Məhkəmə qərarları › İş №3(023)-642/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-642/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-642/2025 14.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Protokol tərtib etmiş Qazax RPŞ-nin Yol patrul Xidməti inspektoru polis serjantı X3 və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 17 iyul 2025-ci il tarixdə, saat 17:30 radələrində Qazax-Canallı kəndi ərazisindən keçən hissəsində etbarnamə əsasında idarə etdiyi qardaşı oğlu X2 məxsus “Opel Astra” minik markalı 90-EU260 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman ötmə əməliyyatı etmiş və qarşı zolaqda hərəkətdə olan “Vaz2106” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Qazax rayon Canallı kənd sakini Zərərçəkmiş şəxs xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, təxminən iki ildir ki, rəsmi olaraq 0066 taksi xidmətində işləyir. Qardaşı oğlu X2 məxsus “Opel Astra” minik markalı 90-EU260 dövlət qeydiyyat nişanlı avtomobillə etbarnamə əsasında taksi fəaliyyəti ilə məşğul olur. 17 iyul 2025-ci il tarixdə, saat 17 radələrində tanışı Məmməd adlı şəxsi Kosalar kəndinə aparan zaman Canallı kəndi ərazisində qarşısında gedən tünd yaşıl rəngli, son rəqəmi 267 olan avtomobil anidən sağ tərəfə dönmüş, o həmin avtomobillə toqquşmamaq üçün sükanı azca sol tərəfə çəkmişdir. Bu zaman “Vaz2106” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətli şəkildə onun avtomobilinin ön sol hissəsinə toxunmuşdur. Bu zaman “Vaz 2106” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Ona görə də, Zərərçəkmiş şəxs dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Qazax RPŞ-nin Yol patrul Xidməti inspektoru polis serjantı X3 izahatında tərtib etdiyi protokolu müdafiə etdiyini bildirmiş, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş “Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmə” inzibati xətasının və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci “Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə” inzibati xətasının tərkib əlamətləri, eyni zamanda İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətasının tərkib əlamətləri olduğundan onların barələrində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 iyul 2025-ci il tarixli 273 nömrəli rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ diz nahiyyəsinin əzniyi küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərə vurmayan xəsarətolduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 iyul 2025-ci il tarixli 268 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol saidin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sürücülük vəsiqələrindən görünür ki, Şəxs adına AE 317561 saylı və Zərərçəkmiş şəxs adına BD699066 saylı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, onunla barışması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, iş üzrə məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar