Məhkəmə qərarları › İş №3(024)-128/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-128/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-128/2024 07.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlu, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1964-cü ildə Qax rayonu Güllük kəndində anadan olmuş, evli, işsiz, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, Qax rayonu, Güllük kəndində qeydiyyatda olmaqla yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası DİN Qax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahını Qax rayonu, Güllük kəndində yaşadığı ünvanda saxlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış protokolu tərtib edən Qax RPŞ-nin əməkdaşı məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən Qax RPŞ-nin polis sahə rəisi X1 iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs Şəxs izahat verərək bildirdi ki, Qax rayonu Güllük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X3 2009-cu ildə vəfat etmişdir. Ov silahı da mərhum atasından qalmışdır. Ov silahından heç vaxt istifadə etməmişdir. Özündə ov silahının olması ilə bağlı bir müddət əvvəl ərazi üzrə sahə müvəkkilinə məlumat vermiş, lakin özü şəxsən ov tüfəngini Qax rayon Polis Şöbəsinə təqdim etməmişdir. 2009-cu ildən bu vaxtə qədər silahı evində saxlamışdır. Sonradan Qax RPŞ-nin əməkdaşları evinə gələrək onda ov silahının olmasını bildirmiş, o da silahı polis əməkdaşlarına təqdim etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Odur ki, məhməmədən qeyd edilən halların nəzərə alınmasını və ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan: “Material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində AR CM-nin 228-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi, aşkar edilmiş T-20161 nömrəli silahın saxlanılması üçün AR DİN-nin Təchizat İdarəsinin mərkəzi anbarına təhvil verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 01 ədəd silah 16 çaplı, T- 20161 nömrəli, qoşa lüləli yivsiz ov tüfəngidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanından icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs təqsirini etiraf edib səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və barəsində inzibati tənbeh tərbiq edilib cərimə edilməsini qanunamüvafiq hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, maddi sübut kimi Qax RPŞ-də saxlanılan 01 ədəd 16 çaplı, T-20161 nömrəli, qoşalülə, yivsiz ov tüfəngi müsadirə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 84, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 16 çaplı, T-20161 nömrəli, qoşalülə, yivsiz ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətinə Qax rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar