Məhkəmə qərarları › İş №3(023)-814/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-814/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-814/2025 17.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanovan Elminaz Zarif qızının katibliyi, Protokol tərtib etmiş Qazax RPŞ-nin sahə rəisi X1 İnzibati xəta törətmiş Şəxs iştirakı ilə xx xxxxxx 1999-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, 1 nəfər azyaşlı uşağı olan, Qazax şəhəri, Ə.Şıxlinski küçəsi, döngə 2 ev 12-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 17 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 oktyabr 2025-ci il tarixdə, saat 20 radələrində Qazax şəhəri Ə.Şıxlinski küçəsi yaşadığı evin həyətində qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Heç bir yerdə işləmir. Subaydır. Narkotik vasitə olan marixuanadan istifadə edir. 24 sentyabr 2025-ci il tarixdə, Qazax RPŞ-nin polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. O da, təxminən saat 20:00 radələrində Qazax şəhəri Ə.Süleymanov küçəsində yerləşən evində həmin tarixdən 2 gün əvvəl narkotik vasitə istifadə etdiyini bildirmişdir. İİ qrup əlildir. Lakin hazırda müvvəqəti olaraq dayandırılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 17 oktyabr 2025ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 16 oktyabr 2025ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 oktyabr 2025ci il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 16 oktyabr 2025-ci il tarixli 1646 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 16 oktyabr 2025ci il tarixli, 4407/2025 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, ekspertiza rəyi, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, X2 müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, törətmiş olduğu əməldən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasının hədində 400 manat məbləğində cərimə tətbiq edilməli, onun inzibati qaydada 1 gün saxlanıldığı nəzərə alınaraq, 400 manat cərimə cəzasından çıxılaraq 350 manat daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğdə cərimə edilsin. Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar