Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-653/2025 08.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: Qazax Rayon Məhkəməsinə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material iş üzrə yekun qərar qəbul edilməsi üçün natamamdır. Belə ki, inzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, səlahiyyətli orqan "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 324-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib məhkəməyə göndərərkən qüvvədə olan qanunvericilik normalarının tələblərini kobud formada pozmuzlar. Belə ki, səlahiyyətli orqan əvvəlcə X1 barəsində Azərbaycan Respublikası İXMnin 324-1.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək Qazax Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmənin icraatına daxil olan həmin material məhkəmənin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qərardadları ilə natamam olduğu üçün səlahiyyətli orqana geri qaytarılmışdır. Daha sonra səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X2 barəsində tərtib edilən MN ******* nömrəli protokolda fiziki şəxsə aid olan qeyd silinərək əvəzində hüquqi şəxsin adı yazılmışdır. Beləliklə inzibati protokolu tərtib edən səlahiyyətli şəxs ciddi hesabat sənədi olan protokolun rəsmiləşdirilməsi zamanı prosessual tələbləri pozmuşdur. Bundan başqa inzibati xəta haqqında protokolda hüquqi şəxsin ünvanı və inzibati xətanın törədildiyi konkret yer göstərilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edərək səlahiyyətli orqanın nəzərinə çatdırır ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 324-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta formal tərkibli inzibati xəta kimi qiymətləndirilməli, yəni həmin inzibati xəta hüquqi şəxs tərəfindən törədilmiş olsa onun hüquqi ünvanında törədilə bilər. Çünki hüquqi şəxs tərəfindən müvafiq sənədləşmələrin həyata keçirilməsi onun hüquqi ünvanında baş verir. Əgər hüquqi şəxs müvafiq icazə blankına aid qaydaları pozursa, bunu etdiyi andan inzibati xəta başa çatmış sayılır və inzibati xətanın törədildiyi yer onun yerləşdiyi hüquqi ünvanı hesab edilir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında iş onun törədildiyi yerdə baxılır. Beləliklə səlahiyyətli orqan məhkəmə qərardadlarını mübahisələndirmədən qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə tam riayət etməli, mövcud nöqsanları aradan qaldırmalı və bundan sonra inzibati xəta haqqında materialı hüquqi şəxsin yerləşdiyi yerin məhkəməsinə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qəraraalır: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-653/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-653/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver