Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-101/2024 29.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs–xx.xx.1980-ci ildə Qax rayonu Oncallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qax rayonu, Oncallı kəndində yaşayan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərini pozması barədə onun barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 məhkəmə iclasinda izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək səbəbsiz yerə “DİN”-nin 102 xidmətinə dəfələrlə zəng edərək iş rejimini pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə qaynanası ona zəng edərək yenə qaynının qumar oynadığını bildirərək “DİN”-nin 102 xidmətinə zəng etməsini xahiş etmişdir. O, da qaynar xəttə zəng edərək bu barədə məlumat vermiş, daha sonra isə bir-neçə dəfə zəng edərək nəticəsi barədə soruşmuşdur. Bundan sonra kənddə qoyun otararkən polis əməkdaşları oraya gələrək onu polis şöbəsinə aparmışlar. O, küçədə və ya hansısa bir ictimai yerdə söyməmiş, heç bir xuliqanlıq hərəkətləri etməmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında materialda eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1. inzibati xəta hadisəsi olmadıqda; 53.2. inzibati xəta tərkibi olmadıqda; 53.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;
53. 5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməsi sübuta yetirilməmişdir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan həmin vaxtı Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
qərara aldı :
Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10(on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Malik Qarayev.