Məhkəmə qərarları › İş №3(024)-129/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-129/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-129/2024 30.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə. Şəxs–xx.xx.1992-ci ildə Qax rayonu, Dəymədağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əlilliyi olmayan, Qax rayonu, Dəymədağlı kəndində qeydiyyatda olan və yaşayan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Qax RPŞ-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Qax rayon Məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Qax rayon Məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində boşanma və alimentin artırılması işi ilə bağlı məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə iclası bitdikdən sonra məhkəmə binasının içərisində qaynanası Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə təhqir etmişdir. Həmin vaxt o da əsəbi olduğu üçün ona nalayiq sözlər demişdir. Təqsirini boynuna alır. Əməlindən səmimi peşmandır. Məhkəmədən qeyd edilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Qax rayon Məhkəməsinin inzibati binasında Şəxs ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Şəxs onu nəlayiq ifadələrlə söyüb təhqir etmişdir. Şəxs şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. X3 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Qax rayon Məhkəməsində mühafizəçi vəzifəsini yerinə yetirərkən, məhkəmə binasında məhkəmə iclası bitdikdən sonra Şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini, mübahisə zamanı onların bir birlərini nalayiq ifadələrlə söyüb təhqir etdiklərini bildirdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən həmin məcəllənin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi iş materialları ilə təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını və il ərzində ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini, həmçinin aliment ödəməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 50 manat məbləğində inzibati cərimə tənbeh növü tədbiq edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə yaxud birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Taleh Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar