Məhkəmə qərarları › İş №3(024)-126/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-126/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-126/2024 23.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə. xx.xx.1975-ci ildə Qax rayonu Zərnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qax rayonu Zərnə kəndində qeydiyyatda olan və yaşayan, FİNxxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qax rayonu Zərnə kəndində qonşusu Zərərçəkmiş şəxs üz nahiyyəsinə sillə ilə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Qax rayonu Zərnə kəndində həmkəndlisi, həm də qonşusu olan Zərərçəkmiş şəxs mübahisə zamanı sifət nahiyyəsinə sillə ilə vuraraq onu döymüşdür. Təhqiqatçının qərarında göstərilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilməlidir. Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə arvadı Qax şəhərinə toya getmişdir. O da evdə olmuşdur. Axşam yemək yeyən zaman 300 qram araq içmişdir. Arvadı toydan gəldikdən sonra gec gəldiyinə və o da sərxoş olduğuna görə aralarında narazılıq olmuşdur. Sonra yoldaşı digər otağa keçmişdir. O, yoldaşının yola çıxdığını zənn edərək küçəyə çıxmış, həmin vaxtı öz həyətinə daxil olan qonşusu Yeganəni arvadına bənzətmişdir. O, həyətə girdikdən sonra Yeganənin evinin qapısına açaraq evə baxmışdır. Yeganə ona arvadının onun evində olmadığını və axtarmamasını demişdir. Həmin vaxtı Yeganəyə bir dəfə sillə vurmuş, ona toxunmuş və çıxıb evə gəlmişdir. Hərəkətindən çox peşmandır, sərxoş olmuşdur. Zərərçəkmiş şəxs üzr istəyir. Böyük səhv etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hadisə baş verən gün kənddə toy olmuşdur. O həmin günü xəstə olmuş, vəziyyəti yaxşı olmamışdır. O, Azərbaycan dili-Ədəbiyyat müəlliməsidir. Uşaqlara haqq, ədalət, düz yol öyrədir, səhvlərdən çəkindirir. Hamı bilir ki, o yalan danışmır. Özü ziyalı, müəllim ailəsində tərbiyə almış, atası müəllimdir. Həmin gün axşam ürəyi bulandığı üçün həyətə düşdükdə darvazanın möhkəm döyüldüyünü eşitmişdir. Lakin o ürəyi bulandığı üçün darvazaya yaxınlaşa bilməmişdir. Darvaza bağlı olmuş, onunla darvaza arasında təxminən 20 metr məsafə olmuşdur. Sücaət darvazanın arxasından onun və anasının ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxtı Sücaətin yanında olan anası Sücaətə yalvararaq evə getməsini xahiş etmişdir. O söyüşlərə əhəmiyyət veməmiş, əvvəlcə hesab etmişdir ki, kənddə toyda kimsə sərxoş olub, darvazanın qarşısında yıxılıb və söyüş söyür. Sonra sakitlik çökdükdə düşünmüşdür ki, söyüş söyən şəxsi aparmışlar. O, özünə gəlməmiş Sücaət həyətin hasarını aşaraq pilləkənlərlə onun evinə çıxmış, evin qapısını təpiklədikdən sonra evə daxil olmuşdur. O, həyətdə qalmış, lakin Sücaətin evdən çıxmadığını görərək nə etdiyini görmək üçün evə daxil olduqda Sücaətin evin otaqlarını axtardığını görmüşdür. Sücaət axtardığı otağın qapısını arxadan bağlamışdır. Gecə saat birdə həmin adamın onun evinə icazəsiz girərək axtarış aparmağa nə ixtiyarı vardır? O, telefonu götürüb qardaşına zəng etmək üçün foyenin yarısına qədər getmiş, telefonu götürmək istədikdə Sücaətin otaqdan çıxdığını görərək balkona qaçmaq istəmişdir. Lakin Sücaət onu tutaraq onu elə boğmuşdur ki, Sücaətdən nə etdiyini soruşmaq istəsə də, danışa bilməmişdir. Həmin anda qaçıb canını qurtarmaq üçün əlini balkonun qapısının dəstəyinə ataraq qapını açmış, ayağını bir addım kandardan balkona tərəf atmışdır. Bu zaman Sücaət ona başına oyun açacağını və öldürəcəyini demiş, hər iki əlinin barmağı ilə onun nəfəs borusunu sıxmağa başlamış, başına oyun açacağını deyə-deyə başını 8-9 dəfə kubik barıya vurmuş, boğazını buraxmamış və boğmaqda davam etmişdir. Gözünü altından elə sıxmışdır ki, gözünə qan sızmışdır. Sonra Sücaət onu yerə parketə elə çaxmışdır ki, çənəsində izlər qalmışdır. Qan izlərinin şəkillərini də çəkmişdir və telefondadır. O, Sücaətin barmaqlarının üzündə açdığı çapıqları itirmək üçün Bakıdan bahalı dərmanlar sifariş etmişdir. Müstəntiq və ekspert onun üz-gözünün şəkillərini çəkmişdir. Onun görmə qabiliyyəti də zəifləmişdir. Hər işini məktəbdə bir nəfər görür. O, jurnalı yaza bilmir. Sücaət onu döydükdən sonra dörd gün çörək yeyə və dərman qəbul edə bilməmişdir. O, Sücaətin evi tərəfdən üçüncü qonşudur. Sücaətin uşaqları universitetdə oxuyur və otuz ilə yaxındır ki, Sücaətin arvadı bir dəfə də olsun onun evinə gəlməmiş və onunla söhbət etməmişdir. İndi nə üçün arvadını onun evində axtarır. Sücaət hasarı aşarkən onun yanında anası da olmuş və ağlamışdır. Ondan nə üçün ağladığını soruşduqda Sücaətin bıçaqla evdən çıxdığını söyləmişdir. Həmin günü axşam evə polis gəlmişdir. Gecə saat 2 radələrində polis onun evindən getmişdir. Sücaət həmin günü saat 3-dən evdə olmuş, polis nə səhər nə də o biri gün Sücaəti gəlib aparmamışdır. İki gün sonra qardaşı polis idarəsinə gedib narazılıq etdikdən sonra onu gəlib aparmışlar. O, aparatlara, həkimlərə getmiş, 700 manat xərc çəkmişdir. Sücaət onun səhhətinə, sağlamlığına zərər vurmuşdur. Yuxusu yoxdur və əsəbləri pozulmuşdur. O indi də özünü idarə edə bilmir. Sücaət onun sağlamlığına vurulan zərəri ödəsin. Sücaətdən şikatəçidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X3 verdiyi 57 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində-təpə nahiyəsində 1 (bir) ədəd, sol almacıqda 1 (bir) ədəd, sağ yanağında 1 (bir) ədəd, boynunda 1 (bir) ədəd sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş olduğu, həmin xəsarətlər qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixinə insanın bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa “ZƏRƏR VURMAYAN” xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, Şəxs barəsində AR CM-nin 157.1-ci və 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı, iş materialları və ekspert rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının (AR Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Ar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi), habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xətanı spirtli içkinin təsiri altında törətdiyini bildirsə də iş materiallarında bununla bağlı sübut olmadığı üçün məhkəmə bu halı Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünü tətbiq etməyi qanuna müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh növü tətbiq edilsin. Şəxs məhkəmə zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı tarixdən yəni xx.xx.2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar