Məhkəmə qərarları › İş №3(023)-81/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-81/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-81/2023 21.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material 28 fevral 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X6 tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Avtobaza”-da yəni ictimai yerdə anası Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qazax Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardan (hakim:F.Məmmədov) görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğdə cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakim:N.Əliyev) apellyasiya şikayətləri qismən təmin olunaraq Qazax Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. X4 20 oktyabr 2022-ci il tarixdə səhhətində yaranmış problemlərlə əlaqədar vəfat etmişdir. Bir neçə aydır ki, valideynləri ilə onun arasında çadır ləvazimatları və bir sıra digər əmlaklar ilə əlaqədar mülki mübahisə vardır. Həmin mübahisə ilə əlaqədar 01 fevral 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsi tərəfindən üzərinə həbs qoyulmuş əmlakların istifadə edilməsinə qadağa qoyulması barədə də qərar qəbul edilmişdir. Həmin qərar ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Qazax rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları ilə birlikdə üzərinə həbs qoyulmuş və istifadəsinə qadağa qoyulmuş əmlakların dəqiq sayılaraq siyahıya alınması məqsədi ilə o, avtobazaya getmişdir. Avtobazada əmlaklar Qazax rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən sayılıb siyahıya alınmağa başladıqdan bir qədər sonra anası Zərərçəkmiş şəxs heç bir səbəb ve əsas olmadan onunla söz mübahisəsi etməyə başlamışdır. O, mübahisəyə son qoymasını tələb etdikdə isə anası onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bunun qarşılığında o da anasına qarşılıq vermək məcburiyyətində qalmış və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı anası DİN-in 102 xidmətinə müraciət edərək onun barəsində öz şikayətini bildirmiş, o da, oradan çıxıb getmişdir. Anasını döyməmiş anası onun üzrəinə gələn zaman sonuncunu əli ilə itələmişdir. Həmçinin izahatında bildirmişdir ki, barəsində olan inzibati xəta haqqında iş üzrə məsululiyyətə cəlb etmə müddəti bitidiyi üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun doğma övladıdır. Bu günədək Ramil 3 dəfə ailə həyatı qurmuşdur. Ramilin dəfələrlə ailə həyatı qurması aralarındakı münasibətlərin pisləşməsinə gətirib çıxarmışdır. Hazırda aralarında mülki mübahisə mövcuddur. Qazax Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadı ilə əmlakların Şəxs ve üçüncü şəxslər tərəfindən istifadəsi qadağa edilmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində isə Qazax rayon İcra ve Probasiya Şöbəsinin əməkdaşları ilə birlikdə üzərinə həbs qoyulmuş ve istifadəsinə qadağa qoyulmuş əmlakların dəqiq sayılaraq siyahıya alınması məqsədi ilə Qazax şəhəri, H.Əliyev prospektində yerləşən avtobazaya getmişlər. Avtobazada əmlaklar Qazax rayon İcra ve Probasiya Şöbəsinin əməkdaşları tərəfindən sayılıb siyahıya alınmağa başladıqdan bir qədər sonra oğlu Şəxs həmişə olduğu kimi heç bir səbəb və əsas olmadan müxtəlif bəhanələr gətirərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ramilə dəfələrlə öz iradını bildirərək mübahisəni dayandırmasını tələb etsə də, Ramil buna məhəl qoymayaraq öz əməlinə davam etmiş və ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. O, Ramildən təhqirlərinə son qoymasını tələb etdikdə isə, Ramil bununla da kifayətlənməyərək əlləri ilə onun hər iki qolundan tutub özünə tərəf çəkişdirmiş və yumruqla həm sinə, həm də qarın nahiyyələrinə zərbələr endirmişdir. Eyni zamanda Ramil onun yanında kömək edən nəvəsi Emili də, vuraraq ona xəsarətlər yetirmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 14 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan DSMF PHŞ 1 saylı X1 Qazax Rayon qəbul şöbəsinin verdiyi 23 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs əlilliyə görə heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 verdiyi 04 fevral 2023-cü il tarixli, 50 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - Sağ said nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 04 fevral 2023-cü il tarixdə əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qazax rayon Polis şöbəsinin təhqiqat bölməsi 14 fevral 2023-cü il tarixli qərarla toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasınım tərkibi olduğundan barəsində inzibati xəta tənbeh tədbiri görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Qazax RPŞ-nin İTB-si tərəfindən 15 fevral 2023-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat açılmış və 28 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi hazırki iş üzrə əməldə cinayət tərkibi olmadığı üçün 14 fevral 2023cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Belə olan halda müəyyən olur ki, hazırda barəsində inzibati icraata aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllıəsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 38.3-cü maddəsinin tələblərinin pozulması ilə nəticələnir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 53, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar