Məhkəmə qərarları › İş №3(024)-123/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-123/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-123/2024 11.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş hüquqi şəxs X4 Təchizatı və Satışı İdarəsi X7 nümayəndəsi X2 iştirakları ilə. xx.xx.1990-cı ildə Qax rayonu, Güllük kəndində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İİ dərəcə əlilliyi olan, il əzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, Qax rayonu, Güllük kəndində qeydiyyatda olmaqla yaşayan yaşayan, FİN-xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək Qax rayon məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qax rayonu, Güllük kəndində X7 balansında olan əmlaka qəsdən ziyan vuraraq 596 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib edən Qax RPŞ-nin İTB-nin əməkdaşı məhkəmə baxış iclasına təkrar gəlməmiş və gəlməməyin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Qax RPŞ İTB-nin əməkdaşının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, təxminən 2022-ci ildən ona məxsus həyətyanı torpaq sahəsinin daxilindən X5 məxsus olan obyekti qidalandıran alçaq gərginlikli elektrik xəttinin 3 metal boru vasitəsilə keçdiyini, bu elektrik xətti çəkildikdən razılaşmaya əsasən 3 ay sonra qeyd edilmiş vaxtda çıxarılmadığına görə onun narazılığına səbəb olduğunu, buna görə də X8 bu haqda rəsmi müraciət edərək məlumat verdiyini, X3 ünvanladığı cavab məktubunda yaxın zamanda yenidən qurma işlərinin aparılacağını, həmin dirəklərin isə ona məxsus olan həyətyanı sahədən çıxarılaraq yol kənarına çəkiləcəyini bildirdiyini, lakin üzərindən 2 il keçməsinə baxmayaraq hər hansı bir tədbir görülmədiyini, buna görə də xx.xx.2024-cü il tarixdə elektrik xəttini mənbəyindən ayırmaqla Tofiq Namazova məxsus olan obyektin arxa hissəsinə düşən metal borudan elektrik xəttini ayırdığını, ona məxsus olan həyətyanı sahədə olan yerə basdırılmış 3 ədəd metal borunu (dirəyi) çıxararaq və 91 metr uzunluğunda olan kabeli yığaraq oğurlanmaması üçün öz həyətinə qoyduğunu, bu hərəkətləri etdikdən sonra X8 məlumat verdiyini, X7 işçilərinin gələrək həmin 3 ədəd metal borunu (dirəyi) və 91 metr uzunluğunda olan kabeli təhvil almadan geri qayıtdıqlarını bildirdi. Metal dirəkləri torpaqdan çıxararkən və elektrik kabellərini yığarkən əmlaka heç bir zərər vurmamışdır. 21 may 2024-cü il tarixdə 3 ədəd metal dirək və 91 metr uzunluğunda kabel yenidən istismara tam yararlı vəziyyətdə AKT tərtib olunmaqla X11 tərəfindən təhvil alınmışdır. Onun məqsədi əmlakı məhv etmək, yaxud zədələmək olmamışdır. İstəmişdir ki, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində quraşdırılmış işıq dirəkləri həyətdən çıxarılaraq yol kənarına quraşdırılsın. Odur ki, məhkəmədən qeyd edilən halların nəzərə alınması və zərərçəkmiş hüquqi şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs Qax EŞ-in nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs izahatında qeyd etdikləri doğrudur. Əlavə olaraq bildirdi ki, 3 ədəd metal dirək və 91 metr uzunluğunda olan elektrik kabeli tam yararlı vəziyyətdə Şəxs təhvil alınmışdır. X1 məxsus qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilişi şəbəkə tərəfindən bərpa edilmişdir. Hal-hazırda X7 Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Maddi ziyan tələb etmirlər. Odur ki, onun barəsində olan inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini məhkəmədən xahiş edərək məhkəməyə müvafiq ərizəni təqdim etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi ifadəni və ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 may 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət təqibinin və material üzrə cinayət işinin başlanmasının rədd olunması, X7 balansında olan əmlaka qəsdən zərər vuran Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan, həmin şəxs barəsində inzibati qaydada tədbirin görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan X4 Təchizatı və Satışı İdarəsi X7 xx.xx.2024-cü il tarixli 24/251 saylı məktubundan görünür ki, X8 596 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda (beş min manatdan yuxarı olmayan məbləğ) inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, təqsirkar şəxs tərəfindən özgə əmlakı məhv edilmiş, yaxud zədələnmiş olsun və əmlakın sahibinə dəyən zərər beş min manatdan yuxarı olmasın. Lakin iş materiallarından sübut olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində qeyd edilən normanın obyektiv cəhətinin zəruri əlamətləri yoxdur. Şəxs 3 ədəd işıq dirəyini və 91 metr uzunluğunda elektrik kabelini şəbəkədən ayırarkən məqsədi əmlakı məhv etmək və ya əmlakın sahibinə ziyan vurmaq yox, elektrik xəttinin onun həyatyanı sahəsindən çıxarılıb yol kənarı ilə çəkilməsi olmuşdur. İş materiallarına əlavə edilmiş AKT-dan və CD diskdən də görünür ki, 3 ədəd elektrik dirəyi və 91 metr uzunluğunda olan elektrik naqilləri X8 istismara tam yararlı vəziyyətdə təhvil verilmişdir. Əlavə olaraq zərərçəkmiş hüquqi şəxsin Qax RPŞ-nə ünvanladığı məktubda Şəxs əməli nəticəsində orqana 596 manat məbləğində maddi ziyan vurulmasını göstərsə də, bu halı təsdiq edən konkret sübutları məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati iş üzrə icraata yuxarıda qeyd olunan əsasla xitam verilməsini mümkün hesab etmir. Belə ki, məhkəmə icrasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin verdiyi ifadəyə əsasən X5 məxsus qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsi Qax EŞ-nin öz vəsaiti hesabına bərpa edilmişdir. X11 Şəxs hər hansı maddi ziyanın ödənilməsini tələb etməmişdir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs inzibati xəta törətməsi, zərərçəkmiş hüquqi şəxsin əmlakını məhv etməsi, yaxud zədələməsi təsdiqini tapmır. Əksinə onun əməli törətdikdən dərhal sonra inzibati orqana məlumat verməsi onun əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını sübuta yetirir. Protokol tərtib edən Qax RPŞ İTB-nin əməkdaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinə düzgün hüquqi qiymət verməyərək onun barəsində AR İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar