. İdarə etdiyi avtomobil 4 gün həmin sexdə təmirdə olmuşdur. Lakin hadisə günü avtomobili müvəqqəti olaraq götürmüşdür. Həmin gün polislər çayxanaya gələrək, guya kimisə axtardıqlarını bildirmişlər, lakin az müddət sonra onu polis şöbəsinə dəvət edərək, nəyisə araşdıracaqlarını bildirmişlər. Polis əməkdaşları avtomobili idarə etməyi təkid etmişlər. O da avtomobili sürərək Qazax Rayon Polis Şöbəsi istiqamətinə tərəf gəlmiş, Qazax Rayon Polis Şöbəsinə çatanda Yol patrul Xidmətinin əməkdaşlarının onun arxasınca gəldiyini və ona saxla əmrini verdiyini görüb, idarə etdiyi avtomobili dayandırmışdır. Həmin vaxt onun avtomobilinə baxış keçirilmiş, baxış zamanı nömrənin üzərində hansısa bir dəyişiklik edildiyini görmüşdür. Rayon Polis Şöbəsində ondan izahat alınmış, daha sonra izahat ucadan oxunmuş, o da imza etmişdir. O latın əlifbası ilə yazıb oxuya bilmir. Ona başqa izahat oxunmuşdur. Hansı ki, o polis şöbəsində nömrəyə qara skoç yapışdırılmaması deyilmişdir. İş materiallarına əlavə edilmiş DYPB-nin YPXBİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 21 may 2025-ci il tarixdə saat 00:15 radələrində “İBİZA” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil mühafizə olunan duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs məxsus “İBİZA” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsinin üzərində dəyişiklik edilməsinin Şəxs tərəfindən icra edilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar