Məhkəmə qərarları › İş №3(023)-812/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-812/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-812/2025 17.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 13 oktyabr 2025ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 31500.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 27 sentyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 25500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 28 sentyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 çıxışında bildirdiki, onun təmsil etdiyi MMC-nin inzibati xətanın baş verməsində təqsiri olmamışdır. 27 sentyabr 2023-cü ildə ölkə xaricinə avans olaraq köçürülən 31500 ABŞ dolları məbləğində pul vəsaitinin qarşılığında vaxtında ölkəyə mallar idxal edilmişdir. Bununla bağlı gömrük bəyannamələrini təqdim edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi törədilməmiş və bankda olan əməliyyatlar zamanı sürüşdərmələr olduğu üçün mərkəzi bank tərəfindən həmin məlumatlar görünmədiyindən protokol tərtib olunmuşdur. Bu uyğunsuzluqların aradan qaldırılması üçün tərəfimizdən müvəkkil banklar "xxxx" ASC və "xxxx" ASC-yə müraciət olunmuş, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına da məlumat verilmiş və müvəkkil Banklar tərəfindən texniki yanlışlıqlar artıq aradan qaldırılmışdır. MMC-nin təqsirinin müəyyən edilmədiyini üçün Azərbaycan Respublikası İXM-ni 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması qanunsuz və əsassızdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 26 sentyabr 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs-MMC tərəfindən 31500.00 (ABŞ dolları) məbləğində xarici valyutada olan pul vəsaiti 27 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İnzibati xəta haqqında 13 oktyabr 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən 31500.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 27 sentyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 25500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 28 sentyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarında olan idxal Gömrük Bəyannamələri **********1003, **********1025, **********1038, **********4195, **********4196 nömrəli idxal Gömrük Bəyannamələrindən görünür ki, 31500 ABŞ dolları məbləğində olan mallar ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Şəxs MMC-yə verilmiş arayışdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC Qazax filialında olan AZ47İBAZ******************** saylı USD cari hesabından “QUEST GROUP DMCC ” şirkətinə vəsait köçürülmüşdür. Qazax filialına təqdim olunan idxal Gömrük Bəyannamələri **********1003, **********1025, **********4195-**********4196 DGK portalına işlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Hazırki halda Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür MMC tərəfindən 27 sentyabr 2023-cü il tarixdə ölkə xaricinə köçürülmüş 31500 ABŞ dolları vəsaitin 25500 ABŞ dolları hesabına alınan mallar həmin tarixdən 02 il müddət keçmədən ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 31500.00 (ABŞ dolları) məbləğində xarici valyutada olan vəsaiti 27 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən malların (xidmətlərin) ölkə ərazisinə idxal olunmamasında təqsirinin olmamasını və bununla da MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun istisna olunduğunu nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar