Məhkəmə qərarları › İş №3(023)-654/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-654/2025

09.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-654/2025 09.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Ağstafa rayonu Daş Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Ağstafa rayonu Daş Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 08 avqust 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:20 radələrində Qazax şəhəri Ə.Seyidov küçəsində narkotik vasitədən istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə edir. Tibbi müayinə zamanı o narkotik vasitə olan kannobinoidlərdən suni istifadə etməsi halları olubdur. Narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji qeydiyyata alınması məsləhət görülmüşdür. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, 3.07.2025-ci ildə saat 19:20 radələrində mən Qazax şəhəri Ə.Seyidov küçəsində "Kia Rio" markalı avtomobildə oturmuşdum. Bu zaman mən avtopatrul avtomobilinin yaxınlaşdığını görmüş. Həmin zaman şalvarının sağ yan cibində 01 ədəd sellofanda narkotik vasitə olan marixuana var idi. Narkotik vasitə üzərində olduğundan və tutulacağından qorxaraq avtomobilini işə salaraq qaçmağa cəhd etmişdir. Lakin həmin vaxt polis əməkdaşları onu saxlamış və hərəkətindən şübhələnərək avtomobili ilə birlikdə onu Qazax RPŞ-yə gətirmişlər. Məsul növbətçi üzərinə üst baxış keçirilərkən əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd sellofanda olan narkotik vasitə marixuana aşkarlanmışdır. Həmin narkotik vasitə üzərindən aşkar edildikdən dərhal sonra 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərindən qablaşdırılaraq götürülmüş və zərfin içərisində olan kütlə elektron tərəzi vasitəsilə çəkilməsi və baxılması məqsədilə açılmışdır. Narkotik vasitə elektron tərəzidə çəkiləndə içərisində yaşıl rəngli spesifik iyli kütlənin sellofan ilə birlikdə çəkisi 1,89 qram təşkil etdi. 01 ədəd sellofan olan kütlənin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyini soruşulduqda isə o həmin 01 ədəd sellofanda olan yaşıl rəngli kütləni taparaq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona cərimə cəza verilməsini xahiş edir. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1106 saylı xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF verdiyi məktubdan görünür ki, Şəxs ƏƏSMN-nin tabeliyində DSMF-dən heç bir növ əmək pensiyası, sosial müavinət və Prezident təqaüdü almır. İş materiallarında olan cinayət işinin balnmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax RPŞ-nin PPXB-nun polis nəfəri, polis serjantı Qara Qarayevin raportu əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində inzibati Аzərbaycan Рespublikası İXM-nin 206-cı maddəsilə inzibati qaydada tədbir görülməsi Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar