Məhkəmə qərarları › İş №3(023)-75/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-75/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-75/2024 07.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Ağstafa rayonu, Poylu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 07 mart 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X5 tərəfindən tərtib olunmuş 07 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 06 mart 2024-cü il tarixdə saat 20:20 radələrində Qazax RPŞ-nin qarşısında küçədə uca səslə ünvansız nəlayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 06 mart 2024-cü il tarixdə saat 20:20 radələrində sərxoş halda Qazax RPŞ-nin qarşısından keçən zaman uca səslə ünvansız nəlayiq ifadələr işlətmişdir. Bu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib, nəlayiq ifadə işlətməməsini və nizam-intizamlı olmasını bildirmişdir. Lakin o uca səslə ünvansız nəlayiq ifadə işlətməyə davam etmişdir. Buna görə də, onu Qazax RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:20 radələrində xidmətdə olan zaman Qazax RPŞ-nin qarşısında bir nəfər şəxsin uca səslə ünvansız nəlayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmış, özünü həmin şəxsə təqdim edərək nalayiq ifadə işlətməməsini və nizam intizamlı olmasını bildirmişdir. Lakin həmin şəxs nəlayiq ifadə işlətməyə davam etmiş ona görədə həmin şəxsi Qazax RPŞ-nə aparmış bu barədə raportla müraciət etmişdir. Sonradan həmin şəxsin Şəxs olması ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Şəxs sərxoş olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 06 mart 2024-cü il tarixdə saat 21:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 24 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-in 1 saylı X2 verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs filialdan hər hansı növ pensiya, sosial müavinət və təqaüd almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və şahid izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, şahid izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 06 mart 2024-cü il tarixdə saat 20:20 radələrində Qazax RPŞ-nin qarşısında küçədə uca səslə ünvansız nəlayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ərxoş halda törətməsi isə iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 -cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 06 mart 2024-cü il tarixdən, saat 21:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar