Məhkəmə qərarları › İş №3(023)-657/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-657/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-657/2025 23.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X2 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli elektron qərar tam olaraq qanunsuz tərtib edilmişdir. İdarə etdiyi MAN TGA 18.440 4X2 BLS YÜK, 60AC421 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Qazax rayonu istiqamətində Ağstafa rayonu Köçəsgər kəndi ərazisində yolda olarkən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə bvirlikdə oxa düşən kütlə parametrlərini guya aşması ilə bağlı barəsində cərimə tətbiq edilməsi tamamilə qanunsuzdur. O, Qazax rayonu istiqamətində Ağstafa rayonu Köçəsgər kəndi ərazisindən keçdikdən sonra maşını boşaltmazdan əvvəl “X4 Zavodu” MMC məntəqəsində çəkdirmişdir və tərəzi çəkinin 39520 kq olduğunu göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri” və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir. Belə ki, ikioxlu dartıcı, üçoxlu yarımqoşqu ilə yəhərli avtoqatarlar üçün icazə verilən ümumi çəkisi müəyyən edilmiş 40 tonluq həddi aşmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti müdafiə etmiş və göstərmişdir ki, onun avtomobili İXM-nin 353.2-ci maddəsinin təsiri altına düşmür. Belə ki, o maşının yükünü boşaltmamışdan əvvəl çəkdirmişdir və çəkisi müəyyən edilmiş 40 tonluq həddi aşmamışdır. Ona görə də, barəsində tərtib edilmiş 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli elektron qərarı qanunsuz hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, MAN TGA 18.440 4X2 BLS YÜK, 60AC421 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X2 tərəfindən 04 avqust 2025-ci il tarixdə idarə edilən avtomobilin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi halı səlahiyyətli orqan tərəfindən quraşdırılan xüsusi texniki vasitə tərəfindən aşkar olunmuş və o, 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli elektron qərarla İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. X2 barəsində tərtib olunan qərarın İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin təsiri altına düşmədiyini göstərərək barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarla razılaşmayaraq məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin şikayətində göstərdiyi “inzibati xəta haqqında qərarın” İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlilə münasibət bildirərək qeyd edir ki, səlahiyyətli orqan tərəfindən X2 barəsində ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Belə ki, İXM-nin 122-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xəta törətmiş şəxs haqqında inzibati xəta haqqında protokol deyil, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İş materiallarına əlavə edilmiş 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar qanunvericiliyə uyğun olaraq X2 tərəfindən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar elektron formada qəbul edilmiş və müvafiq səlahiyyətli orqanın əməkdaşının elektron imzası ilə təsdiqlənmişdir. Təsdiq edilmiş həmin qərara inzibati xətanı aşkar etmiş xüsusi texniki vasitənin məlumatları (markası: Sanyo, modeli: VVC-MC800P, kameranın nömrəsi: GRS-Q-015, inzibati xətanın törədildiyi yer, vaxt, inzibati xətanı törədən şəxsin adı,soyadı, atasının adı, İXM-nin müvafiq maddəsi, tətbiq edilən tənbeh tədbiri və s.), həmçinin xüsusi texniki vasitə ilə çəkilmiş inzibati xətanın törədilməsini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 04 avqust 2025-ci il tarixli EQ 29715849 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan sonra 3 gün müddətinə Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar