Məhkəmə qərarları › İş №3(023)-801/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-801/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-801/2025 30.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxova Günay Fauna qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 oğlunun iştirakları ilə, X1 Bakı şəhər Nəsimi rayon X4 şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi rayon X4 şöbəsinin onun barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhər Nəsimi rayonu ərazisində özünə məxsus olan X5 markalı 77UP208 nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən yol patrul əməkdaşı onu saxlayaraq avtoxuliqanlıq etdiyini bildirmiş və buna görə avtomobili cərimə meydançasına aparmışdır. O hər hansı bir qayda pozuntusu etmədiyini və bu hərəkətin qanunsuzluq olduğunu, pozuntuya dair protokol tərtib etməsini, protokolun surətinin ona verilməsini, əgər avtoxuliqanlıq etmişdirsə protokolun məhkəməyə göndərilməsini tələb etmişdir. Lakin yol patrul əməkdaşı onun heç bir tələbinə əməl etməyərək xx.xx.2025-ci il tarixdə Nəsimi rayon X4 şöbəsinə getməsini tələb etmişdir. O, bununla bağlı DİN-nin “102” və “902” xidmətinə şikayət etmişdir. xx.xx.2025-ci il tarixdə Nəsimi rayon X4 şöbəsinə gedərək işin məhkəməyə göndərilməsini və protokolun surətinin ona verilməsini tələb etmişdir. Lakin yol patrul əməkdaşı ona avtomobilini götürə biləcəyini və DİN-nin “102” xidmətini zənk vurub heç bir şikayətinin olmamasını deməsini xahiş etmişdir. Bundan sonra o cərimə meydançasının əməkdaşına 5 manat ödəyib avtomobilini götürmüş və xx.xx.2025ci il tarixdə Qazax rayonuna qayıtmışdır. Sonradan “e-polis” tətbiqində barəsində İXP ******* nömrəli protokol və TP ******* nömrəli qərar qəbul edildiyini və guya İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.1-ci maddələrinin tələblərini pozduğu üçün 50 manat cərimə edildiyini görmüşdür. Göründüyü kimi bu qərar tamamilə qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, qərara hər hansı video, foto görüntü əlavə edilməmiş, protokol yerində tərtib olunmamış, surəti ona təqdim edilməmiş, ona imza etdirilməmiş və onun etirazı protokolda əks etdirilməmişdir. Hesab edir ki, ona qarşı qərəzli yazılmış qərar ləğv olunmalıdır. Bu faktların dəqiqləşdirilməsini və qeyd edilənlərin nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “e-polis” tətbiqində xx.xx.2025-ci il tarixli TP7517442 nömrəli qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu ərazisində X5 markalı 77UP208 nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5. xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, 327.1. əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X2 həmin maddə ilə təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5.-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə ilk öncə onu qeyd edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, səlahiyyətli orqan tərəfindən onun iştirakı təmin edilməmişdir. Belə ki, X2 xx.xx.2025-ci il tarixdə X5 markalı 77UP208 nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən yol patrul əməkdaşı tərəfindən saxlanılaraq avtoxuliqanlıq etdiyi bildirilərək avtomobili cərimə meydançasına aparmasına, xx.xx.2025-ci il tarixdə Nəsimi rayon X4 şöbəsində yol patrul əməkdaşının ona avtomobilini götürə bildirilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə “e-polis” tətbiqində barəsində İXP ******* nömrəli protokol və TP ******* nömrəli qərar qəbul edildiyi və İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.1-ci maddələrinin tələblərini pozduğu üçün 50 manat cərimə edildiyi barədə şəxsə məlumat göndərilmişdir. Məhkəmə araşdırması zamanı səlahiyyətli orqandan iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın aparılması üçün X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5. və 327.1-ci maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş (inzibati xəta haqqında protokol, foto şəkil, inzibati xətanın törədildiyi ərazidə olan yol nişanları barədə məlumat və s.) sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Digər tərəfindən, X1 inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar da (video görüntü və s.) səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından və məhkəmə iclasında dindirilmiş şikayət vermiş şəxsin izahatından məlum oldu ki, X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhər Nəsimi rayonu ərazisində X5 markalı 77UP208 nömrə nişanlı avtomobili idarə edən zaman TP ******* nömrəli inzibati xəta haqqında qərarda qeyd edilən inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhər Nəsimi rayon X4 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7517442 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar