Məhkəmə qərarları › İş №3(024)-152/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-152/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-152/2024 20.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 Temuriyeviçin, Şahid Qax rayonu Yol Patrul xidməti inspektoru, polis baş serjantı X2 iştirakları ilə. xx.xx.1991-ci ildə Qax rayonu Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, İİİ dərəcə əlilliyi olan, Qax rayonu, Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan, FİN xxxxxxx, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Qax RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP № ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30-da sərxoş vəziyyətdə VAZ 21061 minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozmuş, təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, işıq cihazlarından istifadə qaydalarını pozmuş, həmçinin İXM-nin 334.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı (bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi) törətmişdir. Qax Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə gecə saat 12 radələrində Qax şəhəri ərazisində spirtli içki qəbul etmiş, lakin spirtli içki qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etməmişdir. Həmçinin onun sərxoş olub-olmaması polis əməkdaşları tərəfindən nəfəs vermə yolu ilə müayinə edilməmişdir. Sürücülük vəsiqəsi yoxdur. Sürücülük hüququ olmadan Qax rayonu ərazisində taksi fəaliyyəti göstərir. İİİ dərəcəli əlilliyi var. Özünü təqsirli bilmir. Bundan əvvəl sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyi üçün inzibati qaydada həbs edilmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Şahid Qax Rayon Yol Patrul xidməti inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax Rayon Yol Patrul xidməti inspektoru, polis baş serjantı X3 ilə birlikdə yol patrul xidmətində olmuşdur. Gecə saat təxminən 12 radələrində Şəxs Qax şəhəri ərazisində VAZ 21061 minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmədiyi üçün onlar tərəfindən saxlanılmışdır. Sənədlərinə baxış keçirilən zaman Şəxs spirtli içki qoxusu gəldiyindən onun alkotester vasitəsi ilə sərxuşluq vəziyyəti yoxlanılmış və nəticədə alkoqolun konsentrasiyasının 1.975 promil olması və onun il ərzində təkrarən sürücülük hüququ olmadan sərxoş vəziyyətə avtomobil idarə etməsi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs mütəmadi olaraq spirtli içki qəbul edir. Əvvəllər də inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan alkotester qəbzindən görünür ki, VAZ 21061 minik markalı **-KS- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:00-da alkoqolun miqdarı 1.975 % promil olmuşdur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il Qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30-da sərxoş vəziyyətdə VAZ 21061 minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. İşin bu halı iş materialları və şahid ifadəsi ilə də təsdiqin tapır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməməsi, həmçinin sərxoşluq vəziyyətinin müayinə edilməməsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəyə hüquqi qiymət verməyi zəruri hesab edir və onun təqsirini könüllü şəkildə etiraf etməməsini məsuliyyətdən yaxa qurtarmaq, inzibati məsuliyyətə təkrar cəlb edilməmək məqsədi ilə əlaqələndirir. Belə ki; Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(024)-95/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal aşkar edilməmişdir. Həmin məcəllənin 33.1.2-ci və 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallardır. Həmin məcəllənin 33.3-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də, məhkəmə qeyd edilən hər iki halı da məsuliyyəti ağırlaşdıran hal kimi təkrar nəzərə almır. Ədalətlilik prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilən əvvəlki inzibati tənbeh onun islah olunması üçün yetərli olmamış, nəticədə şəxs tərəfindən il ərzində təkrar eyni xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından barəsində inzibati həbs növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada həbs edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh növü tətbiq edilsin. Şəxs məhkəmə zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı tarixdən yəni xx.xx.2024cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar