Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-1/2025 08.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə. Qax RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətlə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN M ******* qərarı əsassız və qanunsuzdur. Həmin qərar ona rəsmi qaydada ərizə yazdıqdan sonra xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Qərardan isə xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən bildiriş göndərildikdən sonra xəbəri olmuşdur. Qax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarında qeyd edilmişdir ki, o xx.xx.2023-cü il tarixdə 1 baş iribuynuzlu camışı səllim buraxaraq ev heyvanlarının saxlanılması qaydalarını pozmuş və buna görə də barəsində xx.xx.2023-cü il tarixdə MN ******* saylı protokol təqdim edilmişdir. Lakin onun iribuynuzlu camışı itməmiş və ya onu səllim buraxmamışdır. Həmin protokoldan və qərardan isə bu vaxtadək xəbəri yoxdur. Prorokolla tanış olduğu zaman protokola olan imzanın ona məxsus olmadığını bilmişdir. Protokol və qərar ona göndərilməmiş və ümümiyyətlə bu barədə xəbərsiz olmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Qax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, ona indiyə qədər heyvanları səllim buraxmaı barədə məlumat verilməmişdir. O, ödənişləri həyata keçirmək üçün Qax şəhərində yerləşən mərkəzi poçta getmişdir. Həmin vaxtı ona 200 manat cərimə borcunun olması barədə məlumat verilmişdir. Barəsində müvafiq protokolun tərtib olunması, cərimə edilməsi barədə qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Protokola çəkilən imza ona məxsus deyildir. Bir il öncə baş vermiş hadisəyə görə nə üçün onun barəsində bu il protokol tərtib olunmuşdur. Odur ki, barəsində qəbul edilmiş inzibati cərimə növündə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə təsərrüfatında olan 1 baş iribuynuzlu heyvanı (camışı) səllim buraxaraq ev heyvanlarının saxlanılması qaydalarını pozduğu üçün barəsində İXM-nin 290.1.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsi və barəsində qərar çıxarılmış şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qax RPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həm protokol, həm də qərar eyni tarixdə - xx.xx.2024cü il tarixdə tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında protokolu özünün imzalamadığını bildirmişdir. Qeyd olunan protokolda şəxsin izahatları qeyd edilməmiş, protokolun tərtib edilməsi barədə X9 Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məlumat verilməmişdir. Ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılarkən Qax RPŞ tərəfindən Şahin Lebeyevin şöbəyə dəvət edilməsini təsdiq edən bildiriş məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Qax RPŞ tərəfindən bir baş iribuynuzlu heyvanın Şahin Lebeyevin təsərrüfatına məxsus olmasını, həmin heyvanın onun tərəfindən özbaşına çölə buraxılmasını əks etdirən əsaslı və mötəbər sübutlar-fotoşəkil, təsərrüfat başına kitab, kənd icra nümayəndəliyinin arayışı və s təqdim olunmamışdır. İnzibati tənbeh vermə barədə qərar qəbul etmiş şəxs tərəfindən İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ətraflı araşdırılmamış, Şahin Lebeyevin təsərrüfatında iribuynuzlu heyvanların olub-olmaması, əgər olmuşdursa yol-nəqliyyat hadisəsi baş verən günü avtomobil tərəfindən vurulan bir baş iribuynuzlu heyvanın Şahin Lebeyevə məxsus olması və həmin heyvanın onun tərəfindən özbaşına çölə buraxılması halları ətraflı araşdırılmamışdır. Belə olan halda Şahin Lebeyev tərəfindən İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Şahin Lebeyevin təqsirli olması barəsində şübhələr sübut hesab edilə bilməz və o təqsirsizdir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 dekabr 2023-cü il tarixli qərardan da görünür ki, 28 noyabr 2023-cü il tarixdə ”Zeytun Pharmaceuticals” MMC-nə məxsus **-JM-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo”Maxi XL markalı yük avtomobili ilə bir baş iribuynuzlu heyvanın vurulması sübuta yetirilsə də, həmin heyvanın Şahin Lebeyevə məxsus olması ilə bağlı hər hansı bir sübut yoxdur. Şahin Lebeyev həmin heyvanın özünə məxsus olmadığını, ümumiyyətlə həmin vaxtı baş vermiş hadisədən xəbəri olmadığını, protokol və qərarın və qərarın ona göndərilmədiyini və ümümiyyətlə bu barədə xəbərsiz olduğunu, ödənişləri həyata keçirmək üçün poçt məntəqəsinə getdikdə ona 200 manat inzibati cərimə tətbiq olunması barədə məlumat verildiyini göstərmişdir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edilir ki, X2 xx.xx.2023-cü il tarixdə təsərrüfatında olan 1 baş iribuynuzlu heyvanı (camışı) səllim buraxaraq ev heyvanlarının saxlanılması qaydalarını pozması barədə İXM-nin 290.1.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin normada təsbit edilmişdir ki, it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Lakin işin faktiki hallarından və Şahin Lebeyevin izahatından görünür ki, hazırda Qax RPŞ-nin İTB-nin sahə rəisi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılarkən ona rəsmi qaydada bildiriş göndərilməmiş, işə onun iştirakı olmadan baxılaraq şəxsə məlumat verilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarından görünür ki, X2 qərardan şikayət vermə müddəti üzürlü hesab edilərək bərpa edilmişdir. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Qax RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X4 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qax RPŞ-nə göndərilməlidir Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikasınını İXM-nin 290.1.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə olunmasına dair Qax RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X4 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qax RPŞ-nə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-1/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-1/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver