Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-159/2024 16.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə. xx.xx.1992-ci ildə Qax rayonu, Şotavar kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Şotavar kəndində qeydiyyatda olmaqla yaşayan, eyni inzibati xətaya, görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, X4 kanvoy müşahidəçisi vəzifəsində işləyən Şəxs FİN: xxxxxxx Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Qax RPŞ-nin Yol Patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qax rayon məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:23-də “VAZ” 2106 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi, həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi aşkar olunmuşdur. Ona görə də Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ” 2106 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman manevr etmə qaydalarını pozduğu üçün onun tərəfindən saxlanılmışdır. Bu zaman ondan spritli içki qoxusu gəldiyindən o alkotester vasitəsi ilə yoxlanılmış, onun həmin vaxt sərxoş olduğu müəyyən edilmiş, lakin Şəxs alkotesterin nəticəsinə etiraz etdiyinə görə onu Oğuz rayonunda olan narkoloq-həkimə aparmış və narkoloq-həkimin verdiyi rəyə əsasən onun həqiqətəndə sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq yol polisi əməkdaşları tərəfindən və Oğuz RMX-da aparılan müayinənin nəticəsi ilə razılaşmadığına görə xx.xx.2024-cü il tarixdə saat 10:14-də Şəki RMX-da yenidən alkotesterlə müayinə olunduğunu və müayinə nəticəsində 0.000 promil spirt aşkar olunduğunu qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə o günorta saatlarında bir bakal pivə içmişdir. Axşam saatlarında o evə gələn zaman yol kənarında dayanmış avtomobilinə yaxınlaşarkən ona yol patrul xidməti əməkdaşları yaxınlaşmışdır. Ondan sərxoş vəziyyətdə olmasını soruşmuş, daha sonra onun alkotester vasitəsi ilə sərxoşluğunu yoxlamışlar. O, polis əməkdaşlarına alkotesterin başlığını dəyişdirmələrini bildirmiş, lakin polis əməkdaşları ona məhəl qoymamışlar. Daha sonra o, alkotesterin nəticəsi ilə razı olmadığını bildirdiyi üçün onu polis əməkdaşları Oğuz rayonunda olan həkim-narkoloqa aparmışlar. Həkim-narkoloq onun qanından analiz almadan alkotester vasitəsi ilə sərxoşluğunu yoxlamış və onun həmin vaxt sərxoş vəziyyətdə olması nəticəsinə gəlmişdir. O tərtib edilmiş protokolla və alkotester nəticəsi ilə razı deyil. Ona görədə barəsində olan inzibati xəta haqqında protokolla başlanmış işin icraatına xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadə verərək göstərdi ki, Şəxs sinif yoldaşıdır. xx.xx.2024cü il tarixdə, axşam saatlarında o, Şəxs zəng edərək görüşmək istədiyini bildirmiş, onlar Qax rayonu Şotavar kəndində yol kənarında görüşmüşlər. Görüşdükləri yerdə Şəxs avtomobili olmuşdur. Şəxs həmin yerə başqa bir avtomobil ilə gəlmiş, lakin o, həmin avtomobili görməmiş, öz avtomobilini isə Şəxs idarə etməmişdir. Bu zaman Şəxs yol patrul əməkdaşları yaxınlaşmış və onu və avtomobilini polis şöbəsinə aparmışlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, özünün spirtli içki qəbul etməsi barədə qismən etiraf edici izahatı, CD diskdə olan videogörüntü və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:17-də alkoqolun miqdarı 0.3 % (promil) olmuşdur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini işdə onun məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs spirtli içki qəbul etməsi işin mbahisə edilməyən halıdır. Belə ki, o, məhkəmə iclasında verdiyi izahatda xx.xx.2024-cü il tarixdə günorta saatlarında spirtli içki qəbul etdiyini bildirmiş, lakin, avtomobili spirtli içkinin təsiri altında qəbul etmədiyini iddia etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iddiasını inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. İnzibati xəta haqqında protokola məhkəmə iclasında baxılarkən Qax RPŞ-nin əməkdaşları tərəfindən inzibati xəta haqqında materiala əlavə edilmiş diskə baxış keçirilmiş, Şəxs hamin görüntülərdə avtomobili idarə etməməsi barədə polis əməkdaşlarına heç bir irad bildirməmiş, sadəcə polis əməkdaşları ilə razılığa gəlməyə cəhdlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 53.0.2, 84, 106, 109, 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-159/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-159/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver